UTOPİYA VƏ ANTİUTOPİYA. Ənənəvi kitab bayramının 100 illiyinə
Qəzetlər, jurnallar, səhifələr, kitablar çoxaldıqca .... deyəsən, məzmun itir. Əlahəzrət məzmun. Mən bir nəfər tanıyıram, yumruqlarını stola düyüb, çiyinlərini qaldıraraq deyir: şübhəsiz ki, filankəs böyük şairdir. Baxırsan, gülməyin tutur, fikirləşirsən ki, əgər doğrudan da belədirsə, onun sənə heç bir ehtiyacı yoxdu, a qağa... Məzmun itir, qeybə çəkilir. Hamı bir səhifəlik yer tutub, şəklin harda olması, başın, eynəyin, qəlyanın... hansı vəziyyətdə olması... da önəmli məsələlərdəndir. Hamı içində nə olduğunu bilir və hamı da içindəki yalanı yəirə-əyirə gedir. Gün axşam oldu. Dünən bu şəkillərdən, daha doğrusu yazılardan birinə baxdım.

Qzetdə redaktor zövqü, sözü yoxsa o, adi kağız parçası və ya təsadüfi şeylərin sərgisindən başqa bir şey olmayacaq. Bir səhifəlik yazıda söz oyunu baş alıb gedirdi. Primitiv müqayisə və toqquşdurmaların naqafil olduğu qədər də gözlənilən axmaqlığı... Belə çıxır ki, indi çoxu gündüz eşitdiyini gecə qələmə alır ki, birisi gün yaddan çıxar. Düzdür, bu dərgi və qəzetlərin çoxunda artıq yuxudamı, aşkardamı gördükləritmizi bir daha oxumaq, heç olmasa ani nəzər tullamaq məcburiyyətində qalırıq. Çap edilən yazıları oxumaq dərhal əhəmiyyətini itirir, elə bil günün günorta vaxtı pencəyimi astar üzünə çevirib geymişəm və «postmodernizm» qışqıra-qışqıra gedirəm. Hərdən İlham Qəhrəmana deyirəm, nəyi oxudun danış mənə, o da bir deyir, iki deyir, axır yorulur, deyir a bala, dağlarda da ditdili olar, bu nasir yazır ki, Çənlibeldə ditdililər dikuçar kimi göyü istila etmişdilər. Deyirəm, bəlkə müəllif bunu bilərəkdən elyəir ki, bədii effekt yaratsın? Deyir, effekti dəysin başına o töhür cümlələri oxuyanda bədənim qaşınır. Bulaq suyu, dağ havası. İlham, bunu Vislava Şimborskayamı yazıb? Deyir yox, Şimborskaya «Utopiyanı» yazıb.
An island on which all becomes clear.Here you can stand on the solid ground of proof.İlham bədahətən tərcümə elyəir:
Hər şeyin apaydın göründüyü ada.Burda arqumentlərin üstündə istədiyin qədər atdanıb-düşə bilərsən... Here are no points except the point of arrivalThe bushes fairly groan under the weight of answers.Cavablar hədəfə yetişən kimi güllər açırYol-məbədə aparandır... İkimiz də birdən gülürük. Amma deyəsən nəyə güldüyümüzü kəsdirə bilmirik. Əşi, təki gülmək olsun. Səbəbsiz gülmək daha yaxşıdı. Vaxtilə bir yazı tərcümə etmişdim. Orda yazırdı ki, Allah hamıdan çox bilir. Bir şey itirirsən, ölənə qədər tapa bilmirsən. Sən məzarda olanda da Allah onun bu dəm harda olduğunu bilir və görür. Sonra bu adamın əməllərini görəndə gülməyim tutdu. İstədim soruşam: Allahın hər şeyi görməyi sənə sərf eləyirmi?
Elə bu dəm yadıma Şimborskaya haqqında onun alman tərcüməçisinin dedikləri düşür: «onun adası uzaqdan sirli-sehrli görünür, yaxınlaşanda sənə fərəh və xoşbəxtlik bəxş edir. Zəngin fauna və floralı bu ada çirklənmənin nə olduğunu bilmir, həm dil, həm də ruh baxımından. Şimborskayanın əlindən əyri güzgü düşmür...».
Mənim bəxtimə bax, son zamanlar oxuduğum əsərlərin çatışmayan cəhəti ruhdu. Oyun baş alıb gedir. Kəndə kəndirbaz gəlib. Atdanıb-düşür, odun üstündən, qayçının sürətlə yumulub-açılan barmaqları arasından, alışan ot tayasının içindən... daha haralardan, ancaq ruh yoxdu. Götürüb son illərin poeziyası haqqında yazılan yekə bir icmala baxıram. Orda sitat verilən bütün şerləri tapıb bitdə-bitdə oxuyuram. Elçin müəllim demişkən, həmin yazını və şerləri layiq olmadığı halda bir də oxuyuram. Dərin peşmançılıq bürüyür məni. Bu adam şer-filan tanımır, işi-peşəsi «hüsnə xal yapışdırmaqdır». Sonra xallar çoxalıb-çoxalıb svetofora bənzəyir, onun göstərdiyi yolda maşınlar bir-birini bastalayır, nəhayət sürücülər aşağı düşüb, köməkləşib svetoforu tut ağacı kimi kökündən çıxarıb tullayırlar kənara. Urra!!! Sabah kitab bayramıdır.
