İCTMAİ ƏSAYİŞİ POZANLAR. Oğlum Azərə
Yazar: Cavanşir @ May 8, 2008 16:37
M.F.Axundovun «...Kimyagər» komediyasında belə bir məqam var.
Hacı Nuru şair (bimövqe cibindən bir kağız çıxarır). Həzərat, bir yaxşı əhvalat, yəni, avar ləzgisi altmış il bundan əqdəm Xanbutayın sərkərdəliyilə Nuxunu gəlib çapdığını nəzm etmişəm. Hələ bir qulaq asın, onu bir oxuyum, görün bu keyfiyyəti necə bəlağət və fəsahətlə bəyan etmişəm.

Ağa Zaman həkim. Eh, Hacı Nuru, bu məclis nə şeir məclisidir! Ağzımızda söz danışırıq...
Bu fraqmentdən aydın görünür ki, Hacı Nuru öz «taktiki gedişini» qurarkən mövcud münasibətləri, zamanın sosial portretini və bu qəbildən olan növbənöv məsələləri düzgün hesablamayıb və o, bütün bu «əməliyyatı» zaman-zaman ürəyində, beynində böyüdə-böyüdə gəzdirdiyi bir naqis cizgini üzə çıxarmaq üçün aparıb. Burada böyük bir enerji potensialı əslində havaya atılan gülləyə bənzəyir və bu da o saat çox səciyyəvi bir analogiya doğurur: ictimai əsayişi pozmaq... Belə bir «pozucu» işlə məşğul olan adam isə hökmən o dairədən qəti kənarlaşdırılmalıdır.
Hacı Nurunun aqibəti maarifçi təfəkkürün məntiqinə əsaslanır, desək səhv etmərik.Demək, Hacı Nurunun yaxın keçmişə «səyahəti» başlamamış bitir. Bütün bu dediklərimiz Hacı Nurunun bir ədəbi qəhrəman kimi bədii strukturunun tam açılmasına kömək etmir. Haradan idi Hacı Nurudakı bu qadaqdan gəlmişlik, özünə arxayınmış kimi, sözünə hələ bir yaxın keçmişə ekskursla-səyahətlə başlamaq? Bunun müəyyən izlərini, özü də dünyagörüşü səviyyəsində müəyyən sümükləmiş izlərini həm Axundovun, həm də Zərdabinin məktublarında görmək mümkündür. O mənzərəni bir az da əyaniləşdirmək üçün Zərdabinin başqa bir səciyyəvi qeydinə də müraciət etmək olar: «...Ey millət təəssübü çəkən qardaşlar! Doğrudur, qeyri-millətlər kamalınızı görüb sizə artıq rütbə verəcəklər, amma insaf deyil ki, beş günlük ömrün ləzzətindən milləti, qardaşlarınızı atıb onları kor və sərkərdan qoyasınız. Dünyanın ləzzətinə tamah etməyin, öz qardaşlarınıza xeyir verin. Qoy şairciklər sizə həcv yazsınlar, mollalar lənət oxusunlar, avamlar sizi daşa bassınlar. Anlayın ki, siz millət üçün zəhmət çəkirsiniz...» Qoy şairciklər sizə həcv yazsınlar... Bu söz ağrıyla, acıyla, yüksək pafosla deyilsə də, o dövrdə onlara qulaq kəsilən tapılmazdı. Belə bir qabarıq kontrast nədən yaranmışdı? Kontrastın özü yox, onun anormallığı, «kontrast» anlayışını vurub keçməsi, fövqəladə parlaqlığı... bütün bunlar hansı bədii təfəkkür gücünə peyda olmuşdu?Bu problemin ən ümumi, başlıca tipoloji parametrlərini elə ağıl əsrinin özünün fəlsəfi düşüncə düzümündə, dünyanı dərk yolunda axtarmaq lazım idi.
Yadımıza salaq ki, Avropa maarifçi estetik-fəlsəfi fikrində və ədəbiyyatında da oxşar məqamla rastlaşırıq. XVIII əsr Avropasında ağlın, mücərrəd təfəkkürün görünməmiş cəsarətlə «hər şeyi ayaqdar altına atmasının» bircə motivi mövcud idi: o, özü haqqında illüziya yaratmışdı. Kapitalist münasibətləri şəbəkəsini hörməkdə olan burjua cəmiyyətinin aynasından əks olunan ağıl mifi o dövrdə qələmə alınan əsərlərin mövzu və süjetindən tutmuş ən adi kompozisiya elementlərinə qədər hər şeyə sirayət etmişdi. XVII əsrlə XVIII əsrin, başqa sözlə, klassisizm mədəniyyət tipi ilə maarifçi mədəniyyətin ilkin köklü fərqi də buradan doğurdu. Ağıl illüziyasının yaratdığı normalar maarifçi estetikada butöv bir sistem şəklində çıxış edirdi. Maarifçilik anlayışı və onu ifadə edən termin XVIII əsr maarifçilərinin mühitində onların öz səciyyəsi kimi yaranmışdı. Ona görə də, maarifçilik deyəndə həm XVIII əsr filosofları içində yaradılan mədəni mifi, həm də mədəniyyət tarixi modelini qurmaq istəyən müasir tədqiqatçının işlətdiyi elmi dil anlayışını nəzərdə tutmaq lazımdır. Bu mənada, yuxarıdakı mətləbləri əhatə eləyən məlum problemə də aydınlıq gətirə bilmək mənasında maarifçi dünyagörüşündə və bədii təfəkkürünün strukturunda mövcud olan səciyyəvi oppozisiyaları xatırlamaq yerinə düşər: Təbiət – Xurafat; Təbiət – Ənənə; Təbiət – Tarix və s. Lotmanın qeyd etdiyi kimi, bu oppozisiyalar düzümündə insanın bütün xeyirxahlıq potensiyası Təbiətlə, Şər əməlləri isə Xurafatla bağlanırdı. Jan-Jak Russoya görə, indiyədək qərarlaşmış bütün tarixi normalar «olsa-olsa qədim dövrlərdə baş verən cinayətlərin tarixini təcəssüm etdirir, insanlar çox hədər yerə özlərinə zəhmət verib onları təfərrüatıyla öyrənmək istəyirlər». Volterdə isə bunun tam əksini müşahidə edirik; onun tarixi optimizmi, tərəqqiyə inamı, tərəqqi və sivilizasiya anlayışı ilə bağlı bütün hadisələri ənənə ilə bağlamaq halını da istisna etmir. Demək, «ağlın ideal tarixi ənənəyə qarşı qoyulur».
Maarifçi yazıçının bədii təfəkküründə mövcud olan, hər sənətkarda spesifik şəkildə ifadə olunan bu oppozisiya düzümünü bilmədən onun yaratdığı ədəbi qəhrəmanın genezisi, poetik strukturu barədə də söz açmaq mümkün deyil. Belə bir kəskin cəbhələşmə stixiyası Axundovun bədii təfəkküründən qəhrəmanına miras qalmışdı. Ancaq bu prosesin özünü də mexaniki şəkildə, sadəcə üzdən oxşarlıq kimi almaq lazım deyildir. Hər bir ədəbi qəhrəman kimi Hacı Nuru da müəyyən təkamül mərhələsindən keçmiş, müəllifin bədii dünyagörüşünə «damla-damla» yığılaraq tamamlanmış, bu yığılan elementlər arasında müəyyən münasibətlər sistemi yaranmış və bu strukturun sümükləşməsi tarixini bilavasitə onun özünün daxili təcrübəsi ilə müəyyənləşdirmək lazımdır. Müəllif Hacı Nurunu oxuculara müəyyən daxili təcrübənin məhz yekunu kimi təqdim etdiyindən o, hazır qəhrəman tipinə uyğun gəlir. Hacı Nuru kitab səhifələrinə elə bil moizə oxumaq üçün gəlir və heç kəsin tikanlı sözlərinə, təhqir və atmacalarına fikir vermədən... kitab-dəftərini bağlayıb çıxıb gedir. O, olsun ki, qapını da çırpıb otağı tərk edir (bunun üçün onun «icazəsi» var idi –!). Ancaq içəridə sonuncu kəlməsi qalır: doğru söz acı olar. Ancaq bu söz də bu kəsif atmosferdə bir az dolaşdıqdan sonra «boğulub» öləziyir, sadəlövh ağıl mifinin aqibətini sonuclayır.Hacı Nuru ən kəskin sözünü deyib gedir (bir daha geri qayıtmır), ondan sonra kimyagərlərin əsatiri başlayır.Kim nəyə layiqdirsə, onu da alır...



