Reklam verin!

SÖZ VAXTI

Bir söz söylə, bu dünyadan olmasın...

İyun 3, 2008 15:48

  XORXE LUİS BORXES. QORXULU YUXU

Cənablar!

Yuxu – janrdır, qorxu – tema. Əvvəlcə yuxulardan, sonra vahimələrdən danışacağam.Yaxın günlərdə psixologiya kitablarına baxdım və məyus oldum. O kitablarda yuxu süjetləri və ümumən yuxu mexanizmləri barədə nəsə oxumaq mümkün olsa da, məni maraqlandıran məsələ haqqında bir kəlməylə də rastlaşmadım. Məni möcüzələrlə dolu yuxu dünyası maraqlandırırdı. Psixologiya üzrə kitabların birində – Qustav Spillerin «İnsanın şüuru» əsərində söhbət ondan gedir ki, yuxular əqli fəaliyyətin aşağı səviyyəsinə uyğun gəlir. Burada belə bir cəhət də önə çəkilir ki, yuxu süjetləri demək olar ki, oxşar və əlaqəsizdir. Sonra Qrussakı və onun «Yuxular arasında» əsərini xatırlayıram. Qrussak bu kitabın «intellektual səyahət» adlı hissəsində yazır ki, hər səhər kölgələr aləminə, yuxu labirintlərinə baş vurduqdan sonra yuxudan gümrah oyanıram.

 borkhes


     Yuxuların öyrənilməsi bir çox çətinliklərlə bağlıdır. Onların birbaşa tədqiqi qeyri-mümkündür. Yalnız yaddaşda iz buraxan yuxunu öyrənmək olar. Ancaq yuxunun yaddaşdakı izi və yuxugörmə heç də eyni, üst-üstə düşən şeylər deyildir. XVIII əsrin böyük yazıçısı cənab Tomas Braun qeyd edirdi ki, yuxunun parlaq reallığıyla müqayisədə onun yaddaşdakı obrazı xeyli dərəcədə mənasız və şikəst bir şeydir. Digər şəxslər isə, əksinə, belə hesab edirlər ki, biz yuxuları bəzəməklə məşğuluq; əgər biz yuxunu belletrestik bir şey hesab ediriksə (mənə belə gəlir ki, bu, elə belədir ki var), deməli, həm yuxudan oyananda, həm də yuxumuzu dilə gətirəndə başqa bir şeylə yox, məhz yuxunu düzüb-qoşmaq, onun ömrünü uzatmaqla məşğul oluruq. Bu mənada nədənsə Dannın «Zamanla Eksperiment» əsərini xatırladım. Onun nəzəriyyəsi ilə razılaşmasam da, belə bir gözəl kitabı xatırlamağa dəyər. Bu əsərin başa düşülməsini asanlaşdırmaq üçün (kitabdan kitaba adladıqca yaddaşım təfəkkürümdən yaxşı işləyir) əvvəlcə Boesiyanın kitablar kitabı olan «De Consolatione» əsərini yada salaq. Heç şübhəsiz ki, bütün orta əsrlər ədəbiyyatını dəfələrlə mütaliə edən Dante bu kitabı da bir neçə dəfə oxumuşdu. Sonuncu romalı titulunu qazanan Boesiya, cənab Boesiya tamaşaçını (yuxu görəni-!) cıdırda təsəvvür edir.Tamaşaçı hippodromda, öz yerində əyləşib və öz tribunasından startı, qaçış mərhələlərini, atları, finişə ilk çatanları dəyişməz ardıcıllıqla seyr edir. Bir baxışla o, hər şeyi, o cümlədən bütün dünya tarixini tutur. Boesiya öz tədqiqatını iki anlayış üzərində qurur: iradə azadlığı və qəzavü-qədər. Bütün qaçışı görən, ancaq ona heç cür təsir edə bilməyən tamaşaçı kimi Allah da bu cıdırı bütünlüklə – beşikdən məzara kimi görür. O, bizim hərəkətlərimizə təsir göstərmir – biz sərbəst hərəkət edirik, ancaq o, məhz bu məqamda başımıza nələr gələcəyini bilir. Allah həm ümumdünya tarixini, həm də bu tarixin bütün gedişatıını görür; o, hər şeyi bir başgicəlləndirəndirici anın içində – əbədiyyət içində görür.

      Dann bizim əsrin ingilis yazıçısıdır. İndiyə kimi onun kitabının adından maraqlı bir şeyə rast gəlməmişəm: «Zamanla təcrübələr». Bu kitabda o, belə bir şeyi təsvir edir ki, guya bizim hər birimizin başqasına heç cürə bənzəməyən fərdi əbədiyyətimiz vardır: biz hər gecə bir fərdi əbədiyyətin sahibinə çevrilirik. Yerimizə uzanıb yatan kimi yuxuda görürük ki,… çərşənbə günüdür. Həmin gecə yuxuda həm çərşənbə gününü, həm də cümə axşamını, ya bəlkə, cümə gününü, kim bilir, bəlkə də… çərşənbə axşamını mümkündür.Yuxuda hər bir insanın bir balaca bir balaca əbədiyyət payı var, bu da ona yaxın keçmiş, bir də heç də uzaqda olmayan gələcəklə görüşdürə bilməsidir.

     Yuxunu görən adam bütün bunları, bütün kosmik prosesləri özünün hüdudsuz əbədiyyətindən seyr edən Allah kimi bir baxışla tutur. Biz yuxudan ayrılanda nə baş verir bəs? Bax, bunlar: biz üfüqi mövcudluq modusuna öyrəşdiyimizdən, yuxularımıza da fraqmentar və eyni zamanlı təhkiyə forması aşılayırıq.Sadə bir nümunəyə baxaq. Təsəvvür edək ki, yuxuda mənim gözlərim önündə kiminsə obrazı olan insan dayanıb (söhbət kifayət qədər solğun yuxulardan gedir), sonra, ani olaraq o, ağac obrazıyla əvəzlənir. Oyanandan sonra mən bu sadə yuxunu qəribə şəkildə mürəkkəbləşdirirəm: elə bil ki, yuxuda ağaca çevrilən insan görmüşəm, ya da öncə ağac olan bir insanı. Faktları bir balaca dəyişdimmi, özümdən nəsə düzüb-qoşmağa, necə deyərlər, toqquşdurmağa başlayıram.Yuxuda nələr baş verdiyini biz dəqiqliklə bilmirik. Bu da istisna olunmur ki, yuxuda biz göylərə, cəhənnəmə çəkilirik, ya bəlkə, başqa bir adama, Şekspirin «The hring 1 am» idiomuna, yəni özümü necə təsəvvür etdiyim ilahi varlığa çevrilirik. Oyananda bütün bunlar unudulur. Yuxuları biz yalnız onların yaddaşda iz qoyan zəif əksinə görə öyrənə bilərik. Bu münasibətlə hər şeydən əvvəl istedadlı yazıçı olan, səyyahların bütün dediklərinə saf qəlblə inanmağa hazır olan Frezerin kitabını da vərəqlədim. Frezkerin fikrincə, vəhşilər yuxunu gerçəklikdən ayırmırlar. Onlar üçün yuxu – gerçəklik epizodudur. Beləliklə, Frezerə, yaxud yuxularda adı keçən səyyahlara görə, vəhşi yuxuda görür ki, guya meşənin içiylə gedir və aslanı öldürür; yuxudan oyananda o fikirləşir: yuxuda qəlb bədəndən ayrılıb və aslanı öddürüb; və yaxud situasiyanı bir az mürəkkəbləşdirək: mən aslanın yuxusunu öldürmüşəm. Burada qeyri-dəqiq heç nə yoxdur – bundan başqa vəhşilərin və uşaqların təfəkkürü yuxuyla gerçəkliyi dəqiq şəkildə ayıra bilmir. İndi isə mən özümlə bağlı öir misal gətirəcəyəm. Hər səhər mənim qohumlarım, – o vaxt onun 5-6 yaşı olardı, – mənə yuxularını danışardı. Yaxşı yadımdadı, bir səhər (o, döşəmədə uzanmışdı) mən ondan yuxuda nə gördüyünü soruşdüm. Mənim hobbimi bildiyindən o, dərhal cavab verdi: «Yuxuda gördüm ki, meşədə itmişəm. Nə qədər dəhşətli olsa da, talaya çıxa bildim; orada, ağ taxta evin ətraında yığma nərdivan qoyulmuşdu, ev lap qalareyaya bənzəyirdi; evin qapısı ağzında sən göründün. – Birdən uşaq səsini kəsdi, bir azdan əlavə etdi:

 – De görək, sən o evdə nə edirdin?»

Onun nəzərində hər şey – həm gerçəklik, həm də yuxu bir ölçüdə baş verir. Bu məqamda biz digər, birbaşa bunun əksi olan hipotezaya girişirik – bu, metafizik və mistiklərin hipotezasıdır. Vəhşilər və uşaqlar üçün yuxu – həyati epizoddur, şairlərdə və mistiklərdə isə demək olar ki, bütün həyat – yuxudur. Bu barədə Kolderon qısa, ancaq lakonik şəkildə deyir: həyat yuxudur. Şekspir bu fikri daha obrazlı ifadə edib: «Biz elə yuxularımızı yaradan şeylərdən yaranmışıq»; fikrimizi dolğunlaşdırmaq üçün Avstriya şairi Valter fon der Foqelveydin məşhur ibarəsinə üz tutaq: «İst es mein Leben getraumt oder es wahr». «Mənə həyat kimi görünən yuxu idimi?». Bunu o, sonadək kəsdirə bilmir. Burada biz həm də solipsizmə uğrayaraq: bir yuxu görən mövcuddur və bu – bizim hər birimizdir; Əgər söhbət məndən gedirsə, hal-hazırda bu yuxugörən sizi yuxuda görür. Yuxuda gördüyü mühazirə zalıdır… Ancaq bir yuxugörən var: o, yuxuda bütün kosmik prosesi, dünya tarixinin bu məqama qədərki bütün olaylarını (bu tarixin ilkin çağlarını, yeniyetməliyini də) görür. Əsl həqiqətdə bu heç olmaya da bilərdi; məhz bu məqamda biz nəfəs qazanırıq, onun yuxusuna girməyə başlayırıq, bizim hər birimizə (bizə yox, məhz bizim hər birimizə!) çevrilməyə başlayırıq. İndi yuxuda görürəm ki, Çerkas küçəsində mühazirə oxuyuram, mövzu axtarıram və yəqin ki, onu tapa bilmirəm, yuxuma siz girirsiniz, ancaq bütün bunlar həqiqət deyil. Əksinə, sizin hər biriniz məni və yerdə qalanları yuxuda görür.Beləliklə, iki tamaşa alınır: parlaq, son dərəcə poetik tamaşaya görə, bütün həyat – yuxudur. Onların arasında elə bir fərq yoxdu. Qrussakın məqaləsində də söhbət bu barədədir: insan fəaliyyəti sərhəd tanımır. Biz oyaq qala bilərik, yatarıq, yuxu görərik, bu təsadüflərdə əqli fəaliyyətin xarakteri dəyişilməz qalır. O, bu yerdə Şekspirdən sitat verir: «Biz yuxularımızın yoğrulduğu şeylərdən yaranmışıq».Başqa bir mövzu da var ki, ondan vaz keçmək mümkün deyil – peyğəmbər yuxuları. Yuxuyla reallığın qarşılıqlı əlaqəsi ideyası yüksək təfəkkürə məxsusdur; burada iki planı fərqləndirmək olur.

      «Odissey»də bir epizod var ki, söhbət buynuz və fil sümüyündən qayrılmış darvazalardan gedir. Fil sümüyündən qayrılan darvazadan insanlara yalançı yuxular, buynuzlu qapıdan isə doğru, başqa sözlə, peyğəmbər yuxuları daxil olur. «Ependa»nın, səhv eləmirəmsə, ya doqquzuncu, ya da onuncu kitabında da belə bir epizod var. Egey Herkules qülləsinin o tərəfində olan Yenisey çöllərinə tərəf gedir; burada o, Axilles və Tiresiyanın nəhəng kölgələriylə söhbətləşir, gözünə anasının kölgəsi sataşır, onu qucaqlamaq istədikdə əlləri boşa çıxır, çünki o, varlıq yox, kölgədir; bundan başqa gələcəkdə ucaldacağı çox əzəmətli şəhərləri görür. Romulu, Remi, gələcək Roma forumunun keçiriləcəyi çölü, əzəmətli Romanı, Avqustu, bir sözlə, bütün imperiyanın gələcək çiçəklən­məsini görür. Bütün bunları görüb öz soyundan olan adamlarla (onlar gələcəkdə dünyaya gələcəklər) söhbətləşdiukdən sonra Eney yerə qayıdır. Burada, necə deyərlər, indiyə kimi heç kəsin gözünün tutmadığı çox maraqlı bir hadisə baş verir, bu hadisəni adı bizə gəlib çatmayan bir şərhçidən başqa heç kəs izah edə bilməmişdir. Eney buynuz darvazalardan yox, fil sümüklərilə bəzədilmiş qapılardan qayıdır. Niyə? Şərhçi belə cavab verir: ona görə ki, biz əsl həqiqətdə real gerçəklikdə əsl dünya anxetiplər dünyası idi. Eney fil sümüyü ilə bəzədilən qapılardan çıxır, çünki yuxular dünyasına yollanır – biz isə onu həyat adlandırırıq.Bütün bunlar bütünlüklə doğrudur. İndi isə qorxulu yuxular, qarabasma mövzusuna ioxunmaq istəyirik. Qorxulu yuxuların adlarını xatırlatmaq yerinə düşərdi. İspanca bu adlar çox da uğurlu səslənmir, kiçiltmə (reduksiya) formalarına görə öz gücünü itirir. Bu adlar digər dillərdə daha parlaq təsir bağışlayır. Yunan dilində yuxu Eftaltes adlanır, Eftalt, qarabasma doğuran şeytan, yaxud əcinnədir. Bu söz latın dilində «incubus» kimi verilir. İnkub – yatan adamı «boğub» onda qarabasma effekti yaradan şeytandır. Bu sözün alman variantı daha maraqlıdır: Alr – öz növbəsində «elf» deməkdir; elflərin yaratdığı təngənəfəslik «əcinnə» mənasını verən eyni fikri ifadə edir. Burada dünya ədəbiyyatında qorxulu yuxular üzrə məşhur mütəxəssis olan De Kunsinin gördüyü şəkli xatırlamaq yerinə düşərdi. Füsselin, yaxud Füzzlinin (XVIII əsr İsveç rəssamı) əsəri «The Nightmare» – «Qarabasma» adlanır. Qız yatır. Oyananda dəhşətə gəlir: görür ki, qucağında balaca, kifir və eybəcər bir uşaq yatır. Bu bədheybət elə qarabasmanın özüdür. Füzzli bu şəkli çəkəndə, Alr sözü barədə, insanı boğan elflər barədə düşünürmüş.İndi isə biz daha dərin və çoxmənalı sözün – «the Nightmare» – qorxulu yuxuların ingilis anlamı üzərinə qayıtmaq istəyirik; bu sözün hərfi mənası «gecə madyanı» deməkdir. Şekspir bu sözü məhz yuxarıdakı anlamda başa düşürdü. Onun əsərindən belə bir misra keçir: «I met the night mare» – «Mən gecə madyanı ilə rastlaşdım». Buradan aydın olur ki, qorxulu yuxu dedikdə, o, qulyabanını nəzərdə tutur; başqa bir misra da var ki, burada «the Nightmare and her nine foals» –  «qulyabanı və onun doqquz ayğırı» barədə danışılır; burada da o, qorxunu qulyabanı kimi təsəvvür edir.

      Ancaq etimoloqların fikrincə, sözün kökü tam başqadır. ,ecrwyrrwqf «night mare», ya da «night maere» – gecənin ruhu olmalıdır.

      Doktor Conson özünün məşhur lüğətində yazır ki, bu söz mənşəyi etibarilə şimal mifologiyasına, biz deyərdik, bəlkə də sakson mifologiyasına gedib çıxır ki, burada da qorxulu yuxular şeytan fitnəsi hesab edilir; başqa bir şərh də mövcuddur ki, o, ingilis mənşəli «nightmare» sözünü alman mənşəli «Marcen»lə əlaqələndirməyə yardımçı olardı. Marcen – əfsanə, sehrli nağıl deməkdir, «nightmare»in mənası isə belədir: «gecə əfsanəsi». Viktor Hüqo «nightmare» sözünü «gecə qulyabanısı» kimi işlədəndə də (bu «gecə madyanı» özündə olmazın sirlər gizlədir–!) sevinci yerə-göyə sığmırdı. Hüqo ingilis dilini öyrənir və Şekspir haqqında bu gün tamam yaddan çıxan bir kitab da yazır. «Ües Contemrlation» toplusuna daxil olan şerlərin birində deyilir ki, əgər yaddaşım məni aldatmırsa, söhbət «qara gecə madyanından» («le cheval noir de la nuit») gedir. Şübhəsiz ki, Hüqo məhz «nightmare» sözünü nəzərdə tuturdu.Burada bir çox etimoloji şərhlərdən söhbət getdiyi üçün «nightmare» sözü ilə əlaqəsi güman edilən «canchemare» fransız sözünü də xatırlatmaq olar. Bu sözlərin hər biri demonoloji səciyyəli mənaya malik olmaqla, vahimə və qarabasma doğuran demonu bildirir. Mənə belə gəlir ki, məsələ heç də mövhumatda deyildir; bütün açıqlığıyla deyirəm: bu anlayışda həqiqətlə bağlı nəsə ehtiva edilmişdir.İndi isə gəlin, qorxulu yuxuların monastrına daxil olaq. Həmişə yuxuda eyni şeyi görürəm. Belə deyərdim: məni çox zaman biri digəriylə əvəz olunan iki vahimə incidir. Birinci qorxulu yuxu labirintdən ibarətdir ki, obrazı uşaqlıqda fransız kitablarının birində gördüyüm estampa bənzəyir.Estampiın içində dünyanın yeddi möcüzəsi həkk edilib – onlardan biri də Krit labirintidir. Çox böyük, nəhəng və hündür amfiteatr şəklində bir labirint (bunu belə bir fakt da təsdiqləyir ki, o, sərv ağacı və adamlarla əhatə edilmişdir).

      Belə bir qapalı, fatal dərəcədə qapalı bir tikilidə çatlar gözə dəyir. Uşaqlıqda mənə belə gəlirdi ki, bəlkə də indi təsəvvür edirəm ki, guya uşaq çağı belə bir şey olub: elə bil əlimdə tutub bu çatların birinə baxdığım zərrəbin o qədər böyük idi ki, labirintin sehrli mərkəzində çox asanlıqla Minotavrı görə bilərdim.Mənim ikinci qorxulu yuxum güzgüylə bağlıdır. Bu, iki müxtəlif vahimə deyildir: labirinti yaratmaq üçün iki yanaşı qoyulan güzgü də bəs edir. Yaxşı yadımdadı, bu yuxunu mən Belqranovda Dora Alvearın evində görmüşdüm; yuxuda güzgüdən qapı və divarları olan dairəvi otaq görmüşdüm və bu otağa daxil olan hər kəs labirintin mərkəzinə düşürdü.Yuxuda həmişə labirint və güzgü görürəm. Yuxuda güzgü gördümmü, vahiməli gecə bitib-tükənmək bilmir, məni daha çox maska obrazları məşğul edir. Maska məndə həmişə qorxu yaradıb. Uşaqlıqda elə bilirdim ki, maska taxan adam onun altında nəsə qorxulu və dəhşətli bir sirlə oynayır. Bəzən yuxuda öz əksimi görürəm, əncaq mənim güzgüdəki «mən»im maskada peyda olur. Maskanı çıxarmaq qorxuludur, çünki öz həqiqi sifətimi görməkdən üşənirəm, bunu isə mən yırtıcı heyvan kimi təsəvvür edirəm. Yəqin ki, o, cüzam ləkələriylə örtülüb ki, bu dəhşətiylə mənim təsəvvürlərimi də arxada qoyur.Dəhşətli yuxuların səciyyəvi cəhəti – burada fikrimiz üst-üstə düşür – onların dəqiq topoqrafiyaya malik olmasıdır. Məsələn, yuxuda mən həmişə Buones-Ayresin dörd yol ağzını görürəm. Budur, mən Laprid və Arenales küçələrinin, bəlkə də Balkars və Çilinin tinindəyəm. Harda olduğumu dəqiq bilirəm, dəqiq bilirəm ki, harasa, çox-çox uzaqlara getmək lazımdır. Yuxuda belə uzaq yerlərin də dəqiq tipoqrasiyası olur, ancaq bir az başqa cür. Bu, dəxli yoxdu, dərə, yaxud cəngəllik də ola bilər: bircə onu bilirəm ki, Buenos-Ayresin hansısa dörd yol ağzındayam. Yol axtarıram.Bu tipli yuxularda obraz heç də önəmli  deyildir. Önəmli olan, Kolricin biz zaman nəzmə çəkdiyi kimi yuxuların bizdə oyatdığı təəssüratdır. Obrazlar elə bir əhəmiyyət kəsb etmir, onlar törəmədir. Əvvəlcədən qeyd etmişdim ki, psixologiya üzrə çoxlu traktatlar oxumuşam, ancaq orada poetik mətnlərlə rastlaşmamışam, onlar olmazın illüstrativ səciyyəyə malikdirlər.Petronidən gətirəcəyimiz nümunə maraqlıdır. Addison Petroninin sətirlərini misal çəkir. Orada deyilir: canını cismin ağır yükündən qurtaran qəlb dərhal oyuna qoşulur: «Bədəni üstündən çırpan ürək oynadıqca oynayır». Qonqor da öz növbəsində sonetlərinin birində yazır ki, yuxular və qarabasmalar əbədi əsərlərdir.Yuxu – tamaşadır. XVIII əsrin əvvəllərində «The Srectator» jurnalında çap edilən məqalədə Addison bu ideyadan bəhrələnmişdi.Nümunə kimi Tomas Braunun şerini gətirirəm: yuxular bizdə qəlbin cismdən üstünlüyüu ideyasını oyadır, çünki məhz yuxuda qəlb cismdən azad olur və oynayır. Müəllifə görə, bu halında qəlbi oynadan içində limhəlim «çimdiyi» azadlıqdır. Ancaq Addison belə hesab edir ki, cism yükündən azad olan qəlb əsl həqiqətdə məhz oyaq olanda heç vaxt başına gəlməyən şeyi çox asanlıqla təsəvvür edə bilir. Daha sonra o, əlavə edir: ürək üçün bütün qabiliyyət və bacarıqlardan ən çətini düzüb-qoşmaqdır. Şübhəsiz ki, yuxuda biz nəyisə ani olaraq qoşuruq və ağlımızdan keçən hər şeyi bu düzüb-qoşduğumuzla qarışıq salırıq. Yuxuda görürük ki, kitab oxuyuruq; bu kitabın hər sözünü əslində biz özümüz uydururuq, özü də təhtəlşüurda və sonra ona doğrudan mövcud olan bir hazırlıq işi – bunu gəlin, şeylərin uydurulması adlandıraq – yuxuların əksəriy­yətinə xasdır.Bir yuxumu xatırlayıram. Yadıma gəlir ki, bu Serran küçəsində, daha dəqiqi, Serran və Soler küçələrinin tinində baş vermişdi, məkan tamamilə başqa idi. Ancaq mən əmin idim ki, Palermada, köhnə Serran küçəsində durmuşam. Qarşıma dostum çıxır: bu dostu mən tanımıram; üzünə baxım görürəm ki, dəhşətli dərəcədə dəyişib. Sifətini heç vaxt görməmişdim, ancaq dəqiq bilirdim ki, o, belə baxa bilməzdi. Bəli, o güclü şəkildə dəyişmiş və qüssəli idi. Sifətindən dərd, xəstəlik oxunur, ona günahkar görkəmi verirdi. O, sağ əlini gödəkçəsinin yaxasına salmışdı (bu, yuxu üçün mühüm detaldır). Əlini görmürdüm, o, onu ürəyinin başına qoymuşdu. Başa düşdüm ki, köməyə ehtiyacı var – onu qucaqladım. «Yazıq İmyarek, sənə nə olub belə?!» Sonra yavaş-yavaş əlini yaxasından çıxarmağa başladı. Baxıb görürəm ki, əlinin yerində quş ayağıdır.Qəribədir ki, insan lap əvvəldən əlini sinəsi üstündə gizlədib, insanın, necə deyərlər, quş ayağı «gətirməsini» mən onda baş verən dəhşətli dəyişiklik hesab edirəm, burda mən insanın faciəsini görürəm, bunu mən qeyri-şüuri hazırlamışam. Yuxuda belə də olur; bizdən nəsə soruşurlar, biz isə cavab vermək iqtiradında deyilik, cavabı elə bil ki, kimsə qulağımıza pıçıldayır, bu isə bizi tamam karıxdırır. Cavab absurd da ola bilər, ancaq yuxu üçün bu dəqiqdir. Onu biz özümüz hazırlamışıq. Beləliklə, mən bu deyilənlərdən nəticə çıxarıram: yuxular – estetik yaradıcılığın ən arxaik növünə aiddir.Məlumdur ki, heyvanlar da yuxu görür. Latın şerlərinin birində deyilir ki, ov iti yuxuda dovşanı qovur və ona hürür. Beləliklə, bizim üçün yuxu – estetik yaradıcılıq növünə aiddir, belə ki, o, dramatik xarakterə malikdir. Bu fikrimi Addisonun sözləriylə tamamlamaq istəyirəm – o, özü də bilmədən Qonqoru təkrar etmiş olur. Addison fəhm edir ki, yuxuda biz teatra, auditoriyaya, aktyorlara, süjet və izə çevrilirik.Bütün bunlar qeyri-şüuri baş verir və elə bir canlılığa malik olur ki, bu, heç reallığın özündə olmur. Kimlərsə solğun, yayğın yuxular görür. Mənim yuxularım çox parlaq olur.Kolricə qayıdaq. O, belə hesab edir ki, yuxuda gördüyümüz obrazların heç bir mənası yoxdur, yuxu faktının özü izaha möhtacdır. Nümunə də gətirir; əgər indi bu zalda şir peyda olsa, hamı qorxar; qorxunu şirin qəfil gəlməsi yaradır. Yaxud: yatdığım yerdə yuxudan oyanıram, sinəmin üstünə çökmüş hansısa vəhşi heyvanı görürəm, qorxudan az qalır bağrım çatlasın. Ancaq yuxuda bunun əksi də baş verə bilər. Kimsə sənə təzyiq göstərib, sıxır, sən isə bunu izah etmək istəyirsən. Məntiqin ziddinə gedib mən yuxuda çox canlı şəkildə təsəvvür edirəm ki, guya başımın üstündən sfinks asılıb. Sfinks – qorxunun səbəbi deyil, təzyiq və sıxıntının nəticəsidir. Kolric əlavə edir ki, insanlar paltarını dəyişən kabuslardan qorxub ağıllarını itirirlər. Əksinə, yuxuda kabus görəndə oyanır, bir neçə saniyədən sonra özünə gəlirsən.Həmişə qorxulu yuxular görmüşəm, elə indi də görürəm. Mənə ən dəhşətli görünəni bir sonetə köçürmüşəm. Mənzərə belə idi: otağımda oturmuşdum, işıqlaşırdı (görünür, yuxunu da elə bu zaman görmüşdüm); aşağıda, çarpayının ayaq tərəfində çox qədim bir kral oturmuşdu; yuxuda anladım ki, o, Norveç kralıdır. O, mənə baxmırdı: kor gözlərini bir parça mavi səmaya dikmişdi. Anladım ki, o, çox qədimlərdən gəlib, indi belə bir sifəti heç harda görməzsən. Bu qarabasma ağlımı başımdan alacaqdı. Kralı, onun qılıncını və itini görmüşdüm. Nəhayət, oyandım. Ancaq kral yaddaşıma elə hopmuşdu ki, uzun müddət onu qarşımda görürdüm. Yuxumu danışıb dilə gətirmək – boş şeydir; onu görmək – əsl dəhşət budur.Mən əsl qorxulu yuxular barədə danışdım, indi isə ədəbi kabuslardan bəhs edəcəyəm. Yeri gəlmişkən, onlar da həqiqidir. Mən keçmiş mülahizələrimdə Dante barədə danışmışdım, burada mən «nobile castello» – «uzaq cəhənnəm» qəsri barədə söz açdım. Vergilinin müşayiəti ilə Dante birinci dairəyə yaxınlaşır və görür ki, Vergilinin sifəti ağarıb. O düşünür ki, əgər Vergili cəhənnəmə, öz əbədi evinə girəndə ağarırsa, onun özü niyə qorxmasın? Bu barədə o, qorxudan ürəyi əsən Vergilidən soruşur. O isə təkid edir: «Mən irəliləyəcəyəm». Və onlar yorulmadan irəliləyirlər, arxadan isə kəsilməyən fəryad eşidilir; bu fəryadlarsa fiziki ağrılardan yox, daha dəhşətli əzablardan doğub.

     Onlar «nobile castello»ya yaxınlaşırlar. Bu qəsri yeddi sərbəst incəsənət növünü (trivium'a u quadrivium) simvollaşdıran yeddi divar əhatə edir. Görünür, Dante «yeddi» rəqəmini magik sayırdı. Görünür, bunun çoxlu şərhi mövcuddur, o da elə bu şərhlərdən faydalanıb. O, həm də qeyb olan çaydan və göy biçənəkdən söz açır. Ona yaxınlaşanda finfitdən (mina) başqa bir şey görmür. Göy çəmən adında gözünə heç nə dəymir, gözünü tutan ölü əşyalar olur. Antik dünyanın dörd dahi şairi ona yaxınlaşır: əlində qılınc tutan Homer, Ovidi, Lukan, Horatsiya. Vergili Dantedən Homerə təzim etməyi xahiş edir, Dante ona ehtiram bəsləsə də, əsərlərini oxumayıb. Vergili üzünü ona tutur. «Nonorate l'altissimo roeta» – Homer Danteni öz icmasının altıncı üzvü kimi salamlayır. «Komediya» hələ ki, yazılmayıb, ancaq elə bu andan etibarən qələmə alınmağa başlayır, Dante belə bir nəhəng işin öhdəsindən gələ biləcəyinə inanır.Sonra ona elə şeylər danışılır ki, təkrarlamaq yerinə düşmür. Güman etmək olar ki, məsələnin məğzi florensiyanın utancaq­lığındadır; ancaq səbəb daha dərinlərdədir. Söhbət kimlərin yuxarıda adı çəkilən qəsrdə yaşamağından gedir; orada bütpərəst və müsəlmanların dahi kölgələri dolaşır, onların nitqi səlis və sərbəstdir, üz-gözlərində ləyaqət ifadəsi həkk edilib, ancaq elə bu cizgilərdən də görünür ki, Allah onlarla deyildir. Orada allahsızlıq hökm sürür: onlar bilirlər ki, əbədi qəsrdə yaşamağa məhkum olunublar. Bu qəsr möhtəşəm və qorxuludur.

      Orada Aristoteli, Platonu, həm də bir tərəfdə şahanə otruşuyla diqqəti çəkən sultan Saləddini görürük. Həm də xaç suyuna çəkilmədikləri üçün xilası mümkün olmayan bütün dahi bütpərəstləri; Xristos onları xilas edə bilmədi. Cəhənnəmdə Vergili ondan danışsa da, adını çəkə bilmir, onu sadəcə bilici adlandırır. Güman etmək olar ki, Dante hələ özünün dramatik istedadını ortaya qoymayıb, onun personajları da bu səbəbdən hələ dil açmayıblar. Belə bir şeyə təsadüf etmək qalır ki, Dante bizə əlindəki qılıncın dəstəyini sıxaraq, Homerin dahi kölgəsinin ona açdığı sözləri bəyan etməyib. Ancaq biz Danteni anlayırıq, qəsrin vahiməli dərəcədə qorxunc ola bilməsi üçün hər şeyin sükut içində baş verməsi yaxşı olardı. Dante nəhəng kölgələrlə söhbətləşir. O, Senekanı, Platon, Aristotel, Saləddin, Aversoesanı xatırlayır. Bir-bir onların adını çəkirsə də, bizə bircə söz də çatmır. Bəlkə də belə yaxşıdır.Bütün bunları götür-qoy etdikdən sonra mən belə deyərdim: cəhənnəm – dəhşətli yuxu deyildir, adi işgəncə kamerasıdır. Orada müdhiş şeylər baş verir, ancaq bu uzaq qəsrdə vahiməyə yer yoxdu. Dünya ədəbiyyatında ilk dəfə olaraq Dante belə hesab edir.İndi isə De Kuinsin çox təriflədiyi digər nümunəyə baxaq. Bunu biz Vordsvortun ikinci kitabı olan «Preludes»də tapa bilərik. Vordsvort etiraf edir ki, onu çoxlu sayda kosmik kataklizmlərə ürcah olmuş incəsənət və elmin başı üstünü təhlükə kəsdirməsi narahat edir. Əgər belə bir şeyi nəzərə alsaq ki, deyilənlər XIX əsrin əvvəllərində yazılıb, «narahatlıq» sözü çox qəribə səslənər. O zaman isə bu tipli katastroflar barədə danışmaq dəbdə deyildi; bu gün biz belə hesab edirik ki, insan əliynən yaradılan hər şey, ümumən insanlığın özü hər dəqiqə məhv edilə bilər – atom bombasını yada salın. Beləliklə, Vordsvort səmimi söhbətə dəvət edir. O deyir: bir gün elmin və incəsənətin insan əliynən yaranan bütün nəhəng işlərin dağılıb məhv olmasını düşünmək dəhşətdir! Dostu belə cavab verir: belə bir qorxu onun da canından keçib! Vordsvort isə belə deyir: bu qorxunu mən yuxuda keçirmişəm…Burada mən bütün digər yuxularla müqayisədə şedevr sayıla biləcək yuxulardan söz açmaq istəyirəm; onun tərkibinə hər iki tip qorxulu yuxular daxildir: həm  fiziki işgəncə motivi, həm də fövqəltəbii başlanğıc sayılan vahimə elementləri. Vordsvort nəql edir ki, günortaüstü dəniz salinidə oturub ən çox sevdiyi kitablardan birini – Servantesin ölkələr gəzən «Don Kixot»unun macəralarını oxuyurdu. O, kitabın adını çəkməsə də, söhbətin nədən getdiyini biz hiss edirik. O deyir: «Mən kitabı bir kənara qoyub düşünməyə güc verdim. Tamamilə doğrudur: mən elm, incəsənət barədə düşüncələrə daldım, sonra isə saat … vurdu». Günorta. İsti yaxıb-yandırır. Dənizkənarı qrotda əyləşən Vordsvort şirin xəyallara dalır: «Yuxu məni bişirib ruhuma daxil oldu».O, düz dənizkənarında tikilən qrotda, qızılı qumun üstündə yuxuya getmişdi. Yuxuda o, Saharanın qara qumuyla çevrələnmişdi. Nə su, nə də dəniz vardı. Düz səhranın ortasındaydı, – səhraya düşən elə onun düz ortasında olur, ağlına ancaq bu fikir gəlir ki, bu cəhənnəmdən necə qurtulsun, fikirləşir və onu dəhşət alır. Ancaq birdən «görür» ki, onunla yanaşı kimsə əyləşmişdir. Qəribədir, bu ki, bedun qəbilələrindən olan ərəbdir; dəvə üstündə oturan ərəb sağ əlində nizə tutub; sol əlindəki daşı sıxır, əlində balıqqulağı var.

      Ərəb deyir: mənim vəzifəm incəsənəti, elmi xilas etməkdir, bunu deyib, balıqqulağını onun qulağına tutur; balıqqulağının gözəlliyi təsvirəgəlməzdir. Vordsvort (bilmədiyim, ancaq anladığım bir dildə) deyir ki, buna bənzər sözləri qəbilə arasında eşitmişdi, deyilənə görə, Allahın qəzəbi tutacaq, yer üzünü yox edən sel göndərəcək. Bu düzdür, ərəb təsdiq edir, su-sel yaxınlaşır, elə buna görə elmi və incəsənəti xilas etmək lazımdır. Ərəb ona daşı göstərir. Daş elə daşlığını qoruyub saxlayaraq, çox qəribə şəkildə Evklidin «Həndəsə»sinə çevrilir. Sonra balıqqulağını geri çəkir, o, bütüun bu dəhşətləri gətirən kitaba dönür. Balıqqulağı – bu, həm də bütün dünya poeziyasıdır, niyə də axı yox? – O cümlədən Vordsvortun öz poeziyasıdır. Beduin deyir: «Mən hər iki şeyi, hər iki kitabı – balıqqulağını da, daşı da xilas etmək istəyirəm». O, arxaya baxır və birdən Vordsvort görür ki, beduinin sifəti dəyişir, bunu görcək onu dəhşət alır. O da ətrafa baxır, səhranı ağzına alan parlaq işıq görür. Bəlkə də torpağı silib aparan seli. Beduini əlini yelləyəndə Vordsvort anlayır ki, beduin elə Don Kixot, dəvə Rosinantdır; bu da həqiqətdir ki, daş və baləıqqulağı – kitab, beduin – Don Kixotdur; o – nə bu, nə də başqasıdır, ancaq eyni zamanda hər ikisidir.Yuxugörmə üçün belə bir dualizm xasdır. Və burada Vordsvort dəhşətli qışqırıqla yuxudan oyanır.Məncə, bu qorxulu yuxu – dünya ədəbiyyatında ən görkəmli əsərlərdəndir.Bu gün sizinlə danışdıqlarımızdan iki nəticə çıxarmaq olar; sonra bunlara da ətraflı baxacağıq. Birinci nəticə: yuxular bədii ifadənin ən arxaik üsullarından biridir. O, dramatik formanı ən ali dərəcə hesab eləyir, belə ki, Addisonun fikrincə, biz teatra, tamaşaçıya, aktyora çevrilirik, süjet yaradırıq. İkinci nəticə vahimələrə aiddir. Həyatımızda dəhşətli məqamlar çoxdur. Hamıya məlumdur ki, elə anlar olur ki, reallıqdan bezirsən. Sevdiyin insan vəfat edir, səni tək qoyur – özgələşmək, dərd çəkməkçün o qədər bəhanə var ki… Belə çıxa bilər iki, onların qorxulu yuxularla az əlaqəsi var. Vahimələrdəki dəhşət xüsusi keyfiyyətə malikdir. O, istənilən süjetlə ifadə oluna bilər, mənim kralı gördüyüm yuxuda, A.Polun məşhur vahimələrində. Burada başqa bir mühüm element də olmalıdır: vahimə elementi. Baxdığım bütün traktatlarda bu barədə heç nə deyilmir. Yalnız etimologiya ilə tam üst-üstə düşən teoloji yozum, izah irəli sürmək qalır. Adıkeçən sözlərdən istənilən birini götürün, deyək ki, latın mənşəli «incubus» sözünü, sakson mənşəli «nightmare», yaxud alman mənşəli «Alr» sözünü. Onların hər birində nəsə fövqəltəbii bir şey var. Deyək ki, belədir: Bəlkə elə, vahimələrin öz təbiəti fövqəltəbiidir? Bəlkə elə vahimələrin özü cəhənnəm ünsürləridir? Qorxulu yuxular bizi sözün hərfi mənasında cəhənnəmə aparmır ki? Bu qəribə dünyada daha nələr baş vermir ki?


1

Təbrizliyəm, İndilik Ankarada yaşıram, Sizi iki blogin görməyinə çağırlram, Biri mənim öz blogım, Biri isə bax bu: http://ovshar.azeriblog.com/
Hörmətlə......Sara

İyun 6, 2008 19:32

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha


© 2008 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com