DAXİLİ QÜRBƏT ŞIRIMLARI...
Hərdən fikirləşirsən ki, yatıb-yatıb birdən oyanmaq nə adətdir, görəsən bu adətin əsiri olub haraya qədər gedib çıxmaq olar? Sual absurddur, cavabı yoxdur, cavabı... gündəlik seyr etdiyimiz hadisələr, başımızın səbəbsiz yerə çatdaması və birdən sakitləşməsi, sonra yenə nəyisə yada salıb zülüm-zülüm ağrıması... və sair və ilaxır nəsnələrdir. Deyəsən, dünya yer-yerdən sökülür, dağılır və ən anlaşılmaz (bəlkə də spesifik) olanı budur ki, dünya hardasa gülləylə «deşik-deşik» edilir, hardasa tufan, sel, qasırğa və zəlzələ, yer sürüşməsi (...ayağım altından yer qaçır, başımın üstündən fəlakət uçur...) şəklində qopur, çat verir, hardasa söyüşlə, qarğışla, nifrinlə... Yazı, mətn qəribə magiyaya malikdir, bəlkə bu söz heç yerinə düşmür, elə hadisələr baş verir ki, geriyə nəzər salsan, onları müxtəlif mətnlərin içində «yatmış» görərsən. Bədii mətn bu mənada bəlkə də «yuxu» kimi bir şeydir, yəni, yuxu da, mətn də özündə dünyanın əvvəli ilə axırını (aqibətini) birləşdirir, hadisə baş verdikdən sonra «reallıq» və magjiya pərdəsi açılır, bu dəm mətn də Borxesin «Qorxulu yuxularındakı» aşkarlayıcı-perqament kimi meydana çıxır, zühur edir. Necə ki, «Kitabi-Dədə Qorqudun» ilk cümləsi «qopdu» sözü ilə bitir. «Qopdu» ilahi mənşəyə işarədir, burada dünya hələ «qopmur», başlayır, ancaq diqqətlə nəzər yertirdikdə hər iki «qopmağın» arasında bir elə prinsipial fərq görünmür.

İndi milyon illər əvvəl olduğu kimi «dünya qopur». Söz-söz, vərəq-vərəq, kitab-kitab, axırda nəyinsə qalacağına ümid qalmayıb məncə. Elə şeylər qopub ayrılır və əbədi qeyb olur ki, onların qayıtmazlığa getməyi çox şeyin birdəfəlik məhv olması, çox şeyin bir daha sağalmamsı, özünə gəlməməsi deməkdir. Bu gedənlərin əvəzində indi ədəbiyyata qəddar adamlar gəlir, hətta bu məsələdə bir elə təcrübəsi olmayanlar da «treyninqdən» hamıdan əla çıxır, deyir ver baltanı, sənin əlin ağrıyar, mən vurum.
Bütün bu qara-qorxu və qızdırmalı yuxular aşkarda baş verir, bütün bu çirkab seli mətnlərdən axır və qurtarmaq bilmir. Kiminsə plagiatlıq eləməyi indiki çağda sensasiya deyil, sensasiya həmin yazılarla buna və digər bu kimi olaylara münbit şərait yaradılmasıdır. Plagiat dissertasiyalar haqqında Ali Attestasiya Komitəsində o qədər qalın-qalın «əsərlər» yatır ki, onları yan-yanaşı qoysan filologiya elminin hansı problemlər içində olduğunun dəhşətini anlaya bilərsən. Amma bu kimin problemidir, siz bəyəm respublikada tügyan edən «dissertasiya sexlərini» görmürsünüz? Ən dəhşətlisi odur ki, plagiat əsərlərin müzakirəsində çıxış edib nəsə desən də, xeyri yoxdu, «əsər» həmən sexdə «təkrar və odnorazovıy» istehsaldan keçdikdən sonra müdafiə baş tutur! Yenə də deyirəm, ən dəhşətlisi... mətnlərin içindən səbəbi bilinməyən nifrət, qarğış, digər bu kimi hisin-pasın axmasıdır. Səməd Vurğun haqqında yazılan məlum «ərzi-halın» bütün digər cəhətlərini qoyuram kənara, mənə bu yazının içindən fışqıran kin və nifrət seli aydın deyil. Özünü ifadə edə bilməmək böyük kəsirdir, faciədir, bir söz deyib az qala yüz il onu izaşa çalışmaq həmin faciənin farsa və komediyaya qarışmasıdır, bu faktor, yəni bəla (dilin bəlası yox, dil bəlası) bəzən insanın əlindən tutub eləmək istəmədiklərini görməyə də məcbur edir. Bəzən belə olur. Kimsə Mirzə Cəlili «tənqid atəşinə» tutur (bu ki, hərbi terminologiyadar-!), ona cavab verirlər, cavab, nə cavab, görürsən ki, daha doğrusu, Sabiri, Mirzə Cəlili öldürən dərdlər yada düşür. Aşkarlayıcı perqamentdə ala-bula əksimiz peyda olur, cinə göstərsən, hürküb qaçar. Səməd Vurğunu yenidən oxumalı alimlər (...ay alimlər, zay alimlər-İ.Muğanna), ədəbiyyatşünas və tənqidçilər isə yuxarıda təsvir etdiyimiz «şıdırığı sökmə» işində lap sovet dövrünün aktivistləri kimi iştirak edirlər. Əlini bir an işdən saxlama, saxladınmı, heç kəs sənə dahi deməyəcək, birinci tənqidçilikdən ikinci yerə yumbalanacaqsan. Onda vay halına. Asılı olduğun adamın əsəri haqqında elə yazmalısan ki, həcmcə ondan artıq olsun. Bununçün də əsir olmalısan. İndi sözə ehya vermirlər, rəng qatırlar, limonada, çaya qatılan rəng kimi, tərifləyək bir-birimizi, bir-birimizin çəlik ağacı olana qədər... Səməd Vurğun yada düşmür. Səməd Vurğun tərslikdən ancaq R.Tağının «yuxusuna» girir. Onun yuxularısa ancaq «ujas» yuxulardır. Özü də serial. Bundan əvvəlki seriyası Füzuliyə həsr edilmişdi. Ancaq mən Mirzə Cəlilin «Zırrama» hekayəsini xoşlayıram. Bu hekayəyə bu adam «klip» çəkərmola? Biz xırda-xuruş və bezdirici... hadisələrin içindəyik, günün doğmasını gözləyən varmı... Mən bu məsələni bilmək istəyirəm və bilə bilmirəm. Yazını qurtarar-qurtarmaz kimsə zəng edib deyir ki, oxudun, filankəs filankəsə dahi deyib, desin deyirəm, bizdə dahi yeri boşdur. Adam yeri də... Səlimin sözü yada düşür: hardasa oxumuşam, deyir, adam Tanrıyla əbədi tək qalıb ibadət edəndir. Bu yeri qaçıb tutmaq olmaz, çünki oraya yol «qaçış» deyil, qayıdışdır... Özünə. «Öz» «mən»dən içəridir. Sükutun olduğu yerdir.... yenə yada düşdü qəmin yerləri... (M.İsmayıl).-hara gedirsən, ay oğul?- dünyanın bütün sərhədlərini keçib qürbətə...
