ZAMANI ÖTƏN ŞEİRLƏR SORAĞINDA. Aydın Məmmədovun xatirəsinə. II Hissə
Yazar: Cavanşir @ May 21, 2008 15:26
Şeir yazmaq, təbiri caizsə, bir dəfə yaradılan Dünyanı söküb, dağıdıb… öz fəhmi və gücüylə, nəfəsiylə təzədən yaratmaqdır. Allahın, Tanrının yaratdığını təkrar etmək mümkün olmadığı kimi yazmaq işi də üzü sonsuzluğa gedir, canına-qanına bəlkə də dünyanın bütün enerjisini toplayıb nəyəsə işarə edə biləsən!.. Və yazmağın, bədii mətn yaratmağın bütün dəhşəti və faciəsi də burasındadır!..Bu misralar dünyanın havası, ovqatı içində dolaşan pıçıltılardı, yəqin ki, güllər, çiçəklər də tumurcuqlayanda o pıçıltılara bənzər «səs» çıxardır, əvvəl-əvvəl elə təəssürat yaranır ki, Əhməd Oğuzun üzü şər qarışana tutub dedikləri sənə çatmır, əl-əlbət şairin təklik içində oturub dediklərinin hələ heç bir düzümü yoxdu, be şeirlərdə bəndlər, bir-biriylə qafiyələnən misralar, insana küy şəklində çatan musiqi yoxdu, nədisə yaranışdan o yanadı, saza qədər gələn yoldu…

Həm də ən dəhşətlisi odu ki, insanın üzdə olan ömür-günləri, ayları, illəri… qatmaqarışıq yuxulardan hörülür, üst-üstə qalanan bu layların altından başını qaldırıb göyün üzünə baxmaq. Göy üzünü oxumaq… Allahla dərdləşmək olmur! Əhməd şeirlərinin birində deyir: Anam, göz torudu bu dünya. Nə gördü, gördü gözlərin… Bu sözlərin, onların içində yuvalanan «məna savaşını» incələyəndə şeir yazmağın dəhşətli bir şey olduğunu anlayırsan. Anlayırsan ki, yazmaq – dünyanın hamıya məlum olan mənasını sual altına qoymaqdır, onun hər dürlü mənası ilə oynamaqdır… Əhməd başa düşür ki, o mənanı hər dəfə ötüb keçəndə şairin bəsirət gözü min illər boyu yaşlaşır.Yazmaq – özünü dara çəkmək, özünə özünü öldürərək qalib gəlməkdi. Bu dünyada sözün, mənanın əlində «boğazlanmaq» labüddür, məhkum olduğun şeydən qaça bilməmək kimi. Şeirin mətnində dünyalar, dünyanın içindən çölünə, çölündən içinə doğru uzanan strukturlar qarışır bir-birinə.
Gəl indi gözlə bir anı,Daş kimi səbrinlə gözlə.Yox deyirlər səbrin sonu,Lap elə qəbrində gözlə.Vaxt qızıldı deyən də var,Bilmirəm, tacir deyiləm.Mənə mən deyən anı ver,Mən deyən anı! – qailəm!Bu oyun, bu oynamaq… söz oyunu deyil, sözlə əlləşmək deyil, nədirsə qorxulu bir şeydi. Bu şeirlərdə insanın ətindən, qanından, ruhundan, sümüyündən sızıldaya-sızıldaya keçən nəsə var. Elə bir şey ki, onu heç kəs kəsdirə bilmir və mənə elə gəlir şeirin gözəlliyi də elə bundadır. Ürəyə, gözə, gözünə alıb getdiyin o mənaya… çatmayan o nəsə səni dəli eləyir. Ancaq bir şeyi də anlayırsan ki, hamı eyni deyil, kimsə bütün ruhuyla insandır, o qədər yanıb qarsalanıb ki, bax, Tanrının dərgahına uçmağa indi-indi qanadları çıxacaq…Akif Səmədin şeirlərində Dünya və İnsanla əbədi qeylü-qal var. Bir də Təbiət. Gözəllik etalonu və sərgisi kimi yox. Musa Yaqub Təbiətin sirrini, sehrini, əzəli paklığını «kəşf» edir ki, amandır, bu tənasüb pozulsa, dünya da dağılar. Bu şeirlərdə Şeirin fəlsəfəsi ilə Təbiətin fəlsəfəsi arasında çox incə bir pərdə var. Musa Yaqubun şeirləri kosmoqonik mifləri xatırladır: əvvəllər Yerlə Göy bir idi. İnsan qan tökdü, bunu görən Tanrı onları bir-birindən ayırdı… Akif Səməddə Təbiət belə bir anlamda götürülmür, götürülə də bilməz, çünki onun poetik təfəkküründə belə bir hala əsla ümid yoxdu! Bəs nə var?
Ağac yaxın, daş doğmadı Adəmdən Akif Səmədə.Akifin dünyaya dünyanın mahiyyəti barədə verdiyi suallar həmişə açıq qalır; onları cavablamaq, konkret bir təzahür formasına biçimləmək qeyri-mümkündür, çünki onun anlamında şeir sonsuzluğa açılan sonsuzluqdur (P.Bart). Bu şeirlərlə, dualarla, Tanrıya, İnsana xitablarla o, əvvəlcədən heç nəyə çatmayacağını bilir, bildiyi üçün də şeirlərin çoxusunun adı tapılmır, ad tapılanda da bütöv şeir mətni adı «öldürür», Akif Səməd bütün ömrü boyu yazacağı mətləbi ayrı-ayrı diskret parçalara bölmür, bölə bilmir. Ona görə də onun bir şair kimi manifesti beləcə formalaşır: «Bir ananın balası şairlər bir kitabın ayrı-ayrı səhifələrini yazırlar».Mövcudluğun doğurduğu metafizik qatlar (yəni suallar) Akif Səmədin şeirində ənənəvi poetik düsturlar doğurmur, bu poeziyada «…Birdə bu dünyaya gələ bilsəydim…» ovqatını ifadə eləmək qeyri-mümkündür.
Şahı yekəxana, qulu heyvərə,Təzədən dünyada nə ölümüm var.Bir gəldim nə gördüm, bir də nə verə,Təzədən dünyada nə ölümüm var.Akif Səmədin yazdığı şeir özü ilə bərabər belə bir həqiqəti açıqlayır: şeirdə sözün özü elə məna qəfəsidi. Son dəfə üsyan eləmək üçün dünyaya gələn insanın ürəyində çalxanan duyğuları çərçivəyə salıb vermək mümkün deyil. Məhz bu amildən bu şeirlər konkret sonğulu, «möhür» bəndi olmayan şeirlərdir, kompozisiya quruluşundakı bu keyfiyyət hər dəfə şeir sona yetəndə bədii mətləbi mətndən kənara adladır, üzü sonsuzluğa. Şəxsən məndə belə bir ümid var ki, hələlik bu şeirlərin müəllifi Akif Səməddirsə, gün gələcək, məhz bu şeirlər ondan müəlliflik statusunu alacaq, Akif Səmədi təzədən yaradacaqlar. Yarada biləcəklərmi?! Gələcəyin bu sualına bu günün konkret axtarışları cavab verməlidir. Bu günün axtarışları içərisində isə razı salmayan cəhətlər də mövcuddur. Uğurlu şeirlərlə bərabər bir-birinin havasına yaranan, eyni qəlibdən çıxan, təkrar şeirlər, təkrar ovqat, bir mətləbin bir neçə varianta montajı və s. diqqəti çəkir. Hərdən adama elə gəlir ki, bax, bu on şeirin yerinə bu bircəsi yazılsaydı daha gözəl olardı. Bunun isə bircə səbəbi mövcuddur: yazdıqlarına baxmadan getmək və ən əsası özünü inkar məqamının olmaması. Burada belə bir ədəbi fakta diqqəti cəlb eləmək yerinə düşərdi: Fransız şairi Artur Rembo (1854-1891) cəmi 37 il yaşayıb, bunun da 19 ilini bədii yaradıcılığa sərf edib. On doqquz yaşında ikən ən böyük əsərini yaradıb. Ancaq bu qısa zaman çərəyində Artur Rembo yaradıcılığı 4 mərhələdən keçib; Artur Rembonun özünə qarşı bu dəhşətli aqressivliyi dahiyanə əsərlərin yaranmasına səbəb olub. Və bu fakt bu gün şeirdə allahlıq eləmək istəyənlərin hamısı üçün önəmli nümunə olmalıdır.Hərə bir cürə başlayır və başladığını özü kimi (!) sona yetirə bilmir. Məhz bu amil istənilən böyük şairi özünü inkara sövq edir. Özünə divan tutma deyilsəydi, daha dəqiq olardı. Ernest Hemenquey neçə dəfə intihara cəhd etmişdi. Frans Kafkanın dostuna məktubunda «kimdə nəyim varsa geri al, yandır!» təkidi keçir. İstənilən formada yazmaqla dünyanın mənasızlığına qalib gəlmək mümkün deyildir. Bütün özünüinkarlar, bütün özünəqəsdlər burdan nəşət tapır. Bir də var orta «fazada» yerləşənlər, beş-on kitabıyla (təsəvvür edin: bu kitablardakı bütün misraları yan-yana düzürsən…) heç nə deməyənlər. Burada şeirin texnikasından, poetik ehtirasın gücündən və sairdən əsla söhbət getmir. Söhbət ondan gedir ki, misranın qanı (belə demək olarmı?) var, yoxa yox… Qanı, əsəbi olan misra özü canlı tarixə çevrilir, içindəki gerçəkliyi tutub «toxuyur», onu öz formasına salır. Murad Köhnəqalanın şeirləri, ilk şeirləri məndə məhz belə bir təəssürat oyadırdı. Murad indi divanilər yazır. Hələlik o, divanilər yazır və içinin böyüklüyünü burada, açığı ifadə edə bilmir. Muradı bu forma deyilən məkanda, bu çəkisizlik şəraitində azmış görürəm, forma mənim tanıdığım Muraddan daha böyük görünür; formanın şərtiliyi lap göz deşir. Bəlkə illər keçəndən sonra Murad formaya qalib gələcək, onu yenəcək və ilkin oxuduğumuz «divani» yox, adamı sehrləyən hiss-həyəcan axını – kamil poetik mətləb olacaq. Hələliksə:
Şahə, sərxoşam eşqindən,Gəlməz huşum cəm geri.Saqi qoymaz ayağınıYanımdan bir dəm geri.Yana çəkdin niqabınıQətrə nurun göründü.Görən gündən macal tapmazGözümdəki nəm geri.Murad yaza bilmədiyi divani kölgəsində daldalanır. Bu misraları və Muradın «Yazıçı» buraxılışında çap edilən digər Divanilərinin müəllifi 50-ci illər nəslinin hər hansı bir nümayəndəsi olsaydı, ona rahatca heykəl qoymaq olardı. Ancaq mən bilirəm ki, bu cavan şairin axtarışları sadəcə olaraq axtarış deyil, onun məqsədi həniri hələ heç kəsin üzünə dəyməyən bir ucalıqdan yıxılmaq qəsdidir və bu suala Muradın yalnız özü cavab verə bilər. Tənqid bu barədə bir kəlmə belə demək iqtidarına malik deyil.İndi pərakəndə şəkildə, külli miqdarda şeirlər, kitablar çap olunur ki, sadəcə olaraq şeirlə yavan nəzm arasında – bu aralıq boz səhrada qərar tutur. Bayaq dediyimiz «lallığın» üstünə bir qaraqışqırıq da gəlir: çığırtı dolu, yalan dolu! Bir də görürsən ki, 50-60 yaşlı birisi (yəni ömrünün müdriklik məqamında - !) qəfildən şeir xəstəliyinə tutulur və yaradıcılığa birbaşa poema ilə başlayır. Mən, əlbəttə, kağzın, çap xərclərinin od tutub yandığı zamanda bu tipli «eşqnamələrin» nə üçün meydana çıxdığını başa düşürəm, başa düşmədiyim, anlamadığım başqa şeydir: niyə bu məmləkətdə hamı bir yeri ağrıyanda əlini şeirə atır. Yeri gələndə ondan müqəddəs və ondan ucuz bir şey tapılmır.Bu, doğrudan da faciəvi bir ovqat yaradır: dəqiq bilirsən ki, bir dəfə, on dəfə, bir kitabı çap olunan kəs daha əbədilik şeir xəstəsinə çevrilir, ilk növbədə onun öz ömrünü «şumlayan» yalançı illüziyalara yol açılır. Bitib-tükənməyən ilğım qatarına! Bu cür şeirlərin içi səs-küylə dolu olur, nə qədər «temperamentli», bəlağətli olsa da, səslənsə də bu «dalğa»dan küydən başqa heç nə eşidilmir. Onlar heç vəchlə özgə fikrinə meydan qoymur, onu əzir, tapdalayıb keçir! Ən «kamil» formada dünyanın, varlığın mahiyyətini yox, onun necəliyini göstərən bu şeir Göy həsrətini yox, Yer axirətini arzulayır, bütün orden, medal və mükafatları yığa-yığa bir az da daşlaşır, daş-qaş işartısına çalır. Arada bu mükafat qatarının birinə yetişməyəndə bütün dünyadan küsür:- Demək, mənə heykəl qoyulmayacaq!Şairlikdən heykələ gələn yol daşa, qranitə dirənir, bu heykəlin qoyulduğu Vətən torpağı bir az da «istila» olunur. Ancaq bir şey də var ki, Səməd Vurğunun heykəli də şeir kimi oxunur, həmişə əlinin altında olan, ancaq yaza bilmədiyi şeir kimi üzü sonsuzluğa açılır. Bu heykəl-abidədə iki dünya dövr eləyir – şairin və heykəltəraşın əsəri!Şeirimiz dünya mənzərələrini (necəliyini) təsvir etməyə aludə olduğundan indi bütün poeziya «Dünya» sözüylə başlayan xitablarla doludur. Və bu sözlərin hamısının içi boşdur. Bunun başlıca səbəbi bizim poeziyada baş alıb gedən variant yazmaq xəstəliyidir – özü də stixiya şəklində baş verən bu proses heç vəchlə mövzu, mətləb axtarışına yönəlmir. Adicə bir fakt: Məmməd Arazın «Mən belə dünyanın nəyindən küsüm» şeiri çap olunan kimi təkcə bir-iki sözü dəyişən «oxşarlar» meydana çıxdı. O variantların dəqiq ünvanını göstərmək, elə bilirəm ki, lüzumsuzdur.Nə qədər cavan şair M.Arazın intonasiyasını təqlid edir, neçələri əlini qulağının dibinə qoyub Ramiz Rövşən ritmi üstündə «oxuyur». İndi qəzet və jurnallarda şeirdən çox versifikasiya çap olunur. Şairlər fetişləşdirilir, hər tənqidçi bilavasitə yaxın olduğu şairdən bir büt yaxır: Ramiz Rövşən, V.Bayatlı, V.Səmədoğlu bütü!
«Şeir niyə yazlır?» sualını həmişə özümə verəndə istər-istəməz yadıma uşaq ikən eşitdiyim anadillərin gecə, sübhəyaxın bəhsləşmələri düşür: Tapdın? Tapmadım! Tapdın? Tapmadım! Hələ indiyə qədər heç bir şair də «tapdım!» deməyib, bunu güman eləyənlər və birinci uduzub, şeirdən təlxəkliyə, əllaməçiliyə adlayıblar. Haqq aşığından yanşağa gedən yol dünyanın hər tərəfindən göz yaşı kimi görünür! Mənə elə gəlir ki, pisin pisliyini sübuta çalışmaqdansa (açıq qapını döyərlərmi?) haqq aşığının nə demək olduğunu vurğulamaq gərəkdir. Onlardan biri Qurbandır. Qurban bütün məqamlarda impressionistdir, bu şeirlər bütün varlığıyla hissin, həyəcanın nə demək olduğunu anlatmaq istəyir, bu məqam Qurbanın özündən asılı olmayan cizgilərin də çəkilməsinə gətirib çıxarır. Qurbanın şeirə çəkdiyi gerçəklik «natürmort» deyil, onun arxasındakı çox nazik bir pərdədir ki, ilmələri adi gözlə görünmür. Cavan şair hər şeyin axıb-axıb necə ölümə getdiyi məqamı çox ustalıqla tutur, ancaq bütün prosesi yox, artıq ölümün başlandığı son məqamı verir.
Bu sarı-sarı xəzəllərKüçələrlə axıb gedir.Çönür sağa, çönür solaBu dünyadan çıxıb gedir……Töküləcək suvaq kimiUçulacaq gün işğı.Çox gəlmişik,Çox gəlmişikAllah baxır üzüaşağı…Qurban üslubuyla doğulan şairdir, bu üslubun içində özünü «rahat» hiss edən, ondan bezikməyənlərdəndir. Qurbanın ağ kətana çəkdiyi şəkil gözlə görünmək və seyr edilmək üçün deyil (onsuz da o kətan ağ görünəcək), üzünə bir hənir («behişt küləyi») toxunan kimi içinə yığılan qırışları açılan və yalnız onu oxuya bilənlər üçün «açılan» bir əsərdir. Ən xırda cizgiləri görə bilmək fəhmi heyrətləndirir. Qırıq bir səs kimi, adicə söz-söhbət kimi başlayan bu yazılar bircə anda – bu anın gözləmədiyimiz döngəsində şeirə çevrilir…
Bu yarpaqlar əl götürmürDil ayırmır budaqdan.Bu yarpaqlar haçan doyarağacların dadından?..Ayaz göydə bir qız üzü,Qəlbin atlanar baxsan.…Bir adam görərmi görənKipriyimi qalxızsam?..Sonra mən ruhən Qurbana yaxın olan bir şairdən söz açmaq istəyirəm. Onlar həm də dostdurlar. «Xanəmir hisslərinin, həyəcanlarının şairidir. Arabir o həyəcanlardan mən qorxuram… İnsan bədəni biotok buraxdığı və bəzi adamlar da güclü olduğu kimi Xanəmirin şeirlərindən də sanki bir enerji ayrılır. Xanəmir, məncə, ya böyük şair olmalıdı, ya da bir heç! Çünki bu cür qəlbin və psixikanın doğurduğu enerji ya qarşıdakı bütün maneəni məhv edib üzə çıxır, ya da özü məhv olur» (Qurban).Xanəmirin şeirlərində (həyəcanlarında) sənə çatmayan nəsə var, bu nəsə təkrar-təkrar oxunduqca səni boğur, əsəbiləşdirir. Çünki Xanəmir heç kəsin görmədiklərinin şairidir və heç kəsin çata bilmədiklərinin şairi olduqda gedib… poeziya ilə bahəm varlığın, dünyanın da mahiyyətinə çatmaq və onu ötmək olar. «Mən niyə yazıram? Bəlkə günahdı yazmaq?» Əsl ədəbiyyatla məşğul olan, onu bir qasırğa kimi içindən keçirən şəxs hökmən bunu hiss eləməlidir. Xanəmir dünyanın sonsuzluğunu adi bir insan kimi dərk edir. Bu sonsuzluğun dibinə çatmağın mümkünsüzlüyünü bir şair kimi dərk etmir. Bu şeirlər, sirli-sehrli sözlər dünyanın qurtardığı (?) yerdən başlanır, dünyanın puçluğunu «bastalayıb» onu poetik sonsuzluğa qoşur, bu effekti dünyada olsa-olsa əsl poeziya yarada bilər.«Poeziyada həqiqət yoxdur olsun ki. Amma mənim üçün poeziya həqiqəti Kərəmin faciəsidir. Kərəm Əslini sevirdi, Əslinin içində nəyi sevirdi onu bilmirdi. Poeziya mənim üçün belə bir faciə düzümüdür. «Biz bəzən şairlərə yaşına baxıb qiymət veririk, «yaşına bağışlayırıq onları», ancaq məncə, bu misraların müəllifinin yaşını soruşmazlar, necə ki, indi böyük Füzulinin hansı şeirini neçə yaşında yazmağının bir elə önəmi yoxdur.
Küləklər ulduzlardan əsirÇiçəklər açılmaqdan yorur gecələri…Sular torpağa çıxarırbalıqlarıAğacların gövdəsiaçılır tabut təki –içindən bom-boş ömür çıxır.Ölüm çox sevir məni20 yaşımda…Xanəminin təkcə «Xəzər» dərgisində çıxan balaca bir kitabı (12 şeirlik) və qismən digər qəzetlərdə çap edilən şeirləri çox şey deyir. Bu yazılar mənə indi az qala hamının təriflədiyi, sanki eyni qəlibdən çıxan şeirlərdən (çünki ritm də, intonasiya da eynidir, demək çoxları «ürək transplantasiyası» ilə məşğul olur) daha qiymətlidir. Ancaq bu, hələ onun qəlbində «boğulan»ların bir qırıcı hıçqırtısıdır, hamısı deyil, hiss-həyəcan bolluğu (burulğanı) bəzən ifadə etmək imkanlarını da zəiflədir. Bu həyəcan burulğanı Xanəminin sintaksisinə də sirayət edir, onu qurub-yaradır, özümlüləşdirir…
Çiçəklər harda bitəcəyiniquşlar harda uçacağınıulduzlar hardan doğacağınıbilir…Kimi dəli eyləyəcək bu gecəAy bilir…yaxud:
İşıq sularda boğulmazBilir ki, bir də doğulmaz.Ölən özünə ağlamazƏn zalımı bu, ən zalımı!Xanəmirdən neçə illərdir xəbər-ətər yoxdur. Xanəmirin yeni şeirləri çox şey deyəcək – onun özü, gələcəyi, ədəbi taleyi barədə. ŞEİR YERİNƏ ROMAN YAZANLAR, QƏLİZ BİR ROMAN. İbrahimin şeirləri diqqəti çəkir və diqqət tələb eləyir. Gərək özünü cəmləyib oxuyasan bu ağ şeirləri, metaforalar, obrazlar, şeirin ən xırda, adicə elementləri… açıldıqca açılan qatlardan ibarətdir… Bu qatlardan birini yox, hamısını özün üçün ayırd eləməlisən, biri alınmayanda, şeir bütünlüklə alınmır və başlayırsan müəllifin qarasınca söyməyə. Bu şeirlər eksperimentçilikdən xəbər versə də, sadəcə eksperiment deyil, yəni məqsəd özünəməxsus obrazlar kəşf etmək, onları xüsusi bir ədayla oxucunun gözünün içinə soxmaq deyil, məqsəd – kədərlidir; faciə ondadır ki, bu şeir – diricə bir adam – «dalğıc» kimi dünya adlanan nəhrin ən dərin qatlarına girib orada guya gizlədilən daşımı, sirrimi tapmaq istəyir. Və bu məqamda hər şey bir-birinə qarışır, quşun və insanın taleyi… Buludların bətnindəki göynərti, körpəyə həsrət qolların Allahı da dəli eləyəcək sızıltıları…Və İbrahim bu məqamda (mən istərdim dostumun şeirlərində bu məqamlar lap çox olsun!) özü də bilmədən kəşflər edir.Müasir şeirdə ən ağrılı, əzablı yol budur – oxucuya qaş-göz eləyən, onun ürəyinin yağını əridən şeirlər yox, dünyayla cəngi-cidla çıxan, onun üstünü altına çevirən, sirrini faş etmək istəyən şeirlər yazmaq ehtirası! Bu ehtiras İbrahimi ya əsl şair edəcək, ya da yarı yolda saxlayacaq, – ancaq başqa bir yolu da İbrahim öz açıb, şeirnən bahəm o, maraqlı hekayələr də yazır. Bu barədə daha sonra…Şair var ki, şeiri bir-iki obrazın – bu iki «qızıl kərpicin» üstündə qurur, səliqə-səhmanıyla; bu təsadüfdə hər şey öz rahat yerində görünür, daha doğrusu, şeirin bu başından baxanda o biri tərəfi tezcə görünür. Bu tip şeirlər o qədər çoxdur ki, (istər hecada, istərsə də sərbəstdə), misal çəkməkdən vaz keçirəm. İkinci tip quruluşda obrazlar çoxluğu (yaxud yığımı) obrazlar kollajı təsəvvürü yaratmır, çünki bu şeiri yazan adam onları intuitiv şəkildə «seçib-sonalayıb», Dünyanın üstünə əliboş yox, Dünyanın bizim gözümüzün gördüyü sərhədlərini aşan obrazlarla hücuma keçir. Və məğlub olur. Sustalır. Şeir bitəndən sonra ayağa qalxıb üzünü Tanrıya tutur, əllərini uzadır, sonuncu dua üçün, əllərində damcı-damcı yaş tökülür, Allahın göz yaşları…Bu adam axır ki, Yer adamı olmaqdan bezir, içində öldürdüyü ömür anlarının qanı Dünyanın səma divarlarına çilənir…
Ürəyinin kölgəsi düşmüşdüyağacaq yağışın üstünə.Havadan asılı buludlarınbətni göynəyirdi,göynəyirdi bətniİtirdiyim körpəninqollarımdakı boşluğuna…Fikrimizi açıqlamaq və əhatəli şəkildə şərh etmək üçün müqayisələr aparaq, müqayisənin mübahisə doğurması üçün 1-ci tip quruluşa ən mükəmməl, daha çox bəyənilən bir şairin – Salamın şeirini seçirik. Əvvəlcədən onu deyək ki, Salamın şeirində də hər şeyi bir kənara tullayıb təkcə mətləbi dərinliklərinə qədər vermək aclığı qabarıqdır və bu proses gələcəkdə dərinliklərə işləyə bilsə bu şair çox şeylərə – adı, ünvanı hələlik bəlli olmayan nöqtə və məqamlara çata bilər.Salam dünənə qədər müasir şeirdə öncül olan ənənələri arxada qoyub, onların üstündən bir xətt çəkərək yeni poetika təklif edib. Məsələn, dünənki şeirin içində – misraların daxilindəki məna savaşyla söz oyunu arasında məsafə çox az idi. Yəni proses üzlə, sözləri «atıb-tutmaqla» müşahidə olunurdu. Bəxtiyar Vahabzadənin Şandor Petefiyə həsr etdiyi yaxşı bir şeiri var:
…Azadlığa əl yetmədi,ömrün sonu yetdi.Məna savaşı, necə deyərlər, «dayaz» konfliktdir, göz önünə gəlib də yayınır, şairin görükdürmək istədiyi şeyin elə bil ki, adicə kölgəsi düşür bir divarın üstünə və tez də çəkilib gedir.
Kostyumun rəngində bir pərdəyəm,Pəncərəsiz otaqlara çəkilləm.Lap heç ölüb sizə qonşu olmaram,Tüstülənib uzaqlara çəkilləm.Salam «gözə görünüb qeybə çəkilmə» effektini ilk misradaca öldürür, şeirə «kostyum» kimi yöndəmsiz bir söz də gətirir. Ancaq bənd tamamlananda diqqət yöndəmsiz sözlərdən çəkilir, sözlərin içində «qaynayan» savaşın incəliklərinə varmaq istəyirsən. Şeir səni çəkib aparır.Bu şeirdə başqa bir cəhət də maraqlıdır. O, içiylə qabaqcadan «diplomatik» sazişi pozur, onun bütün gizlinlərini faş etməyi qərara alır. Orda nə varsa – qısqanclıq, qorxu, xudpəsəndlik… üzə çıxır. O «xudpəsənd» adamın tüstülənib uzaqlara çəkildiyi yerdə nə var? Tüstü burada, necə deyərlər, daha son dayanacaqdır, məhz daxildəki o məlum qatı faş etməyə xidmət edən dayanacaq! İbrahimi (həm də ağ şeiri) bu, açığı təmin etmir…
İçimi yupyumşaq ot tayası bildiyitutqun gözlərindənotağımızın bəbəklərinə gecə çəkilmişdi.Yalnız çöl göyərçininin qona bildiyipəncərələrə sarıürəyimin işığı uçunurdu.Çırpınırdı, çırpınırdıtutqun gözlərin qaranlığı çökmüş şüşələrəŞüşələrdən üzü aşağı cığır aça-aça ürəyimin işığınınqanı süzülürdü, süzülürdü…İbrahim şeirlərində, konkret olaraq bu şeirində nəyinsə barəsində danışmır, onu görükdürür, poeziyada belə bir xüsusiyyət heç də hər deyəndə hər şairə qismət olmayan bir keyfiyyətdir. Mən bu şeirlərə vaxtilə olub-keçən hadisələrin, yaşanılan duyğuların filmi deyərdim. Duyum və hisslərin filmi! Əslində kino poetikası ilə bu şeirlərin qan yaxınlığını da mən duyuram. Fikir vermisinizsə, kinoda, deyək ki, müasir rəngli filmlərdə yuxu obrazını əyaniləşdirmək üçün işlədilən priyomlar bütün kino gerçəkliyi ilə kontrast təşkil edir. Yuxudakı aləmin hərəkət stixiyası və tempi də elə bil ki, kadr-kadr yavaşıdılır. «Qətl günü»ndə bu dünyadan baş alıb gedən adamların bir-birləriylə görüşü, onların qanrılıb arxaya, bizim bu dünyaya baxmaları, hərəkətin. Ritmin, kadr sürətinin bir ayrı, «məxsusi» amplitudasına reallaşır. Bax, bu şeirlərdə də buna uyar bir poetika mövcuddur…
Gecənin əlləri ürəyimin başındadərdlərimin gözlərini oyurvə tənhalıqda axan al qanımbəyaz günləriymiş çıxır damarlarımdan.Bəyaz günlər gecənin önündə bir damlaAxan al qanıma yol alıbanuzun gecədənküçələrə dama-dama keçir,sənsiz qalmış küçələrxatirələrimin qızıl qanına boyanır.Arxamca qışqırıryanından ötüb keçdiyimbəyaz hisslərimə qovuşmuş yarpaqlar.Salamın şeirində də görükdürmək, nə qədər paradoksal görünsə də «əyaniləşdirmək» ehtirası mövcuddur. Bu ehtiras onu divardan-divara çırpır, əl atıb bütün obrazların suyunu çıxardır, ən dəhşətlisi, kosmik obrazı tapmaq eşqini gözünə alıb gedir və təklif elədiyi qəlib daxilində (bu qəlibə Salam özü özünü məhkum edib) həmən o obrazı tapır da!
Bir hasardır – hamı aşır dünyadan,Təkcə təqvimlər dəyişir dünyada,Vallah, mən də qaçaq düşüb dünyadanKöksümdəki bu dağlara çəkilləm.Salamın şeir anlayışı burada özünün klassik ifadəsini tapır; şeirin möhür bəndində elə bir dəhşətli obraz tapmaq ki, onun bətnindən şüalanan assosiasiya seli bütün bənd-bərəni vurub dağıtsın, şeirin təqdim etdiyi, yaratdığı aləmin sərhədlərini sərhədsizliyə qovuşdurmaq… Ancaq, heyif ki, bu, elə bir arzu olaraq qalır, şeir öz çərçivəsi daxilində qapanır, əzbərlənmək ehtirası qalib gəlir: ancaq mənə elə gəlir ki, Salamda bu mərhələ tezliklə başa varacaq, elə bir məqam yetişəcək ki, indiki Salam tanınmaz olacaq.Ancaq deyək ki, İbrahimin, Adil Mirseyidin, o cümlədən Məhəmməd Astanbəylinin və Qulu Ağsəsin şeirlərində belə bir mərhələ problemi yoxdur. Axtarsan, bu imzalara məxsus şeirlərdə obrazlar Salamınkından daha parlaq və əzəmətlidir, ancaq şeir bir orqanizm kimi elə qurulub ki, o parlaqlıq, o əzəmət… xüsusi bir niyyətlə qabardılmır, bir-birinə hörülüb gedir və nəticə etibarilə oxunmaq, özü də dəfələrlə oxunmaq tələb edir. Və hər bir oxunuşda bədii mətn yaşadığımız dünyanın sərhədlərini aşmağa doğru irəliləyir və bizi də o sonsuz aləmə qoşur…
…Görən gəldiyim yerdə nəyimi qoyub getmişəm,Ayaq səslərimi eşitcəkpəncərəmin pərdələriutancaq sevincindən üzünü örtübevin daş divarına qısılmadıvə pəncərəm də tərləmir nəfəsimdən.Zindana, ağın zindana dönüb burda yaddaşlarQapım əzab verdiyim qadının səsiymiş açıldı üzümə,Yandırdığım işığın şüalarıbuz parçalarıtək səpələndi otağıma.Soyuq nəfəsimi duycaqotağımı dəli bir titrəmə tutdu…İbrahimin və Adil Mirseyidin şeirlərində real olanla irrealın gerçək dünyaduyumla gerçəkliyə irrasional münasibətin qovuşağı mövcuddur. Məhz bu amildən o şeirlərin oxucusu olmaq lazımdır, onları öz ömrün bilib yaşamalısan, belə olduqda bu bədii mətn sənə qəribə hisslər bəxş edir, o hiss və duyğuların gerçəklərdən o tərəfdə qalan dünya və aləmlərlə əlaqəsini dərk edirsən. Bu aləmlərin sakini olduqca öz gözlərinlə şahid olursan ki, yaşadığımız dünyanın hamını bıqdıran bir mənzərəsi ondan çox-çox uzaq məsafələrdə (yəni burda təkcə Göy var, Yer mövcud deyil) dolanan nəsnələrlə necə üz-üzə, qovşağa gəlir:
Yaşadığım günlərgecələdiyim otaqlardan boylanır,boylanırhələ ki, bu qədər yaşadımbir pəncərəni də özümünkü eləyə bilmədim.Ürəyim istəyəndə pəncərəni açıbdünya dolu boşluğayuxarıdan aşağı baxım.Bu, dünyada yaşayan insanın ondan aralı düşdüyünün faciəsidir. Bu faciəvi ovqat yuxuda – utopik gerçəklikdə daha da gerçəkləşir, günün, gündüzün dəhşətləri gecə yuxularında oda, çınqıya dönür. Bu çınqı hisslərin, dyğuların üstünə düşüb onu qat-qat soyur, intuitiv məqam o qədər güclənir ki, adi nəsnələrin qeyri-adi cizgiləri üzə çıxır, kəşf edilir. Bu hal, belə bir poetika təcrübəsi bizim poeziyada – istər klassikada, istərsə də çağdaş şeirdə bol-bol yox, məqamından – şair fərdiyyətindən asılı olaraq meydana çıxıb. Məsələn, Ələkbər Salahzadənin poeziyasında bunun çox uğurlu nümunələri mövcuddur. «Şahmarın xatirəsi» şeirini alaq:
Başına fırlanarkənGöy Yeri qabaqladı.Dünyanı ağrı-ağrıörtdü göz qapaqları…Göyün Yeri qabaqlaması (sürətdə, tempdə), sənətkarın başının üstündəki Göyə çəkilməsi ilkin olaraq burada məhz kəşf edilmişdir. İbrahimin yuxarıda misal çəkdiyimiz adsız şeiri də məhz belə gözlənilməz məqamlardan hörülmüşdür:
Səfil günlərimləgecələdiyim otaqların arasındadoğmalarımla sən durmusanƏllərimdə, burmaqlarımın ucunda uyuyurtəbəssümlərinizin qayğısı və Səfil günlərimlə sizlərin arasında vurnuxur qəbrimin nuru…Ədəbi gəncliyin poetika axtarışları barədə, mənə elə gəlir, daha sıx-sıx söz açmaq gərəkdir. Bu nəslin nümayəndələri arasında artıq öz üslubuyla seçilən nasirlər də yetişmişdir və onlar haqqında, mən biləni heç təsadüfdən-təsadüfə də söz açılmamışdır. Şeirdə təsbitlənməkdə olan yeni poetik keyfiyyətləri nəsrdə də özünəməxsus formada ifadə olunur.
1995


