Reklam verin!

SÖZ VAXTI

Bir söz söylə, bu dünyadan olmasın...

İyun 16, 2008 15:52

  ÖZÜNƏQAYIDIŞ

      Vaxtilə V.Korotiç Taras Şevçenkonun ölümünə həsr etdiyi şeirində yazırdı:

                           O, uzun bir ömür yaşadı,
                          Qırx yeddisində öldü.

      Portuqal şairi Fernando Pessoa da həyatla bu yaşda vidalaşmışdı, hardasa yazılmışdı ki, şair üçün, xüsusən də Avropa şairi üçün bu, böyük bir yaş həddidir. Əgər onun Həyatını günlərin, ayların, illərin konkret miqdarı ilə yox, onun son nəticəsinin – dünyada mövcudluğunun demək olar yarım əsrlik bir dövründə edə bildikləriylə təsəvvürə gətirsək, cəsarətlə demək olar ki, Pessoa çox uzun bir ömür yaşadı. Pessoa yaradıcılığının ən müxtəlif təmayüllü, ən müxtəlif səviyyəli araşdırıcıları indiyə qədər də onun yaradıcılıq dühasının əsas xassəsini açıb ifadə etməkdə çətinlik çəkirlər. Çünki sözün açığı, haqqında danışacağımız Fernando Pessoa bir bütöv şair olsa da, bir bütöv şəxsiyyət deyildir – haçalanan, atom kimi bölünüb çoxalan bir təbiət hadisəsidir ki, bitmək, tükənmək bilmir, üzü sonsuza doğru davam edir.

 pessoa


 Nəzərdən keçirilən hadisənin birmənalı dərk edilməsin çətinləşdirən başlıca və yeganə səbəb heç bu da deyildir – bütün yaradıcılığı boyu «haçalanan» - bölünüb parçalanan Pessoa hər bir şeirində qarşısındakı dillərə kilid vuran möcüzəni, bu dəhşətli enerjini ram edərək özünə qayıdır. Bu təkidli özünəqayıdış dalğalarını coşduran hansı güc, hansı qüvvə və hansı missiya idi? Bu suala hamıdan daha dəqiq Pessoanın özü cavab verirdi: «Mən özümə qayıdıram. Ömrümün bir neçə ilin səyahətlərdə keçirdim, gerçəkliyi, dünyanı müxtəlif şəkillərdə qavramağı öyrəndim. İndi, hər şeyi görüb bir burulğan kim içimdən keçirtdikdən sonra özünəməxsus yaradıcılıq təxəyyülümün evində qapanıb qalmalıyam ki, var gücümlə işləyə bilim – insan təfəkkürünün üfüqlərini genişləndirmək naminə». Bizə belə gəlir ki, Pessoa yaradıcılığının dolanbaclarında, mürəkkəb girintil-çıxıntılı labirintində azmamaq üçün tədqiqatçılar ilk növbədə bu etirafdan yapışmalıdırlar: Mən Özümə Qayıdıram.Şübhəsiz ki, məsələ adı keçən hadisənin – oxucuya başqa adlarla müraciət etmək, onu mistik oyunlara cəlb etmək «mərəzi»nin zahiri tərəfində, bu hadisənin nə zahiri parıltısı, nə də tarixi-ədəbi aspektində deyildir. Ona qalsa, elə Portuqal ədəbiyyatının özündə Fernando Pessoadan əvvəl bu işlə daha «maraqlı» şəkildə məşğul olanlar olub.

        Hələ XVIII əsrdə portuqal şairi Bokaje poetik mistifikasiyaya elə uğramışdı ki, şeirlərinə müxtəlif imzalar atırdı. Bu ən müxtəlif faktlardan bir anlığa sərf-nəzər edib yenə də Pessoanın yuxarıdakı etirafına qayıdırıq: Mən Özümə Qayıdıram. Bu ifadə onun çoxcəhətli, ziddiyyətli, şəxsiyyətinin mübhəm, qaranlıq guşələrinə işıq tutur. Hər halda, özündən müxtəli heteronimlər uyduran, onların içində mübhəmliyin, sirrin özü kimi yaşamaq istəyən Pessoa «mən»-lə «öz» arasından keçən qasırğalı yolda itməmişdi – parçalanmanın məqsədi «öz»-ə, külü artıq çoxdan göyə sovrulmuş, yağmalanmış bir məmləkətə qayıtmaq imiş.

Mən heç kiməm.
Mən heç vaxt heç kim olmayacağam.
Kimsə olmaq heç əlimdən gəlməz
                       nə vaxtsa.
Ancaq bütün dünyanın              
      olan-qalan arzusu  
                         mənim dünyamdadı… 
Hələ əllərim əsir…
Qərar qəbul etməyə tabım yox,
tavanım yox,
Və hər şey
                 yanıb külə dönəcək,
Heçliyə çevriləcək…       
            («Tütün köşkü»)

     Çox qəribə haldır ki, şairin üslubu və ümumən yaradıcılıq aləminin qəribəlikləri haqqında yazılan bütün araşdırmalar onları «izah etdikcə» bu sirlər bizdən uzaqlaşır və mənə elə gəlir ki, mövcud olduğu bütün dövrlərdə ədəbi tənqid özünə hələ də elə bir yararlı metod tapmayıb ki, bunun sayəsində şairə bir hadisə kimi, bir ədəbi-ruhi kateqoriya kimi yanaşmaq mümkün olsun. «Amansız» tənqidin bətnindəki inkarçılıq dozası (korluq - !) bu işi görmək məqsədilə özü də bilmədən dağıdıcı fəaliyyətə qoşulur. Mülayim təbiəti tənqid stixiya etibarilə özü də əvvəl-axır versifikasiyaya uğraşır. Ortadakı, bax bu ikisinin arasındakı (əslində, fövqündəki - !) hadisəni, yanaşma metodunu hələ heç kəs kəşf etməyib. Bu kəşfə isə yol, yenə də şairin öz yaradıcılığından keçir.Pessoa «Özünüşərhin intim səhifələri» adlı məqaləsində özü-özünün poetik dünyasının sirləriylə oynamaq qərarına gəlmişdi: «Mənim daxilimdəki hissiyyat bizim hamımıza qismət olan beş duyğu üzərində o dərəcədə hakimdir ki, mən həyatın – hamıya tanışdan tanış mənzərələrinin cizgilərini şübhəsiz ki, başqalarından tam fərqli görürəm. Ən adi, sadə şeylərin içində mənim üçün bütöv bir məna xəzinəsi gizlənmişdir: açarda, divardakı mismarda, pişik bığlarında…Kürt toyuğun təzəcə çıxartdığı balalarıyla qəribə bir tərzdə yolu keçməsinə baxanda əsl mənəvi ləzzət alıram… Poeziya mənim üçün heyrətə layihə bir möcüzədir – elə bil ki, bax, indicə göydən yerə düşmüsən və özünə gələr-gəlməz gözlərini açıb… yerin, torpağın cazibəsindən məst olursan. Elə bil ki, bir-bir rastına çıxanları haçansa, bəlkə lap hansı həyatındasa yaşamısan, indi onları xatırlamaq, yada salmaq istəyirsən…»


Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha


© 2008 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com