AZƏR ABDULLANIN “SARI TAĞ” POVESTİ: JANR TƏFƏKKÜRÜ VƏ JANR MƏNTİQİ
Yazıçı Azər Abdullanın hekayə və povestlərini həmişə maraqla izləyirəm. Hər dəfə bu və ya digər nəsr əsəri çap ediləndə diqqətlə oxuyur, bu yazıçının mənə bəlli olan manerasında hər hansı dəyişikliyin olub-olmadığını öyrənmək istəyirəm. Azər bəyin hadisələri çözmək, təsvir etmək, müxtəlif süjet dolanbaclarından keçirmək stixiyası mənə maraqlı gəlir. Azər Abdulla janrın sərhədləri içində hansı hadisənin necə baş verməsi, inkişaf etməsi və başa çatma məntiqini məkan amili ilə sıx surətdə bağlaya bilir – yəni, onun cızdığı “janr dairəsində”, konturları apaydın olan bu məkanın içində hər bir əşyanın yeri, harada, hansı nöqtədə olması, hansı surətlə yerindən tərpənməsi ölçü-biçi daxilindədir.
Bəzən nəsr əsərlərini təhlil edəndə burada baş verən hadisələrin məhz baş vermə məntiqi deyil, sadəcə yazan, yəni əsərə sonradan yanaşan adamın bu stixiyaya aid olmayan şəxsi məntiqi əsas götürülür. Bizim fikrimizcə, birinci halda, yəni, konkret halda “Sarı Tağ” povestində süjet-kompozisiya xüsusiyyətlərini nəzərə almadan, povestdə təsvir edilən hadisələrə az qala hamımızın əzbər bildiyi siyasi, ideoloji, mənəvi... prizmadan yanaşıb onu təhlilə çəkdikdə, Azər Abdullanın povesti deyil, bu əsərin fabulasına hopan hadisələr haqqında danışacağıq. İndi əksər əsərlərin təhlili məhz bu gündədir. Əsər ona görə mövcuddur ki, o, hamının bildiyi, başqa sözlə, hamının başına gələn hadisələrdən bəhs edir. Müəyyən mövzulara marağı məhz bu amil doğurur. Bu ayrıntı – hansısa qabaran (...belə deyək: ifrat şəkildə qabaran və qabarmaqdan beli qırılan-!) ideoloji-mənəvi nüansı götürüb (əsəri tam şəkildə unudub) təhlillər aparmaq, kəskin deyilərsə, şantaj stixiyası yaradır: diqqətlə baxmalı olsaq, Azərbaycan ədəbiyyatşünaslığı və tənqidi Azərbaycan ədəbiyyatını şantaj edir. Tənqid daha çox təhlil etmək istədiyi əsərin doğurduğu assosiasiyalarla oynayır. Müəllifin ideyasını “dartıb uzadır” və düşünmür ki, bu ideya artıq son və mənasız nöqtəsinə qədər dartılıb, bir “kövrək” yerinə toxunmaq bəsdir ki, uçub-dağılsın. Yəni, orada illər boyudur olmayan şeyləri axtarır. Halbuki, adını çəkdiyimiz povestdə kifayət qədər uğurlu və qüsurlu cəhətlər var ki, ixtisaslı yanaşma tələb edir. Başqa sözlə, Azər Abdullanın “Sarı Tağ” povesti təkcə “erməni mövzusu”na görə aktual deyil, bu, daha çox mənim üçün Azər Abdullanın əsəri olduğuna görə maraqlıdır.
Azər Abdulla hadisələri belə deyək, “çərçivə içində” təsvir edir. Burada “çərçivə” sözü o anlamdadır ki, yazıçı özünə bəlli olan, hər bir ayrıntısını əzbər bildiyi, uydurub reallaşdırdığı olayları bir-birindən tam asılılıq, tam qarşılıqlı şərtləndirmə aurasında verir – bu aura müvafiq göstərmə momentinin çərçivəsidir. Həmin olaylar çərçivənin içinə dolmazdan qabaq “budanmadan” keçir, çərçivəyə sığana qədər ixtisar edilir, təhkiyə axarına düşənə qədər “aradan qaldırılır”. Azər Abdullanın təsvir etdiyi hadisə yerə, məkana görə koloritlidir, yeri, əşyanı, əşyalar arasında əlaqələri təsvir etmək, göstərmək, onların gizli nüanslarını verməyə güclü meyl, metaforik obrazlılıqdan qaçmaq, hadisəni beləcə “quru” şəkildə deyil, onların baş vermə stixiyası əsasında açmaq, pardaqlamaq, maraqlı, dönüş məqamı və açılışı güclü gərginlik yaradan xətlər boyunca – ümumi planda vermək – bu gün dünyada baş verən hadisələrlə paralel yuvalarda yerləşdirmək məqsədini daşıyır. Azər hadisələri mürəkkəb təkamül burulğanına atmaqdan, oxucu üçün gözlənilməz gərginlik yaratmaqdan çəkinmir, onun yaratdığı tekst həmişə çölə – çöl dünyası ilə əlaqəyə (reaksiyaya) girməyə can atır, beləliklə, hadisənin mətndənkənar əlaqələri “Sarı Tağ” povestinin bu gün çox böyük maraqla oxunmasını şərtləndirir. Hər bir detal – üzdəki xal, xalla bağlı Qafurun nasının danışdığı hekayət..., uşaqlıq xatirələri, ata yurdu Sarı Tağın insanı dirildən qəmli görünüşü... bu gün baş verən dəhşətli, tükürpərdici olaylarla assosiativ əlaqədə deyil, onlarla canlı şəkildə bağlıdır. Keçmiş həm elə bil ki, artıq həyatdan ayrı düşünülən bir şeydir, həm də bu günün mənasını, baş verən olayların məğzini təşkil edir. Qafuru insanlara, konkret olaraq evində yaşadığı Türkiyə ermənisinə, digər insanlara humanist, insan kimi yanaşdığına görə şantaj edirlər, küçələr boyunca qürurla gəzən bu oğlanı dişlərinə vurub sınamaq, həm də sındırmaq istəyirlər. Küçənin ortasında təhqir edir, qorxudur, üstünə şər atırlar, daş-qalaq edir, söyür və döyürlər... Bütün bu hadisələr hələ məlum Ermənistan hadisələrindən əvvəlki dövrə təsadüf edir. Onlar Qafuru məğrur, alicənab olmasına, bir də etnik mənşəyinə görə həzm edə bilmirlər (türk də olsa... bu şəhərdə insanların çoxu qəliblərlə, yəni düşünmədən hərəkət edirlər), eyni şəkildə Türkiyədən köçüb gəlmiş Akopu da həqiqəti dediyinə, alicənab olduğuna görə adam yerinə qoymur, ürəklərində ona ən ağır cəzanı verirlər – sən erməni deyilsən (bu zaman düşünürlər, özü də acıqla, hirslə, hikkəylə, bu isə istər-istəməz aqressiya doğurmalıdır)! Bu cəhət – bir millətin öz içində daim çək-çevirdə olması, özü haqqında düşünməsi, özünü hamıdan təcrid etməsi və az qala bütün dünyaya sahiblik iddiasında olması – milli xəstəlikdir, bu hislərin, duyğuların, bu çalpaşıq düşüncələrin bir aydınlığa çıxma məqamı, təmizlənmə şansı yoxdu – məsələnin bütün mahiyyəti budur; ömrünün yarıdan çoxunu İstanbulun “Nakkaş tepesi” məhəlləsində keçirən, dünyaya baxışı burada formalaşan Akop könüldən bəslədiyi qızılgülləri kimsə dərəndə, qırıb-qoparanda üzünü çevirir ki, görməsin. Ancaq bütün ölkə (bəlkə də bütün dünya -!) qızılgül boynunu vurmağa müntəzir dayanan əli qılınclılarla doludur. Belə bir şəraitdə Akopun evinə kirayənişin kimi köçən, ata yurdu Sarı Tağı axşamlar seyr etmək üçün hər şeyindən keçməyə hazır olan Qafur gəlib bu mərəkənin düz ortasına düşür. Onu bu evə gətirən, “Armenpresdən daha operativ” olan Reginanın da qəribədir ilk arzusu bu gözəl gülləri qopartmaqdır. Dəfələrlə mütaliə etdiyimiz povest dönüşlərlə zəngindir – hər bir hadisə axıra kimi inkişaf etməyə sanki macal tapmır, onun cığırı ilə başqası gəlir, belə “nəfəs-nəfəslik” dramatik ovqat yaradır, ən sakit və sabit durum da içindən qaynayır, sonrakı olaya meydan, məkan kimi verilir, beləcə, hadisənin hadisəyə qucaq açması əsər boyu təsvir məkanının daim genişlənmə perspektivini doğurur, bir hadisə özü kimi yüzlərlə hadisənin əvəzindən çıxış edir, hadisənin daxilində ayrı-ayrı nüanslar və detalların yetişmə, baş vermə və “partlama” anı həyəcan kimi hiss edilir, Sakit addımlar və sürətli dönüş, hislərin, duyğuların aşıb-daşması, hər bir nəsnənin yuvasını tərk etməyə bütün varlığı ilə can atması gərginlik havasını bir az da kəskinləşdirir. Bu povestdə Azər Abdullanın nasir kimi ustalığı məncə digər əsərləri ilə müqayisədə daha görümlü və realdır. Ən zəif, işaran hislə ən kəskin, necə deyərlər, “şahə qalxan” ayrıntı arasındakı gərginlik amplitudası dramatizm balansını elə səviyyəyə gətirir ki, özündən nəsə uydurmağa, hadisələrin dalını düşünməyə, müəllifin təqdim etdiyi varianta alternativlər axtarmağa macal tapmırsan.
“Sarı Tağ”da cümlələr bir qayda olaraq uzundur, ancaq bu uzunluq müəyyən məqamları istisna etməklə, mürəkkəblik, fikrin anlaşılmaması problemini yaratmır. Bizə belə gəlir, povestin ilk cümləsi bu mənada uğurlu alınmamışdır. Diqqət yetirək: “Ötən yüzilliyin əllinci illərinin sonlarında Bakının “Kubinka” deyilən ərazisindəki ceyllərin hal-xasiyyətindəki bir çox cəhətlər necəydisə, həmin dövrdə oradan neçə-neçə dağlar, düzənlər, ovalıqlar aralı, dilləri və dinləri bir-birindən ayrı olan İrəvan şəhərində ermənilərin də əksəriyyətinin “Təpəbaşı” dedikləri (sonralar dəyişdirilib “Qond” olan) yerin cavanları da eləydi”. Cümlə təqribən anlaşıqlıdır. Ona görə təqribən ki, ilk cümlədə informasiya tam verilməlidir, heç bir dolaşıqlığı şərait yaratmamalıdır. Cümləni neçə dəfə oxusaq da fikrin oturduğu semantik yuvanın laxladığının şahidi oluruq. Cümlə uzandıqca, fikri bir sapa düzən “tel” nazildikcə məna zəifləyir, tam şəkildə ötürülmür. Bu cümlədə uzunluq fikrin sərrast verilməsinin deyil, onu qeyri-müəyyən lad üstünə gətirməyin ölçüsünə çevrilir. Beləliklə bu yolla məna təsbitlənmir, sadəcə onun “fonetik işartısı” artır, səslər, sözlər çoxalır, semantika dolğunlaşmır. Başqa bir cümlədə: ...“Yavrum” sözü bu həyətdə divar boyu sıralanıb səxavət və təvazökarcasına açaraq adamın üzünə dostcasına gülən ağappaq, qıpqırmızı qızılgüllər kimi Qafura doğma gəldi... Cümlədə, mənanın ifadəsində bir gecikmənin olması əlbəəl nəzərə çarpır. Bizə elə gəlir ki, yuxarıda adı çəkilən “işartıya” səbəb zəncirdə, söz sırasında hansısa vacib həlqənin olmamasındadır, son dərəcə vacib söz tapılmayıb. “...divar boyu sıralanıb səxavət və təvazökarcasına açaraq adamın üzünə dostcasına gülən ağappaq, qıpqırmızı qızılgüllər kimi...” sözləri dolğunluğun deyil, əks hadisənin – mənanın qırılıb, qırıntılara bölünüb itməsinin əlamətidir. Bircə söz – bir çimdik duz qədərində bircə söz yerinə oturmadığından cümlə süni görünür. Şeirdəki sözdən fərqli olaraq, nəsr sözü – söyləm necə deyərlər, qabığı soyulmağa meyllidir. Klassik ədəbiyyatdakı “niqab” obrazının altında məhz bu mətləb durur – niqab açılana qədər milyon verstlik yol qət edilir, uzun bir dövr ərzində şərqdə nəsr ənənəsinin olmaması, əslində bununla bağlıdır – enerji konsentrasiyası elə bir məqamda baş tutur ki, nəsr də, poeziya da bir nöqtədə birləşir – uzun müddət ərzində differensasiya getmir və buna ehtiyac qalmır. Əslində, Füzulinin divanı, Nizaminin “Xəmsə”si həm də nəsrdir, “Leyli və Məcnun” həm də o dövrün romanıdır, janrlararası keçid ani və sürəklidir, bir janrın daxilindəki janr sferaları (və keçidləri-!) müstəqilləşməyib, roman həm də poemadır, Mövlananın “Divan”ı, janr qarışıqlığının parlaq nümunəsidir.
Povestdən yuxarıda verdiyimiz misalda semantik qüsur nələrə səbəb olur – cümləni bir də oxuyaq – şəkil və məna birləşərək (o nöqtəyə qədər ki, bu şəkil və məna qalmasın-!) ətrafına kölgə salır, bütün cümlənin ətrafa düşən kölgəsi mənanın tam şəkildə, boyaboy görünməsinə mane olur. Semantik uçurum yaranır – bütün bunlar əhvalatların tam şəkildə calanmasına, mənaların qovuşaraq tamı formalaşdırmasına mane olur. Müəllif şüuraltında, bəzən də açıq-aşkar, bundan xəbərdarmış kimi axıra kimi çarpışır, əsəri, mətləbi xilas etmək istəyir. Nələrəsə nail olur, nələrəsə gücü çatmır.
Yuxarıda qeyd etdik ki, Azər Abdulla aydın məkan görüntüsü yaratmağın ustasıdır. Adicə “filan şey filan yerdə yerləşirdi” deyimini sərrast şəkildə - ideal formada işlədir. Məkandan məkana keçid, hadisə zəncirinin həlqə-həlqə uzanması hiss edilmir, çox qüsursuz bir mənzərə yaranır. Povestdə Türkiyədən gəlmiş axbarların hazırladıqları kofe qonaqlığı mərasimini xatırlayın. Kiçik pasajda, keçidlər arasında “işıq zolaqları” görünür.
“...Akopun həyətinə girəndə Qafurun üzünün işıqlanması Reginanın gözündən yayınmadı...”
Azər Abdullada mətnaltına işləyən kontekstin zəifliyi göz qabağındadır. Qafurun daxili nitqi tamam başqa və fərqli lad üstündə işlənməliydi. Məkan təsvirindəki uzun cümlələr daxili nitqə keçir və nizam (ritm) pozulur. İnsanın öz daxilində çək-çeviri ilan qıvrılmasına oxşasa da adətən bu dəhşətli sıxıntını qısa cümlələrlə vermək daha münasib sayılır.- Yekə adamsız, nə qədər demişəm, öz diliniz yoxdur?! Qonşular eşidər, ayıbdır. Nə qədər ki, bu murdar dildə danışacaqsınız, güllərin toxumunu İstanbuldan gətirmişik, - deyəcəksiniz. Haçan bunlara son qoyacaqsınız. Bu gündən məktəbə getməyəcəm...Körpəliyini İstanbulda yaşamış uşaq, milli ədavətin üzdə olan bəlirtilərini yaşayır, hər şeyi onlarla bağlayır. Uşağın düşdüyü mühit təlqin edir ki, millətin böyüyüb-artması, azadlığa çıxması üçün qalın bir sədd var – hər şeyi o törədir, birbaşa baiskar olmasa da! Atası bu gülləri sevgiylə əkib-becərib. Ümumi psixoloji halət hələ qatılaşmayıb, hadisələr kortəbii şəkildə cərəyan edir.Ata: belələrinə gavur demişlər...Uşaq: qonşular eşidər, ayıbdır, nə qədər bu murdar dildə danışacaqsınız, sizin alma, ərik, bütün ağaclarınız da kəsiləcək...Gülləri təkcə ona görə qoparmırlar ki, toxumları İstanbuldan gətirilib. Həm də ona görə onların başını vururlar ki, gözəldirlər, allahdan savayı pənahları yoxdu... Gözəlliyə qəsd kütləvi psixoz yaradır, ağıl çaşır, səbəbi mütləq şəkildə özündə yox, başqa yerdə axtarmalı və tapmalısan. O, orada olmasa belə! Düşmən obrazı yaratma stixiyası sürətlənir, qarşısıalınmaz prosesə dönür...
