JANR MÜNASİBƏTLƏRİ
İnsan, varlıq və dünyanın gerçək mahiyyəti haqqında həqiqət məlumdur ki, müxtəlif ədəbi janrlar vasitəsilə ifadə edilir. Hər janrın özünəməxsus yaddaşı, spesifikası, məxsusi dünyası vardır. Hər bir janr ayrılıqda götürüldükdə İnsan və dünyanın mahiyyətinin dərkində bir pillə, bir vasitədir. Bu mənada müxtəlif ədəbi növ və janrlar arasında da Çin səddi çəkmək; «spesifik» anlayışı altında olanları bir-birlərinə yadlaşdırmaq lazım deyildir. Belə bir tezisi əsas götürüb, məsələn, M.F.Axundovun «Hacı Qara» komediyasını bir-bir roman kimi də oxumaq olar. Yaxud Mirzə Cəlilin «Dəli yığıncağı»nı poema kimi «oxumaq» da müşkül məsələ deyildir. Əvvəla, bu iki söz – drama və poema etimoloji cəhətdən «etmək» felinin mənasına uyğun gəlir.
Təbii ki, burada aşağıda gələn şablon ifadələri də işlətmək lazımdır. Dramda gerçəkləşən şey hər hansı hekayətin predmetinə çevrilməyə hazır olan hərəkətdir, poemada reallaşdırılan şey isə yaradıcı sənətkarın fəaliyyətidir; bu ştamp – ifadələrin işləndiyi tədqiqatlarda belə bir fərqləndirici xətt də keçir: dram özündə binadan belə bir obyekti ehtiva etmir, o, hər hansı bir fəaliyyətin məhsulu olmaq istəmir, dramın ilk nöqtəsindəcə onun müəyyən fəaliyyətin məhsulu olmaq «təmayülü məhv edilir, müəllif bu ilk nöqtədə «duraraq» məxsusi əhvalatı poemaya çevirməkdən imtina edir, «Ancaq dram yazmaqdan məqsəd məhz bu imtinanı təsvir etməkdir və bunun özü də dramatik hərəkətin əsasını təşkil edir, həm də bu işi o, müəllifi artıq imtina etdiyi oyunu davam etdirməyə məcbur etməklə görür» poema qəlibə «oturmağa» hazır olan kimi janr formalaşması prosesi başa çatır, ancaq bu «dayanacaq» heç vəchlə sonuncu olmur. Buna uyğun olaraq, bizim də dramı məhz poema kimi oxumaq hüququmuz var»1.İmtina edilən şeylə oynamaq (əlini uzadıb çəkmək) dramda əzəli və əbədi oynamaq kimi stixiyası yaradır. Poema hər dəfə «sümükləşməyə» hazır olan kimi, tədqiqçinin qeyd etdiyinə görə, onun formalaşması dayanır, ancaq bu heç də sonuncu dayanacaq olmur. Roman, bu mənada ən gənc və hələ də öz «sonuncu» formasının axtarışında olan janrdır. Görünür, Mirzə Ağanın pyesləri haqqında kritika» məqaləsində M.F.Axundov məhz bunu nəzərdə tutub yazırdı: «…Roman da drama fənninin bir qismidir». Əvvəla, burada «dram fənni» gəlişigözəllik xatirinə işlədilən bir ifadə deyildir, əksinə, müəyyən məntiqə malikdir və şübhəsiz ki, M.F.Axundovun ədəbi növ bölgüsünü özündə ehtiva edir. Bu da hələ bizə bir az qəribə görünən məntiqin tam izahı deyil (necə yəni, Axundovun ədəbi növ bölgüsü…), burada janrlararası münasibətlər sferasındakı müəyyən (Axundovun özü üçün dəqiq - !) «ontoloji» məqam gizlənib. Bu mübhəm nöqtəni tapıb aşkarlamaq üçün təsadüfi mülahizələrlə keçilmək olmaz, problemin mahiyyətini açıqlamaq üçün məxsusi tədqiqat tələb edir. Çünki, Axundovun özü yazırdı ki, «…bu gün millət üçün faydalı və oxucuların zövqü üçün rəğbətli olan əsər dram və romandır. Roman da dram fənninin bir qismidir ki, izahı uzun şərhə möhtacdır».Digər mübahisəli məqamlar da mövcuddur. M.F.Axundov «Aldanmış kəvakib»i çox yerdə hekayə adlandırır. Ancaq Mirzə Yusif xana yazdığı məktubunda fərqli mülahizələrə yol verir: «Mən ona dedim: – Şahzadə! Mən məgər tarix yazmışam ki, təkcə baş verən hadisələri yazmaqla kifayətlənim. Mən kiçik bir məsələni əlimdə vasitə edib, öz təfəkkürümlə onu genişləndirərək o dövrün nazirləri və dövlət başçılarının puç beyinlərini açıb göstərmişəm ki, gələcək nəsillər üçün ibrət dərsi olsun və onlar səfeh münəccimlərin sözlərinə və xəbərlərinə inanmasınlar, özlərini bu kimi hərəkətlərlə əcnəbilərin nəzərində məsxərə hədəfi etməsinlər. Bu cür əsərlərə roman «deyirlər ki, dram sənətinin ayrıca bir növüdür».Bütün bu «dolaşıqlığ»ın mənbəyi haradan gəlir, dəqiq izah üçün, şübhəsiz ki, sistemli təhlil tələb olunur. Biz ədəbiyyatşünas V.Məmmədzadənin belə bir mülahizəsi ilə razıyıq ki, «…görünür, M.F.Axundov romanı dramın dialoqsuz, səhnə üçün olmayan variantı sayır»1, – ancaq gəlin etiraf edək ki, bu da hələ tam izah deyildir, onun, olsa-olsa müəyyən bir tərəfidir.Ümumilikdə götürdükdə isə janr nəzəriyyəsində indiyə qədər aydınlaşdırılmamış cəhətlər çoxdur. Əminlik üçün janr anlayışında sabit və dəyişən komponentlərin nədən ibarət olması problemini qoyub araşdırmaq olar. Və yaxud xüsusi tədqiqata qaçmadan belə müxtəlif ədəbiyyatşünaslıq lüğətlərində «janr» anlayışının fərqli şərhlərini izləmək kifayətdir: 1. Bədi əsər tipi kimi anlaşılan janr əsrlərdən keçib gələn, tarixən sabit bir strukturdur (Kojinov); 2. Janr - …əbədi, hərəkətsiz bir sistem deyildir… Janrı statik bir sistem kimi hər şeydən öncə ona görə təsəvvür etmək olmaz ki, janr təfəkkürü və yaddaşının özü ənənəvi janrlarla toqquşmadan hasil olur (Tınyanov Y.); 3. Janr anlayışı özündə müxtəlif dövrlərdə, müxtəlif milli ədəbiyyatların inkişafında, milli-ədəbi inkişafın müxtəlif istiqamətlərində təkrarlanan hadisələrdir. Başqa sözlə desək, janr – tarixi – konkret yox, topoloji anlayışdır (Pospelov N.).Hər bir ədəbi metod, cərəyan və ədəbi məktəb ictimai-tarixi şəraitdən birbaşa asılı olaraq özünün estetik platformasını irəli sürür. Bu platforma özündə müxtəlif bədii-estetik vəzifələri ehtiva edir. Məhz bu vəziələrdən asılı olaraq dövrün, epoxanın janr yaddaşında uyğun dəyişikliklər baş verir. Janr yaddaşı bir ildə, on illərlə yox, əsrlərlə toplanır. Buna görə də biz janr anlayışına dialektik bir hadisə kimi baxmalıyıq. Janrın ikinci təbiətinə Baxtin yanaşması maraq doğurur. Tədqiqatçı izah üçün arxaika – yenilik oppoziyasını götürür. Biz də bu fikirdəyik ki, janr anlayışında ölməyən elementlər (arxaika) məhz vaxtaşırı yeniləşmələrin hesabına «durum gətirir». «Janr – indiki zamanla yaşayır, ancaq öz keçmişini, öz başlanğıcını həmişə xatırlayır. Janr – yaradıcılıq yaddaşının ədəbi inkişaf prosesində izlənməsidir. Məhz buna görə də bu inkişafın fasiləsizlik və vəhdətini təmin edə bilir» (Baxtin M.M.).Demək, Axundovla əlaqədar bayaq gətirdiyimiz misalda konkret olaraq o dövrdə janr yaddaşında yeniləşən cəhətlərin nədən ibarət olduğunu bəlləmək, bütövlükdə müəllifin janr anlayışını öyrənmək üçün müəyyən əhəmiyyət kəsb edir.M.F.Axundovun altı komediyasının hər birinin adının altında belə bir cümlə gedir: təmisili-qisseyi-vaqeə ki, keyfiyyəti dörd məclisdə bəyan olub itmamə yetir. Yaxud: …təmsili-güzarişi-əcib ki, keyfiyyəti… məclisdə bəyan olub itmamə yetir. Ədibin çap olunan kitabının adı da «Təmsilat» adlanır. Axundovun janr anlayışında «təmsili-qisseyi-vaqeə», yaxud «təmsili-güzarişi-əcib» ifadə tərkiblərinin mövqeyi nədən ibarət olmuşdur? Təbii ki, burada «təmsil» sözü janrın adının yerinə yazılıbsa, demək, onu əvəz etməsə də, əhatə, məna tutumu baxımından ondan daha genişdir.Axundovşünaslıqda həmişə kəskin mübahisələrə səbəb olan cəhət, necə deyərlər, Qərb amilidir. Axundov Qərb mədəniyyətini heç vaxt, heç bir əsərində tədqiq etməmişdir. Əksinə, bu yaradıcılıqda hər şey sanki bilərəkdən əks istiqamətdə cərəyan etmişdir. Əgər İntibah dövrü və XVII əsr bilavasitə bədii yaradıcılıq cəhətdən daha məhsuldar idisə, maarifçilik epoxası ilk növbədə nəzəri fikrin geniş intişar tapması ilə əlamətdardır. Qərbi Avropa maarifçi dramaturqları (Didro, Volter, Bomarşe, Qoldoni…) nəzəri traktatlarında ifadə etdiklərinə çox zaman bədii praktikada əməl etmirdilər. Bu, bir həqiqətdir və konkret epoxanın janr yaddaşında edilən «korrektivlərlə» əlaqəlidir. Ən böyük paradoks isə Bomarşenin janr anlayışında idi. O, ömrünün yarıdan çoxunun ciddi dram janrının müdafiəsinə həsr etsə də, onun bircə sanballı nümunəsini meydana qoya bilmədi. Məşhur trilogiya Bomarşenin nəzəri qeydlərində dediklərinin üstündən bir xətt çəkdi. «Teatr elə bir nəhəng, elə bir əjdahadır ki, əlinə keçəni ölümcül yaralayır» (Bomarşe). Axundovda belə bir təzad, nəzəri mülahizə ilə bədii yaradıcılıq arasındakı belə bir kontrast, demək olar ki, yoxdur. Əksinə, Axundov Mirzə Ağaya nəyi məsləhət bilirdisə, bunu ilk növbədə özü reallaşdırmağa can atırdı. Yaxud: «…amma mən əyyami-səyahətimdə səfheyi-Qarabağda Molla Pənah Vaqifin bir para xəyalatını gördüm ki, zikr etdiyim şərt bir növ ilə onda göründü və dəxi Qasım bəy Sarıcaluyi-Cavanşirə düçar oldum ki, əlhəq türk dilində onun mənzumatı mənim heyrətimə bais oldu. Ondan ötrü ki, dediyim şərt ziyadə onun mənzumatında tapıldı.» (Axundov M.F.)Bəs Axundovun dediyi şərt (eyni zamanda onun Füzuliyə «etinasızlığını» şərtləndirən şərt - !) nədən ibarət idi? Axundov nəzəri fikrində ötkəmliklə (pozitiv şəkildə) nəyi müdafiə edirdisə, bədii praktikasında eyni qətiyyətlə ifadə edirdi. Bu incə cəhəti böyük ədibin Vaqifə və Zakirə fərqləndirici münasibətində də görmək olar.Məlumdur ki, M.P.Vaqif regional Şərq ədəbiyyatında normativ üslubla hələ qəhrəmanlaşmaqda olan fərdi üslublar arasında keçid mərhələsi rolunu oynayırdı. Bu, şübhəsiz ki, janr münasibətlərinin inkişafına da təsirsiz qalmamışdır. Qasım bəy Zakir isə Vaqifin bədi təfəkkürünün normativləşdirdiyi janrın – qoşmanın məhvərinə satirik səciyyə verdi. M.P.Vaqifin qoşmalarını ucdantutma mütaliə etsək, görərik ki, onun gözəllik anlayışı ancaq gözəllə («Görmədim» müxəmməsi də paradoksal görünsə də, buna parlaq misaldır…) məhdudlaşırdı. Zakir isə satirik səciyyəli qoşmada həmişə gördüklərini tənqid edir (vəsf etmir - !), lap Axundovun «Təmsilatı»nda olduğu kimi oğrunu da, qulduru da, dərvişi də, kimyagəri də… təsvir edir. Axundov məhz «Zakirin şeirlərini oxuyanda inana bilib ki, şeir vaqeən ləzzətə bais olurmuş»… Yəni, belə bir fikir bir daha təsdiqlənir ki, konkret epoxanın janr təfəkkürü ənənəvi janr anlayışı ilə toqquşmadan hsil olur. Elə buna görə də Axundov öz dövründə klassik formada yazan sənətkarların ədəbi məhsulunu «yavan nəzm» adlandırırdı. Onun «hekayətli şeir» anlayışı Vaqif və Zakirdən başqa yerdə qalanlar üçün nümunə və əndazə rolunu oynayırdı.
