TƏNQİD METADİL OLMAQDAN BAŞQA, HƏM DƏ ETİRAFDIR
Ədəbi prosesin istənilən hadisəsi haqqında düşündüklərini yazmaq çox asandır, nəinki ədəbi tənqidin mahiyyəti və nə olması haqqında. Birincisi, sənin “düşündüklərin” özün də hiss etmədən illər boyu müəyyən qəlib içinə oturmuşdur və istənilən ədəbi fakt, ya hadisə ilə bağlı bu qəlibin içində sonsuz sayda işarələr var ki, ifadə olunmağa fürsət gəzir. Mənə elə gəlir ki, hər bir yazan adam ilk növbədə məhz bu “ifadə olunmaq istəyən işarələri” var gücüylə boğmağa çalışmalıdır. Onlara dərhal qapı açmaq, necə deyərlər, artıq müqavimətin və immunitetin itirilməsi anlamına gəlir.Bizim ədəbi prosesdə tənqidlə canlı proses arasında həmişə bu və ya digər şəkildə “ölüm-dirim savaşı” getmişdir və bir balaca kənardan baxan kimi bu müharibənin nə qədər amansız və mənasız olması bilinir.
Belə olan təqdirdə onların – bu iki hadisənin bir-birlərinə “son nəfəs çəkilənə qədər” mane olmaları sübuta ehtiyacı olmayan problemlərdəndir. Belə deyək: yazıçı (bədii mətn yaradan digər şəxslər) təvazökarlıq adından saxtakarlıq edərək, yazdığının bədii səviyyəcə aşağı olmasını bilmərrə qəbul etməyən, tərs, hirslənəndə yeri-göyü yaxan, tənqidçi isə daim nəyi isə sübut etməyə çalışan və heç zaman bu imkana və fürsətə malik olmayacağı bəri başdan bəllənən bir fiqurdur (Allah eləməsin bu sözün müstəqim mənasında). Uyğunsuzluğun bu şəkildə olması faktiki vəziyyəti güzgü kimi göstərir: yəni bu gün var gücümüzlə bağırsaq ki, ədəbi camiəmiz parlaq bədii əsərlərlə aşıb-daşır, iki göz istəyir baxmağa, həmin uyğunsuzluq “ekrana gələcək”, özünü göstərəcək və hər şeyin yalan olduğunu təsdiq etməyə lüzum qalmayacaqdır. Gözəl mətnlər yaratmaq mənasında millətin gücü bu anla, bu zamanla ölçülmür, bu güc özünü ən dəhşətli məqamlarda belə göstərir, özü də hər an keçmişə ekskurs edərək; adı çəkilən uyğunsuzluq isə yüz il davam eləsə də, millətin böyük zamanı kontekstində olsa-olsa bir andır – ancaq nə qədər kiçik olsa da özünü diktə etmək gücünə malikdir. Bu mənada, nəyin əbədi, nəyin keçici olmasını həmişə zaman (millətin, dilin zamanı -!) müəyyənləşdirir. Tənqidçi bu zamana işləyən adamdır, öz ədəbiyyatının qara fəhləsidir.
Bizim cəmiyyətdə tənqidçi kimdir? Ən doğru fakt budur ki, indi hamı tənqidçidir. Və bu “tənqidçilik” əfsuslar olsun ki, məşhur bir nümunədə deyildiyi kimi, dünyanı qavramaqdan, dərk etməkdən deyil, anlamamaqdan, anlaya bilmək üçün resursların olmamasından irəli gəlir. Qəzet, jurnal və portal səhifələrinə baxın. Ucdantutma bütün ədəbi mühakimələrin içində şəxsən mən illər boyudur ki, qəribə bir anormallıq hiss edirəm və zaman keçdikcə bu qüsur bizi tərk etmir, şişir, böyüyür, gündə bir buğda boyu…
Bir yazıçının başqa birisini, onun mətnini… qəbul etməməsi, lap kobud şəkildə belə olsa (…oxutmuram, əl çəkin!) ona önəm verməməsi çox normal bir hadisədir, ancaq bu qəribə mətnləri yaradan insanlara bir qüsur tutan kimi adamla karyerasını başa vursa da, hikkəsini unuda bilməyən siyasətçi diliylə danışırlar. Siyasətin, diplomatiyanın… ən qart üsulları, heç zaman heç yerdə tətbiq edilməmiş yöntəmləri bizim müstəvilərdə “çox uğurla” sınaqdan keçirilir. Bu kimi faktları və baş verən və verəcək hadisələrə illüstrasiyaları sonsuza qədər uzatmaq olar…
Normal halda tənqidlə bədii mətnin münasibətləri (bir daha təkrar edirik: normal münasibətləri) sayəsində “ikinci cəbhə” açılır, gözlədiyinizin əksinə olaraq bu məqamda kiminsə “evrika!” deyib qışqırmasına səbəb ola biləcək heç bir hadisə baş vermir. Çünki yuxarıda xatırlatdığım kimi, bu – hadisənin təbii gedişatından doğmalı olan bir nəsnədir. Belə deyək, bədii əsərin dilində hər şey var – o, dünyanı gücü çatan həcmdə ehtiva etməyə çalışır, tənqidsə, hansı dillə yaradılmasından, akademikliyindən və ya esseyə oxşamasından asılı olmayaraq, sırf “riyazi əməliyyatları” həyata keçirməklə məşğul olur, yazıçının açdığı “dil arsenalında” hadisələri tutuşdurub “inteqrallaşdırır”, sırf inteqral əməliyyatlarını həyata keçirir. “Ədəbiyyatın dilinin tabe olduğu qanunlar onun reallıqla, gerçəkliklə deyil, müəllifin özü üçün müəyyənləşdirdiyi işarələr sistemi ilə uyğunluğuna aiddir (burada sistem sözünü sözün ciddi mənasında anlamaq lazımdır). Deyə bilərik ki, tənqidin məqsədi xalis formal xarakter daşıyır; bunun mənası o demək deyildir ki, tədqiq edilən əsərdə, yaxud yazıçıda indiyə kimi sezilməyən hansısa “sirri”, “dərinliyi” aşkara çıxarasan, o deməkdir ki, müxtəlif ağac hissələrini məhz ağlının gücünə bir-birinə yaraşdıran ağıllı xarrat kimi iki mürəkkəb detalı – dövrümüzün bizə verdiyi dili (marksizm, psixoanaliz) digər dilə - müəllifin özünün məxsusi epoxasına uyğun işləyib-hazırladığı məntiqi məhdudiyyətlərin formal sisteminə uyğunlaşdırasan” (Rolan Bart).
Bizdə isə həmişə normal hadisələrin tam əksi baş verir: neçə əsrdir ki, biz Füzulidə hansısa “sirri-xudanı” axtarır və tapa bilmirik, məsələnin bütün məğzi isə onun yuxarıda deyildiyi kimi özü üçün dövrünə uyğun işləyib-hazırladığı dili bula bilməməkdədir. Hər hansı yazıçının epoxaya uyar şəkildə işləyib-hazırladığı dilin içində onun bütün cəhətləri, həm də daha çox məhdudiyyətləri, yaşadığı dövrdə dünyanın gerçək halı ilə uyğun gəlməyən xüsusiyyətləri ehtiva olunur. Olur ki, bu “uyğun gəlməyən cəhətlər” zaman keçdikcə yerini tutur, işarələrin (kitabda və gerçəklikdə) bu şəkildə “yanıb-sönməsi”, bir-birini “təsdiqləməsi” adı çəkilən dövrdə məhdudiyyət sayılan nəsnənin “yeni dövrdə” həqiqət olması poetik sistemin bir növ başqalaşmasına, şəklini, məzmununu dəyişməsinə və digər şəkildəyişmələrə meydan açır. Və beləcə biz hiss etməsək də, Nəsimi, Füzuli, Əli Kərim, Səməd Vurğun, Mikayıl Müşfiqin, Əhməd Cavadın…. yaradıcılığı ildən-ilə “dəyişir”, başqalaşır. Bax, bütün bu başqalaşmaları bizə tənqid göstərməlidir, proqnozlaşdırmalıdır, Dədə Qorqud dastanlarında deyildiyi kimi “qeybdən xəbər” gətirməlidir. Yəni, bütün mümkün hallarda tənqidin sosial yozmalara yön verməsi onun gücsüzlüyündən, sözün pis mənasında ictimailəşməsindən xəbər verir. Sovet dövründən bu günə kimi bizdə tənqid məhz ictimailəşməklə məşğul olmuşdur və bədii əsər haqqında adicə fakta çevrilmək təhlükəsi bu gün ən dəhşətli problem şəklində meydana çıxmışdır. Bu xəstəlik artıq necə deyərlər, “norma” halına keçib – artıq müəyyənləşdirilmiş çərçivədən kənara çıxan kimi “ictimai qınaq” obyektinə çevrilirsən, qarşına çıxan ilk adam bu sualı sənə verməkdən özünü saxlaya bilmir: yazmırsan… Artıq müəyyənləşdirilmiş çərçivədə “yazmaq” ən mənasız əsərləri belə mütaliə etməkdən, onlar haqqında düşündüklərini qələmə almaqdan, bu mənasız və mündəricəsiz əsərləri bir-biri ilə tutuşdurub “nəzəri nəticələr və qənaətlər hasil etməkdən”, döyüşən dəstələrin düz ortasında olmaqdan (xüsusən ədəbi qəzetlər qapı-qapı gəzib yeni dava-dalaş motivləri axtarırlar), bütün bu dəstələrə hər dəfə nəyisə sübut etməkdən ibarətdir. Yaxınlarda bir tanışıma rast gəldim, oğlunun ədəbiyyat həvəsindən danışırdı və indi çap edilən əsərləri oxuya bilməməyindən şikayətlənirdi, vaxt darlığına görə yox, zəif olduqlarına görə. Deyirdi ki, bu əsərləri oğluma verirəm oxusun və məzmununu mənə danışsın. Ədəbiyyata həvəs göstərən uşağın zövqünün necə formalaşması indidən məlumdur. Uşaqlıqda nə qədər eləsəm də, cəhd göstərsəm də Əli Vəliyevi oxuya bilmədim, S.Rəhimovu dəfələrlə oxusam da, bezdirdi məni. Ona qalsa, hamıya məlumdur ki, dastanlarımızın da böyük qismi xalq təfəkkürünün deyil, fərdi yaradıcılığın məhsuludur. Yaxşı ki, nənələrimiz, analarımız məktəb görməyiblər, o “fərdi yaradıcılıq” bulağından su içməyiblər, nə yaxşı ki, “Bulaq” verilişi olub…. Ona görə də bu günkü vəziyyəti görəndə yada salmaq lazımdır ki, xalqın sözünü toplamaq əvəzinə onun yerinə söz yaradanların məşum əməli artıq bəhrəsini vermişdir…
Yuxarıda xatırlatdıq ki, bizdə “tənqid” və “tənqidçi” terminləri yerində deyildir, ancaq kimsə onları fiziki şəkildə sürüşdürüb başqa bir müstəvi üzərinə keçirtməmişdir. Məsələ o dərəcədə qəlizləşmişdir ki, tənqidçi anlamıyla təhkimçi anlamı arasında bir elə prinsipial fərq qalmamışdır. Məhz buna görə də bizim cəmiyyətdə tənqidçi ifadəsi yalnız müasir ədəbi proseslə məşğul olan şəxs kimi anlaşılır. Özü də bu prosesin ona təhkim edilən ayrıntıları ilə… Halbuki, tənqid xüsusi bir təfəkkür formasıdır, dünyaya fərqli münasibət tipidir.
Ancaq indi vəziyyət yuxarıda göstərilən faktların fonunda təsəvvür edildiyindən də acınacaqlıdır. Kəsə deyək: bizim hamımız həmin o geydirmə nağıl və dastanlardan başqa, həm də qəlp yazıçıların ədəbiyyat haqqında danışdıqlarının təsiri altında böyümüşük, indi inkar eləyək ki, yox, vallah belə deyil, bu, səfehlikdən başqa bir şey olmaz. Ə.Əylislinin məqalələrinin birində bu mənzərəyə güzgü tutan yaxşı bir passaj var. Nasir Azərbaycan sovet yazıçılarının son qurultayını yada salır və İsa Qəmbərin pıçıltı ilə dediyi “elə bil düşmən yuvasındayam” kəlmələrini yada salır. İsa Qəmbərin bu kəlməni hansı anlamda işlətməsi bir yana, ancaq, Şərif Ağayar demişkən: quş gözündən vurulmuşdur. Bu yuvada, bu dəyirmanda nə olmasa da, düşmənçilik aparmağa həmişə münbit zəmin olub. Düşmən dəyirmanı işləyir, havada 50 dərəcə istilik olsa da, içməyə su tapılmasa da, dəyirmanın suyu tükənmir ki, tükənmir… Ona görə də bu şəraitdə tənqid və bütövlükdə ədəbi gedişat etiraf üstündə köklənməlidir. Ancaq faktiki vəziyyət bunun əksini göstərir.
Keçək konkret mənzərənin detallarına.
1. Milli tənqiddə bədii əsərlərinin ciddi araşdırılma ənənəsi itmək üzrədir. Səbəblərdən biri: tənqid təfəkkürü mutasiyaya uğrayıb, müstəqilliyini itirib, tənqid bazarlıq meydanına çevrilib. Tənqidə bu qədər ehtiyac olduğu bir zamanda onun belə deyək, naxələfliyi dəhşətli proqnozlar doğurur. Əvvəllər bir əsəri tənqid edən adam ikinci təsadüfdə onu tərifləməyə ən azı utanardı, indi utanmaq nədir, bu işi bir neçə dəfə, təkrar-təkrar (buna karusel üsulu deyilir), usanmadan görən adamlar var. Bu boyda dəhşəti doğuran amil hədəfdə deyil, hədəfdə ayrı-ayrı adamlardır, daha çox kənar, təsadüfi hadisələrdir: Anar üzrə ixtisaslaşan dəstələr var, Ramiz Rövşən üzrə “ixtisasartırma” kurslarına gedən mütəşəkkil qruplar var, Kamal Abdullanın romanları ətrafında keşik çəkməyə müntəzir filoloq və qələmçilər tayfası var, bu dəstələrin, bu qrupların və bu tayfaların şeypurçuları, təbil çalanları, suflyorları… var. Amma… Anarla və daha kimlərlə bu qədər məşğul olduqdan sonra bu adamların yenə də ac qalması, yəni doymaması bir ayrı söhbətin mövzusudur.
2. Tənqidlə ədəbi prosesin münasibətlərinin bu kökdə olması birbaşa biri-birini doğuran iki amillə bağlıdır: 1) Cəmiyyətin idarə edilməsində - siyasi-sosial sferada əsas olan milli dəyərlərə söykənmə prinsipi “dekonstruksiya” edilib, idarəetmə yalnız texnar karkasa malik olduğundan, hər şey yaxşı, model olanın ideal görüntüsünün yaradılması, nümayiş etdirilməsinə əsaslanır. Cəmiyyət, siyasət, ideologiya, humanitar siyasət… yoxdur, məmləkət ilğımlarla nəfəs alır, bir sözlə, şəhər ilğımlardan və uca binaların karkaslarından ibarətdir. Bu mühitdə yaranan ədəbiyyat təyinatsız və ruhsuzdur. Bizdə postmodernizmə bir belə qurşanmanın əsas səbəbi budur. Əslində bu ədəbiyyatı artıq tarixə çevrilmiş postmodernizm deyil, məhz həmin ilğımlar və uca binaların karkasları doğurur. Elektron yaddaşdakı ədəbiyyata diqqət yetirin – burada əsas kütlə keçmişdir, indidən əsər-əlamət yoxdur – hətta Aydın Xanın özgə saytlarından çırpışdırdığı məmulatlar da əsasən keçmişin malıdır. İndinin ədəbiyyatını kimlər yaradır, diqqət yetirin: Aydın Xan, İntiş, Qanturalı, Qəşəm Nəcəfzadə, Elçin Hüseynbəyli, Elnur Astanbəyli, Mübariz Məsimoğlu, Baba Vəziroğlu, Nərmin Kamal, Günel Mövlud…. bu adları səhifənin (səhifələrin) axırına qədər uzatmaq olar, ancaq… qəzetlərdə yazılanlara rəğmən, bu yazarların şeir və nəsr əsərlərində sözün dərinliyini göstərən heç nə yoxdur. Çünki…dəstə şəklində qruplaşan bu fiqurlar “ustanovka”yla yazdıqlarına görə heç zaman sözlərinin canı olmur. “Ustanovka” həmişə hardansa, kim tərəfindənsə verilmir, insan özü-özünü bu məcburiyyət içinə pərçimlədə bilər və belə olduqda sonu görünməyən dəhşətli cəbhələşmələrə meydan açılar – bu gün ədəbi proses müharibə ovqatına göklənib, müharibəyə sürükləyən səbəblərdən biri cəhalət olduğundan, kənardan ən müxtəlif peşə sahibləri də bu sahəyə cumub – bu fövqəladə vəziyyətdə bəzisi qələmi tərsə tutduğunun belə fərqində deyil. Biz elə bil ki, güllə altına düşmüş maşın içindəyik. Maşının pəncərəsi təhlükəsizlik məqsədi ilə çölü göstərmir, ona görə də rahat-rahat yazırıq, əsl təhlükə isə öz içimizdədir. 2) Bu gün Azərbaycan ədəbiyyatı yalançı şair və yalançı nasir obrazıyla doludur, tənqidçiliksə sırf tamadalıqla əvəzlənib. Bu xata ən istedadlı şairlərdən də ötüşməyib – yalançı oyun stixiyası hər şeyi əvəzləyib. Ən qiymətli olan – obrazın canlılığı, misranın içindəki ritmlə yerə-göyə hakim kəsilmək yox, sadəcə sözlə, hərflərlə oynamaqdır. Rasimin, Elnurun, Qəşəmin, Günel Mövludun… yazılarından göz-qaş boylanır, bu istedadlı qələm sahiblərinin mətnləri ucuz oyun meydanına çevrilib, onlar bunu düşmənçilik adına yozmasınlar deyə və artıq onlardan çox bəhs etmək yerinə düşmədiyinə görə, ruhu etibarı ilə mənə çox yaxın olan Qulu Ağsəsin yazılarından danışacağam. İndi çox təəssüf ki, Qulunun ən çox diqqət yetirdiyi cəhət – “möhürbəndə çatıb” aradan çıxmaqdır, Qulu nədənsə getdikcə özünü necə deyərlər, divara qısnayır, bütün perspektivləri ola-ola özünü məhdudlaşdırır. Bu texnologiya gec-tez əyləncə perspektivi yaradır – yəni, bax gör, zalım balası necə tühaf oyun qurub – xüsusən də Zidan məsələsində! Ancaq bu oyundur, şeir deyil, həm də - uduzulmuş oyundur. Ancaq adicə bir deyimə baxın: “Kəbə aradan götürülsə, insanların bir-birinə səcdə etdiyinin şahidi olarsınız”. Heç bir qafiyəsi və texnologiyası olmasa da poeziyadır, yaxud elə bir şeydir ki, ondan yuxarıda, yəqin ki, heç nə ola bilməz! Qulu haqqında, onun yaradıcılıq problemləri haqqında bu formada danışmağımın səbəbi var: mən onun istedadlı şair kimi böyük gələcəyinə inanıram. Vaxtilə yazdığım məqalədən sitat vermək istərdim.
Qulunun şeirinin öz xasiyyəti var, başqalarında olduğu, yaxud olmadığı kimi… Qulu təsvirə (tam şərti-!) aldığı predmeti bütövlükdə yox, onun daxili strukturunu bəlləyən ana element timsalında götürür, şeirin həcmindən asılı olaraq mətnin içində fizika, akustika diliylə desək, «ən yüksək tona (səs ucalığına)» malik olan bu element mətn boyunca «lallığa» qədər «sürülür», bədii effekt «küyün» necə deyərlər, lal dərəcəsindən yaranır.
Qulu necə deyərlər, «özünə sıxılmış» şeirlər yazır. Hiss hissə, duyğu duyğuya calanır, sual və məchullardan daha dəhşətli çıxılmazlıqlar yaranır, sözün meydanı o qədər «daralır», darısqallaşır ki, necə deyim, bədii mətniqin özü dil açıb danışır. Qulunun yolu məncə budur:
Dan yeri – gecənin göydə od tutan
Bağrıdı.
Xəbərin varmı?
–Bilmirəm.
Bir də yarpaq salma külək poçtuna
Bağlıdı.
Xəbərin varmı?
-Bilmirəm.Ürəyin – içəri qapındı sənin,
Aç görək, nəyin var qabında sənin?!
Ömür-gün bölünüb…qalıqda səni
Saxladı.
Xəbərin varmı?
–Bilmirəm.Hərəmiz borcludu bir can ölümə,
Ölsək də, tapmarıq əncam ölümə.
Tanrı qırmaz bizi…ancaq ölümə
Yoxladır.
Xəbərin varmı?
-Bilmirəm.
Çox istərdim ki, mənim bütün bu mülahizələrim kiməsə dərs keçmək kimi başa düşülməsin. Bir daha təkrar edirəm, nə qədər amansız döyüşlərin içində olsa da, tənqidçi zamana işləyən, öz ədəbiyyatının qara fəhləsidir. Bundan başqa bir şey deyildir və ola da bilməz.

Hər zaman yazılarınız dafikirlərimlə üst-üstə düşən məqamları tapmışam, yenə də tapəram. Yəqin ki hər zaman belə olacaq. Amma ümid edirəm, bir vaxt olacaq ki "indi hamı tənqidçidir", "tənqid bazarlıq meydanına çevrilib" ifadələri sizi (bizi) narahat etməyəcək. Yəni tənqidçiyə düşmən yox, yaradıcı biri kimi baxmagı nəhayət ki öyrənəcəyimiz gün olacaq. Ugurlar .
İyul 18, 2008 14:29