Tofiq Abdinə məhəbbətlə...
Mən bu suala cavab vermədən yazını diqqətinizə çatdırmaq istərdim:
TƏNQİDÇİDƏN İNSAFSIZ İTTİHAMLAR
Çox hörmətli tənqidçi və ədəbiyyatşünas Cavanşir Yusiflinin www.kultaz.com saytındankı söyləşisini (şair Zahir Əzəmətlə) oxuduqdan sonra ona çox qısa bir not yazdım:
"Çox hörmətli Cavanşir bəy yazınıza geniş cavab vermək imkanı yox, amma bir çox məqamlarda haqsızsınız.
ƏDALƏT QƏZETİ QAMÇI DEYİL, polemika yaratmaq istəyən bir mətbu orqanıdır ki bu gün sizə de danişmaq imkanı yaradıb və Belinskinin çox sevdiyim bir fikrini sizə xatırladim: TƏNQİDÇİ HƏR HANSI BİR YAZARI TƏNQİD EDƏRKƏN ONU DÜŞÜNMƏLİDİR Kİ HƏMİN AN ONA CAVAB VERƏ BİLƏCƏK ADAM QARŞINDA DEYİL.
Bu həqiqəti heç vaxt unutmayın və siz də hökm verməkdən uzaq olun, heyran olduğunuz adamlarla ədəbiyyat bitmir, bir az geniş baxın ətrafa, sizə həqiqətən hörmət edən Tofiq Abdin.
Və həmən Cavanşir Yusiflinin yazısından sitata keçirəm:
"...Beş ildən artıqdır "Ədalət" qəzetində eyni adamlar kimlərisə söyürlər, bu qəzetin, necə deyərlər, həmin "raqatka atanları" bir düşünmürlər ki, artıq yaşlaşıblar, şeytan bu adamların ömrünü, gələcəyini, yazacağı əsərləri oğurlayıb. Yaxud səngərin o biri tərəfindəki mənasız və gic əsərləri ilə artıq dünyanı "fəth etmiş" şairciklər, nasirciklər ordusu ağızları sulana-sulana hər il təqaüd sevdası ilə daha dərin və sanballı əsərlər yazmaq eşqindən qırılırlar. Vəziyyət budur - kütləvi psixoz, mənəm-mənəmlik, heç kəsi bəyənməmək, yalnız özündən danışmaq, özünü ədəbi evin daşına-divarına hörmək eşqi... Nadanlıq, cəhalət, bir də, ən əsası, kütləvi psixoz!"
Və ya
"Tənqidi məqalə yazılan kimi "Ədalət"in, yaxud başqa bir qəzetin, lap olsun "Alatoran"ın raqatka atanlarından biri keçir snayperin arxasına. Belə vursam, deyəcəklər zalımdır, yox, əgər belə vursam, əhsən deyəcəklər..."
***
Sözün yüksək mənasında gözəl ziyalı, geniş dünya görüşünə və mədəniyyətə sahib Cavanşir Yusifli mənim çox sevdiyim ədəbiyyat adamıdır və mən onun yaradıcılığını hər zaman izləmişəm. Hətta bir neçə yazımda bunu ifadə etsəm də, onun haqqında yazı yazmağın çətinliyini hər zaman hiss etmişəm. Cavanşir böyük bir ədəbi potensiala malik yaradıcı olduğu halda, bəzən insafdan qırağa şeylər yazanda, mən bunun hardan qaynaqlandığının fərqinə varmaq istəyirəm, amma bu da var ki, ola bilsin Cavanşir bəy bunu heç də insafdan qırağa şeylər hesab etmir. Heç şübhəsiz, onun özü də cavan olub və mən bilən onun cavanlığı, gəncliyi çox çətin bir zamana düşüb çap baxımından və indinin özündə də barışmaz yazılar yazanda onun qarşısına sədlər çəkilir və məhz kultaz.com saytında bunu Cavanşir özü də etiraf edir
Olsun, belə şeylər olur və yuxarıda sitat gətirdiyim sorğudan öncə də onun bir yazısını oxumuşdum. Eynən həmin saytda və onun dediklərindən belə çıxırdı ki, həmin yazı qəzet üçün yazılmış, amma onun nəzərdə tutduğu qəzet yazını çap eləməmiş, yazının ciddiliyi kimlərisə qorxutmuş, kimlərsə bu yazının müddəalarıyla razı olmamış, çapdan sonra kimlərinsə acığına gələ bilər etikasıyla yazı qırağa qoyulmuşdur. Ona görə də yazıdan vaz keçilmiş, Cavanşir də həmin yazını sayta qoymuş və saytda da yazı dartışma mövzusuna çevrilmiş, müsbət və mənfi mənada fikirlər saytda yer almışdır. Hətta şair və qəzetçi Zahir Əzəmətlə olan söyləşisi də məhz bu baxımdan mübahisə doğuracaq məqamlarla doludur. Amma Cavanşir bəy özü mübahisə doğuracaq bir üslubda bir az ondan cavan yazarların taleyinə qarışır və bəzən də əndazəni itirir, bu da onun təbiətinə yaraşmır. Bəlkə bu yanaşma danışıq tərzindən irəli gəlib, amma söyləşidən göründüyü kimi, çox səlis və çox ehtiyatlı bir üslub var onda. Üslub bəzən sərtləşir və bəzən hökm çıxarılacaq məqam ortaya çıxır. Bu da insafdan qırağa şeylərin yer almasına nədən olur.
Elə lap intervyünün başlanğıcında Cavanşir Yusifli belə bir fikirlə hücuma keçir:
"BU ADAMLAR NƏ QƏDƏR CƏHD ELƏSƏLƏR DƏ, ƏDƏBİYYATDA HADİSƏ OLA BİLMƏDİLƏR, ONLAR SADƏCƏ BƏDBƏXT HADİSƏLƏRDİR".
Cavanşir bəyin yanaşmasında məni ən çox narahat edən odur ki, bir zamanlar bizim ədəbiyyatımzda müəyyən işlər görmüş və artıq öz keçmişinə dayanaraq yaşayan yaradıcıların sonradan gələn nəslə bir növ təlqin edilməsidir. Bu baxımdan Cavanşir bəy çox-çox illər öncəsində ilişib qalmağa sanki özünü məcbur edir. Mən qətiyyən inana bilmirəm ki, Cavanşir Yusiflinin yaşadığımız cağın geniş poeziya məkanında nələr baş verdiyindən xəbəri olmasın və artıq şeirin bir növ tənəzzülünü görməzdən gəlsin. Bunu mən qəti deyə bilmərəm, amma Cavanşir Yusifli son iki yazısından birində şair Şərif Ağayar və Rəbiqə Namiqqızı haqqındakı fikirlərinə tam qatılıram.
Və belə olduğu bir təqdirdə heç inanmağım gəlmir ki, Cavanşir Yusifli, məsələn, intervyü verdiyi Zahir Əzəmətin yaradıcılığından xəbərsiz olsun və ya Elnur Astanbəylinin şeirlərini oxumuşsa məhz Şərif Ağayara tuşladığı təriflərini Elnurdan əsirgəmiş olsun. Çünki Şərif Ağayar nə qədər ənənəçi və yenilikçidirsə Elnur Astanbəyli də eynən onun kimi bir çox zaman klassika ilə yeni düşüncəni bir-birinin içinə oturdan və xoşa gələn şeir nümunələrinin müəllifidir.
Bəs o zaman Cavanşir bəyi nə məcbur edir ki, ədəbiyyatda HADİSƏ axtarsın və bu hadisənin nə olduğunu, vallah, mən hələ də bilmirəm! Nə hadisəbazlıqdır!
Sayt boyu hadisədən söhbət gedir. Şayət biz həqiqi hadisəyə bənzər bir şey axtarırıqsa bunun ən bariz nümunəsi Rəsul Rzanın yaradıcılığıdır ki, bunun da bənzərini biz hər zaman göstərə bilərik.
Amma Cavanşir yuxarıda yazdığım kimi deyəndə ki: ..."Bu adamlar nə qədər cəhd eləsələr də, ədəbiyyatda hadisə ola bilmədilər, onlar sadəcə bədbəxt hadisələrdir"
Bu qədər insafsız olmaq bir tənqidçi üçün günahdır. Və ya hələ tam oturuşmamış bir qələmə sahib, amma dediklərində çox böyük həqiqətlərin gizləndyi Qan Turalı haqqında verilən hökmün özü belə bu gözəl ədəbiyyatşünasın adına yaraşmır:
"...Bəzən Qanturalını da tənqidçi kimi qələmə verirlər.(????????????????? suallar bizimdir)! Məncə, o, jurnalistdir. İki cümlə ilə hökm verməyin dəhşətli dərəcədə böyük ustasıdır. Heyf ki, zamanında doğulmayıb".
Tənqidçinin nə kimi missiyası var və ya kimə tənqidçi deyilir deyə bir tərifin harda yazıldığını hörmətli Cavanşir bəy bizə desin. Və üstəlik də Qan Turalının tənqid və ədəbiyat haqqındakı fikirləri bəlkə elə indiki cağın tələb etdiyi bir yöntəmdir. Bunu təbii ki, zamana buraxaq.
Amma Cavanşir Yusifli klassik tənqidin çox savadlı və ardıcıl nümayəndlərindən biri olaraq bizim ədəbi camiəmizdə kimlərinsə yuxusuna haram qata biləcək gücə malik bir yaradıcıdır. Bunu əsla unutmaq olmaz və ona görə də Cavanşir bəy özünə və ətrafına məhz bu mərtəbədən baxmalıdır.
Tofiq Abdin
atofig@hotmail.com
www.tofigabdin.ws.tc
P.S. Bu qızıldan qiymətli təhlillər qarşısında yenə nəsə demək istəməzdim, hər bir insan ədəbiyyatı necə başa düşürsə, situasiyanı necə görürsə o şəkildə və o çərçivədə normal ola bilər. Hər kəsə anlaq səviyyəsində yanaşmaq lazımdır. Hansısa mühakimə, fikir yürütmə məni kədərləndirirsə, bu, içimdə ancaq özümə aiddir. İnsanlar nədənsə ehkama daha çox meyl edirlər, nəinki normal düşüncəyə...
Tofiq Abdinin yazısı və mühakiməsi illər boyudur məni kədərləndirir...
