Yazar: Cavanşir @ İyul 3, 2009 14:31
İnsan heç olmasa özü-özünə yalan deməməlidir...
Bu gün hər bir sevincin içində dəhşətli bir faciə, çıxılmazlıq yaşanır...
Bu gün ədəbi tənqid ədəbi prosesi bütün spektrləri ilə, konseptual tutarda görsədə bilirmi?
Bu gün ədəbi tənqid təbii olaraq ədəbi prosesi bütün spektrləri ilə, konseptual tutarda göstərə bilmir. Çünki ədəbi prosesin özü yayğındır, zahirən görünən əlamətlər mahiyyət səciyyəli deyil, bundan da başqa, ədəbi tənqid müəyyən mənada ədəbi proses üzərindəki müfəttiş funksiyasını itirib, yeni keyfiyyətlər qazanıb, indi o, baş verən hadisələrin içində ədəbi-fəlsəfi qanunauyğunluqlar axtarmağa çalışır, ədəbi tənqid iki yol ayrıcına gəlib çıxıb: o, ya total eyniləşdirmə yolunu tutmalı, ya da ədəbi prosesi elə təhlil etməlidir ki, təbii canlanma, fikir ayrılıqları, sağlam ədəbi döyüşlərə gətirib çıxarası, yaxud belə deyək, bu gün Azərbaycan ədəbiyyatında baş verən prosesləri, siz dediyiniz kimi, “tutumu” etibarı ilə dünyaya inteqrasiya edə bilən bir ortam yaransın. Bu mənada baxanda, indi bizim ədəbi prosesimizdə az qala “hamı tənqidçidir”, vəziyyət elə gətirib ki, bu köklü, saysız-hesabsız, amma həm də təmkin tələb edən problemlərin çözülməsi ilə ən az məşğul olan deyəsən elə tənqidçilərdir.
Yazar: Cavanşir @ İyul 3, 2009 14:06
İnsan nəyə yanır? Sevdiyinə, dərdlərinə, vətəninəmi? Ya da hamısına birdənmi yanır? İçində eşq olmayan bir insan, eşqin mənasını anlamayan adam nəyə yana bilər ki? Yanmaq, kül olmaq, külü ilə eşqin tozuna qarışmaq, orada yenidən var olmaq ancaq dəli-divanə aşiqlərin işi ola bilər.
Sevgiyə yanmaq şifahi xalq ədəbiyyatında Kərəmlə bütünləşib. Onun ağzından çıxan eşq min illərdir xalqımızın sevda dolu ürəyində yaşayır və yaşayacaq. Buna əminəm. Çünki bu xalq qədər eşqə, ayrılığa göz yaşları tökən, mahnılar, bayatılar söyləyən ikinci bir xalq yoxdur!
Təbii ki, eşq üçün bir damla göz yaşı tökənlər belə mənim könlümün ən yuxarı başında yeri olan insanlardır. Eşqin insanı təmizlədiyinə, yenidən var etdiyinə inandığım üçün aşiq olanda adamdan əsla qorxmaram, çəkinmərəm, şübhələnmərəm. Amma məni həyatımda ən çox vətəninə yananlar, millətinə aşiq olanlar və onların Kərəmin "ah"ına dönən ahları təsirləndirib.
Türk şeirinin böyük ustadlarından olan Nazim Hikmət də ən gözəl şeirlərindən birində "Mən yanmasam, sən yanmasan, biz yanmasaq, necə çıxar qaranlıqlar aydınlığa" deyərək ürəyimdəki yanğını usta bir şəkildə ortaya qoymuşdu.
Yazar: Cavanşir @ İyun 26, 2009 15:54
- Qızlar, deyəsən, bizi başqa yerə aparırlar axı… - Verka ağ kirpiklərini döyərək əsəbi təbəssümlə dedi.
Qızlar bir-birlərinə baxdılar. Bu qızın da yaman zarafatları var ha… Ancaq bu dəfə, deyəsən, zarafat eləmirdi. Bir neçə dəqiqəliyə onlardan ayrılıb qayadan tökülən çaydan su içməyə gedən əyriqıç, saqqalı hənalı konvoy da bu gün ağır-ağır danışırdı, elə bil sözləri dilindən kəlbətinlə çıxarırdılar, nədənsə bu gün tez-tez təkrar edirdi ki, onları həkimə aparırlar. «Həkim çox, lap çox təcrübəlidir, - konvoy diliynən inandırmaq istəyirdi ki, bu adam əvvəllər rayon poliklinikasında ginekoloq işləyib, - üzünə baxıb xəstəliyini desin. Az qala xəstəliyi qoxusundan tanıyır… Ha-ha-ha!» - konvoy özü öz zarafatından ləzzət alırmış kimi güldü.
Hərdənbir yolda onlarla rastlaşan silahlı adamlar hökmən konvoya bir-iki söz deyib ötür, o isə öz növbəsində öz dilində nəsə mızıldanırdı, hər dəfə qızlar «cələb» sözünü eşidirdilər, bu sözdən sonra onların rastına çıxan adamlar qəh-qəhə çəkib qızlardan birini, daha çox isə sarışın Verkanın qolundan yapışıb kolun dibinə çəkirdilər. Qızlardan o zaman əl çəkərdilər ki, bu tez-tələsik oyun əsgəri vüsala yetirsin. Artıq dörd belə «dayanacaq» qeydə alınmışdı.
- Lap boğaza yığılmışam! - Verka donquldandı. - Heç olmasa Allahın altında süzənəyə tutulaydım, bəlkə, bunun bir xeyri olardı, bizdə kişi yoxdu ki…
Olqa 4 ay idi ki, bu cür yaşayırdı. Pedinstitutu bitirdikdən sonra güc-bəla ilə özünə kazak kəndlərinin birində müəllim yeri tapdı və orada az qala bir il işlədi. Dörd ay qabaq isə kəndə hücum edib bir neçə adamı aparmışdılar. Sonra… kimi isə öldürdülər, kimi isə pul alıb buraxdılar, digərlərini isə Olqa kimi Salambəyin dəstəsinə göndərdilər.
Hələ də haqqında əfsanələr gəzən, adamın canına üşütmə salan Salambəyin hüzuruna gətirildiyi o yağışlı yaz gününü yaxşı xatırlayır. Salambəy iyirmi beş yaşlı arıq bir oğlan olsa da, qırpmaz baxışları polad ülgüc kimi adamı kəsirdi. Ülgüclə daz qırxılmış başı yaşıl dəsmalla Qurandakı hörmə ərəb yazısı üslubunda örtülmüşdü; bu kamufulyajın altında sıx Assuriya saqqalı görsənirdi. O, yağış keçirməyən ayrıca neylon çadırda qalırdı. Görünür, elə indicə başını qırxıb getmişdilər, çadırda odekolon iyi adamı vururdu. Olqanı yanında otuzdurub piyalələrə qırmızı çaxır süzdü.
- Doğrudan qızsan?
Sualın birbaşalığı və qabalığı Olqanı utandırdı, ancaq tezcə yadına saldı ki, belə yerdə abır-həyanı nəzərə almadan elə birbaşa cavab vermək lazımdır. Elə buna görə də başını aşağı saldı. Gözlərini yerə dikmiş halda cavab verdi ki, türmədə yatan nişanlısının yolunu gözləyir, hələ bir sinəsindən asılan medalyonu da göstərdi: bu, üstündə Leninin əksi olan metal yubiley manatının parasıydı. Pulu iki yerə onun Abukarı hələ beş il bundan əvvəl məhkəməyə getməzdən qabaq bölmüşdü, - onda da bu cür yağışlı bir gün idi. O zaman manatın tən yarısını Olqaya uzadıb demişdi: Gözlə! O vaxtdan gözləyir.
- Cəzasını burda, yoxsa Rusiyada çəkir?
- Burda.

Yazar: Cavanşir @ İyun 20, 2009 14:24
İsa İsmayılzadənəin dünyaya gəlişinin məqsədi ədəbiyyat uğrunda nəsə eləmək, çalışıb söz demək, can qoymaq və şübhəsiz ki, məğlub olub geri qayıtmaqdı. Nəyə görə? Bunu kimsə bilirmi?
İsa İsmayılzadə ömrü boyu təzə, heç kəsin eşitmədiyi, ləzzətini duymadığı, gülünü dərmədiyi… söz axtarırdı. Bəzən adama elə gəlirdi ki, bu adam özündən ixtiyarsız ondan min verstlikdə durub xısın-xısın danışan adamların da söhbətinə qulaq kəsilir. Təzə söz nəyin bahasına olursa-olsun gəlməliydi. Üzünü birinci ona göstərməliydi. Hər halda İsa İsmayılzadə buna dərindən inanırdı. Başqa cür ola da bilməzdi. Söz uğrunda ölmək lazım idisə bunu da eləmişdi. Təzə, heç kəsin eşitmədiyi, gülünü dərmədiyi … söz dünyadan köçdüyü gün gəlmişdi. İndi bu söz də onu gözləyir.
… Güllələr demədi geri qayıdın…
Yazar: Cavanşir @ İyun 19, 2009 16:36
Hərdən nəfəsimdə ölmüş bir adamın xırıltısını hiss edirəm.
Həmin anda bir anlığa dayanıb hər şeyi yerli-dibli anlamaq, yada salmaq istəyirəm.
Olmur. Çünki ölmüş bir adamın nəfəsi, hiss edilsə də, kökü başqa yerdədi, burda hansısa nüfuzetmədən, hansısa “səsləşmədən” söhbət gedə bilər.
Günəş doğub, ancaq hamı üşüyür, tir-tir əsir.
Ay çıxıb, qaranlıqdan göz-gözü görmür.
Bu bənzətmələri bir az da uzatsam, kimsə çıxacaq ortaya, dünyanın üzünü çalın-çarpaz kəsən obrazlarıyla.
Ona görə də yazıya nöqtə qoyulur.
Ancaq nə qədər çalışsam da, qoyulan nöqtə görünmür.
Ancaq bilirəm ki, davamı olmayacaq.
Yazar: Cavanşir @ İyun 18, 2009 18:20
Uşaqlıq dostlarım üçün
Elə bil yazıb-yazıb sətrin sonuna çatırsan və sətridən-sətrə keçməyə imkan qalmır, sözün qırılır, tanrının dilində hecalanırsan...Ya dəftər qurtarır, ya kitabın bağlanır, dəhşətli şappıltı səsi gəlir, toz qalxır, tüstü burumları oturduğun yerdən fələklərə yüksəlir, hər şey var, təkcə sən yoxsan. Tüstünü, dumanı, tozu-torpağı aldadıb, bəlkə onların içindən keçib səni tanıyanların olmadığı yerə getmisən.
Bura rahatdı, çox rahatdı, bu aləmdə, virtual məkanda hamı tam şəkildə, tam formada görünür (yəni, əvvəlki yerdə olduğu kimi daha əvvəlcə başı, ayaqları, ya da sağ, yaxud sol çiyni görsənmir) və belə olduğu üçündür ki, insanlar danışmağa, xüsusən də başqalarının başına ağıl qoymağa meylli deyillər. Bu aləmdə gözəl, insanın ürəyini yandıran yazılar, şeirlər var, ancaq bu şeirlər yazı formasında deyil, hər kəs ürəyinin tuşuyla hara getdiyini çox gözəl bilir, ən gözəl şeylər (yəni həm də ən adi nəsnələr) birdən yada düşür, küçədən keçən uşağın təbəssümünü evdə pərdəni aralayıb gördüyün zaman, ya da həyatda ölüb kiminsə yuxusunda diriləndə...
Hərdən keçib gəldiyin yerlər görünür, kimsə kiminsə yaxasından yapışıb nəyisə sübut eləmək istəyir, kimsə yuxarıdan aşağıya bloq deyilən sonu olmayan kağız parçası üzərində şeirlərini düzür, sonra çox ağıllı adamlar qapını döyüb içəri girir, bir az gaplaşandan sonra sağollaşmadan çıxıb gedirlər.
Heç kəsin izi-tozu qalmır.
Ancaq qalır...
Toz qalır...
Ancaq bu adamlar sabah yenə gəlirlər.
Qapını döymədən içəri girir və toz-dumana qarışıb itirlər.
Kimsə lap uzaqda gülümsəyən uşağın təbəssümündə əriyir...
Yazar: Cavanşir @ İyun 18, 2009 14:34
Gərək günəş dağları aşıb sönməyəydi,
Gərək mənim dönmüş taleyim dönməyəydi,
Gərək mənim istədiyimi gidi fələk,
Açılmadan qara torpağa gömməyəydi.
Göydəki aya deyin, dərdimi bu yarə yetirsin,
Ürəyim dərdə düşüb, yar mənə bir çarə yetirsin.
Ürəyim dərdə düşüb, yar mənə bir çarə yetirsin.

Yazar: Cavanşir @ İyun 10, 2009 17:58
SOVRULMUŞ BAĞ
Yay, hardasa Akvitaniyada bir bağ. Avqust gününün qızmar istisi. Meh həsrəti, yarpaqlar qımıldanmır. Gün işığı belə pomidorların üstündə quruyub qalıb: qırmızı məhsulların hər birinin üstündə parıltılı ləkə donub, tərpənmir. Son yağışdan onların çöhrəsində torpaq dənələri quruyub. İstəyirsən beləcə götürüb suya çəkəsən, dişinə çəkib ipisti zərifliyindən dadasan. Bax. Bu yerində dayınıban fırlanan saat ən münasib vaxtdı – rənglərin tez-tez dəyişməsinə tamaşa etmək üçün. Hələ gömgöy pomidorlar da var, bitkidən çox qələməyə bənzəyir. Qonura çalan turşməzə pomidorlar da var. Beləsini gövdəsi ilə bərabər qıra bilməzsən. Yalnız yetişmişlər tamahlandırıcı ağırlıqla sallanır.

Yazar: Cavanşir @ İyun 9, 2009 13:27
Min doqquz yüz doxsan doqquzuncu ilin on dörd dekabrında, günün ikinci yarısı başa düşdüm ki, Yeni ili şən əhvalda qarşılamaq mənə nəsib olmayacaq, - həmişə olduğu kimi. Sağa, Feliks For prospektinə tərəf döndüm və yolun üstündə ilk rastıma çıxan turist agentliyinə daxil oldum. Agentlikdə qızın başı müştəriyə qarışmışdı. Qarabuğdayı idi, açıq rəngli bluzka geyinmişdi, sol burun deşiyinə persinq taxılmışdı; saçlarına xına yaxmışdı. Özümü tam sərbəst apararaq stolların üstünə yığılan reklam bukletlərini vərəqlədim.
- Sizə kömək edə bilərəmmi? - bir dəqiqə keçməmişdi ki, bu sözlər qulaqlarıma dəydi.
Yox, o, mənə kömək edə bilməzdi; heç kim heç nə edə bilməzdi. Evə qayıtmaq, divanın üstünə yayxanmaqdan başqa gözümə heç nə görünmürdü, divana sərilib klub otellərinin kataloqlarını vərəqlə; ancaq qız söhbəti elə başladı ki, dönüb getmək olmazdı.
- Yanvar ayında harasa getmək istərdim... - bu sözləri fikrimcə şirin təbəssümlə dedim.
- Gündə yanmaq istəyirsiniz? - Qız tam sürətlə hücuma keçdi.
- İmkanlarım məhduddu, - ciddiləşdim bir az.

Yazar: Cavanşir @ İyun 6, 2009 10:52
Çox qədimlərdə Konya şəhərində bir adam gecə yuxu görür.
Yuxu haqdır, - deyirlər. Yetər ki saf niyyətlə və xeyrə yozulsun.
Konyadakı adam yuxusunda Bağdadı gəzib-dolaşır.
Bağdadın zəngin bir malikanəsinin arxa bağçasını qazan adam röyasında bir küp dolusu qızıl tapır.
Adam işıl-işıl qızıl parıltıları içində gözləri qamaşaraq yuxudan oyanır.
Və o anda qərar verir: Bağdadda gedib yuxuda gördüyü malikanənin arxa bağçasını qazacaq.
O zamanlar Anadolu Səlcuqlu Dövlətinin paytaxtı idi Konya.
Bəsrədən, Bağdaddan gələn karvanlar Konyadakı karvansaralarda müsafir olardılar.
Röya görən adam heç vaxt itirmədən Bağdada yola düşəcək bir karvana yazılır.
Bir sabah karvan bütün ehtişamıyla Konyadan yola düşür.
Adamın karvan yolu boyunca gördüyü gözəllikləri, yaşayış məskənləri, çölləri, vahələri özünə saxlayaq, nə qədər baxır, baxsın…


İndi blogda: 8
Keçən ayın hiti: 9359
Dünənki hit: 417
Bugünki hit: 227
Ümumi hit: 87899