Reklam verin!

SÖZ VAXTI

Bir söz söylə, bu dünyadan olmasın...

İyun 12, 2008 19:28

  QARANLIĞIN IŞIĞI

Getdi, gəlməz bahar yeli.
Mahnılar yarıda qaldı.
Bütün baxçalar kilidli,
Açarlar tanrıda qaldı.
Gəldi çatdı, ölüm demək,
Nə bir meyvə, nə bir çiçək
Yanır günəşdə bir pətək,
Bütün bal arıda qaldı… 
      (Cahit Sıtqı Tarançı).
bird in flight

           Aqşin, gəlişiylə mənə elə gəlir ki, çox şeyin səmtini dəyişdi; fikrimi konkretləşdirməli olsam, dünyanı məhz bu cür qavramağı, «başqalaşdırmağıyla» dünyanın özünə, real gerçəkliyin «qavramaqdan qabar olan üz qatına» da bir balaca təsir göstərdi; əslində bütün istedadlı adamlarda belədi: sözün bətnində təsdiqlə inkar vəhdətdədi, buna görə də söz dünyanı ifadə eləməkdən çox onu dəyişdirmək üçündü. Çox zaman deyirlər ki, dünyada yazılmamış, deyilməmiş heç nə yoxdu (hər şey deyilib qurtarıb) – bu, mənə elə gəlir, paradoksal səslənsə də deyim: yazı-pozudan başqa bir şey bilməyən adamların düsturudu; yəni, sadəcə yazıda, quru yazı mətnində «bic» informasiyadan özgə bir şey yoxdu, hər şey «şifahi külçənin» içindədi. Gözəl şeir şüuraltının ən çox oynadığı «əsəbi» nöqtədə çırpınan, «şifahi» şəkliylə dünyanın ilkinliyini, sözün şəhdi-şirəsini açıb göstərən və «gizlinlərə qatan» arxetip-yaddaş qırıntısındadı. Bu mənada aşıq şeirində (Aqşinin şeirində yox…) rastlaşdığımız «…dəli könlüm, nə divanə gəzirsən…» tipli deyimlərin təsirini, təsir mexanizmini, bu deyimlərin yaratdığı «təsir haləsini» bəzən izah etmək olmur; bu deyimlərin izahı hardasa «mürgü döyən» mifopoetik təfəkkür fəlsəfəsinə əsaslanır. Dünyanı dəyişməyə qoymayan da mətnlərdir, daha çox şeir mətnləri. Bunu necə izah etmək olar? İllər boyu eyni şairləri, eyni mətləbləri oxumaqdan gözün qabar olur, yorulursan, bəsdi deyə daha oxumaq istəmirsən. Şair isə heç nədən xəbəri yoxmuş kimi… davam edir. Məsələn, çox istedadlı şair olan Musa Yaqubu mən illərdi oxumuram. Çünki o, mənə belə gəlir, demək istədiklərinin hamısını deyib, bir neçə şeiriylə qabaqda deyəcəklərinin də ŞƏKLİNİ ÇƏKİB! Təzə silsilələrində də eyni şəkillər, eyni pozalardı. Bu, belə deyək: bir az da üslub məsələsidi. Ona görə də bizim dildə yazı-pozu sözündəki defis çoxdan aradan götürülüb. Yazı-pozu müəlliflərini oxumaq olmur. Məsələnin psixoloji incəliyi ondadı ki, bədii mətndə yaratmaq, qurmaq işi həm də gizlinlərdə baş alıb gedən dağıtmaq, sökmək işiylə bərabər cərəyan edir (ən sonda şair ilk qələm təcrübəsində olduğu kimi qalır…), saldığı yoldan kənara çıxmaq heç kəsin ağlına belə gəlmir; Əli Kərim əbəs yerə demirdi ki, mən azmaq istəyirəm bapbalaca zərrədə, düşmənin möhlətində, yarın məhəbbətində… Salam hamının gözünü ovlayan şeirlərin yazdı və indi… çoxlarının mahiyyətini anlamadığı, baş açmadığı bir durumdadı. Mənə elə gəlir oxucularla Salamın ortaya qoyduğu şeirlər «sevgi dastanı» davam elədiyi bir məqamda onun özü tamam başqa bir yol axtarışındadır. Mənə elə gəlir ki, bunlar həmin axtarışın bəlirtisidi:                   

Mən bu Ana Torpağı
Öz üst-başımda yalnız toz-torpaq
Kimi gördüm,
 vəssalam. 

      Bu, Salamın başqalarından üstünlüyü, onun fərqləndiric cəhəti… yox, istedadının, poetik təfəkkürünün xüsusiyyətidir.Necə deyərlər, belə bir xüsusi modusda gerçəkləşən, özünü göstərən ayrıntı Aqşində də var. Baxmayaraq ki, onlar poetik təfəkkür baxımından tamam başqa-başqa şairlərdi. Aqşin şeiri qurmur, onu qəribə səslənsə də deyim: DİL kimi yaradır, söz-söz, heca-heca… Bu mənada onun intonasiyasında bir az ağırlıq var, DİL yarada-yarada fikri, fikrin axınını mətləbə doğru çəkib aparmaq mənasında… «Biclik də» ondan ibarətdir ki, əslində ortada göstəriləsi, «əl verib sıxılası» bir mətləb də yoxdu. Mənzərə var, çoxplanlı, çoxqatlı, çoxfunksiyalı… Əlbəttə, həmin DİLİ oxuya bilən üçün, anlaya bilən üçün. Aqşinin yuxu metaforası insanı yozumlara məcbur edir, burada gerçəklikdən heç nə yoxdur, təsvir edilən hər şey bizim reallıqla (oxucuyla) utopik gerçəklik arasından keçən virtuallığın, görünməyən xəttin üzərində, içindədir.                   

örtülü gözlərin arxası üfüq,
insan əllərindən çatılmış ocaq.
sabun köpükləri uçuran uşaq,
uçur köpüklərdə uşaq nəfəsi
havadan yüngül.
örtülü gözlərin arxası üfüq,
bir qadın asılıb kirpiklərindən.
gülür gözlərinin ağı,saçları
– təhqir olunmuş döyüş bayrağı.
 örtülü gözlərin arxası üfüq,
insan əllərindən çatılmış ocaq.
odun əlləri –bir uşaq,
bir yumşaq qadın əlləri. 

      Aqşin buna görə işığın qaranlığın hansı nöqtəsində olduğunu fəhmlə bilən, həm də bunu göstərə bilən şairlərdəndi. 

Sükut dil çıxarır… 

      Aqşinin şeirlərin oxuyanda… yuxudan ayılırsan. Sahilə, gerçəkliyə yox, şüuraltının dərinlərinə doğru gedirsən. Burada dünya-aləm lal sükuta bələnib. Hər şey BÖYÜK sükutun dili ilə danışır. Burada görən gözlərin korluğu, qışqıran sükutun lal diliylə qonşudu. Aqşinin yazılarında şeirimizin keçdiyi mərhələlərin uğurlu həlli, onların yaratdığı ənənəni təkrarlamadan yeni cığır açmaq cəhdləri var. Şeirlərdə diqqəti öncə cəlb eləyən «güclü assosiasiya daşqınıdır». Sən göz açınca bunlar sel kimi sənin üstünə gəlir. Bu şeirlərdə Ə.Salahzadənin biçimlədiyi assosiativ şeir poetikasından xeyli dərəcədə fərqlənən cəhətlər vardır. Ələkbərdə, onun şeirlərinin birində çiçəklərin, otların oxuması…bu şərqilərin, səslərin, «səs qırıntılarının» bir-birinə qarışıb ot səsiylə, çiçək səsiylə ÖTMƏSİ var. Assosiasiya axını, yaxud bu assosiasiyaların Ələkbər Salahzadə şeirindəki modeli, necə deyərlər «çölə daşır», Aqşində isə əksinə, çöldə olanlar da içəri «sovrulur», sovrulduqca da o şeylərin, nəsnələrin dil, zümzüməsi «sükutun içində susdurulur», Aqşində assosiativlik vasitə, üsul və model olmaqdan qalır, Aqşinin yuxarıda dediyimiz kimi şeirlə yaratdığı DİLİN hecaları içində əriyir.                               

gömgöy,a
lça kimi tumturş
bir şey.
ağacların suya hopmuş
ucalığıgöy üzünün qocalığı vəs.
Nəfəsimdə kirpiyinin sığalı
Aramızda arxası üstə
Çabalayan məsafə.
Onu gözlərimlə sevdim
Ona əlim dəymədi ki… 

Aqşin, şeirdən də göründüyü kimi, sel kimi gələn assosiasiya daşqınının qabağını «əsəbiliklə» dayandırır, tez «mətləbə keçir – vəs. – yəni bənzətmə öz funksiyasının əksini yerinə yetirməyə xidmət edir, bənzətməməyə…». Aqşinin şeirinin dili bənzətmə üstündə yox, belə deyək bənzətməmə üstündə, ladında yaranır.Hətta aşağıdakı mənə bir az tanış gələn şeirdə də:                               

Hamı gəlib bu dünyadan
Özü boyda yük daşıyır.
Göy üzün yağış gətirir,
Yer üzün külək daşıyır.
 Yola bax, yeriyir sükut,
Addım səsi:
…unut …unut
kişilər məzara tabut,
qadınlar çiçək daşıyır.
    

Müasir şeirdə bir ayrıntı var: sözlə məşq etmək, zahiri effekt yaratmaq. Gözəgəlimli, zahiri effekt predmetə, gerçəkliyə, dünyaya münasibəti ifadə etmir, bu yalnız ani təsirdir, nəyisə deyib qaçmaqdır, şeirlə yaranacaq fantaziyanı öldürmək, qışqırığa getməkdir. Zahiri effekti «yığışdıran» o şeirdən heç nə qalmır və əvvəl-axır qalmayacaq da… Aqşinin şeirinin sonunda dünya «dayanır», sükuta bələnir və hər şey «sükutun içiylə axır». «Külək» şeirini oxuyun. Aqşinin bu şeiri onun ən səciyyəvi yazılarındandır. «Predmet» (ağac, su, külək, balıq, bayraq…) onun üçün bəhanədir, hər şey, necə deyərlər predmetin – «küləyin» rəsmi çəkildikdən sonra başlayır. Şeir elə belə də bitir: külək dayandı… Külək dayanandan sonra sükutun «iç-içə» hərəkəti başlayır. Bu mənada adama elə gələ bilər ki, onun bir-iki misralıq şeirləri yarımçıqdı. 

 Uşaq rəsmi 
Göy üzü
-Quşların avar çəkdiyi
Mavilik
Metafora
Saat-zamanın mühasirəsi. 

     Aqşin sükutun dili ilə danışır, «susub çürümək vaxtıdır deyir», sükutun dili ilə zamanı əyləyir, «çürüdür», təbiətə, dünyaya özgə münasibətinin «zamanını», yaratmağa cəhd göstərir, elə buna görədir ki, bu şeirlərdə sevgi sözü ölümlə qafiyələnir, ölüm gerçəkliyin təkcə sonu kimi yox, həm son, həm də başlanğıcı kimi mənalanır, daha dəqiqi göstərilir.                               

Bəlkə quşlar da
Özünü öldürmək istəyir hərdən,
Ağacların başından ataraq
Nə böyük bədbəxtlikdir
Uçmaq.
Bəlkə ən böyük dərddir
Ağacların tək ayağı
Bəlkə də bizim kimi
Dünyanı görmək istəyidir
Ağacların ucalığı
Boy atmağı.
Ancaq nə bir quş özünü öldürə,
Nə bir ağac dünyanı görə
Bilib hələ
Ay qardaş, biz nə xoşbəxtik
Dünyanı görmək
Və özümüzü öldürmək imkanımızın
Çoxluğu ilə…
Belə, bu qədər…
Sonda… sükut. 

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha


© 2008 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com