Reklam verin!

SÖZ VAXTI

Bir söz söylə, bu dünyadan olmasın...

İyun 22, 2008 18:24

  AZƏR ABDULLANIN “SARI TAĞ” POVESTİ: JANR TƏFƏKKÜRÜ VƏ JANR MƏNTİQİ

      Yazıçı Azər Abdullanın hekayə və povestlərini həmişə maraqla izləyirəm. Hər dəfə bu və ya digər nəsr əsəri çap ediləndə diqqətlə oxuyur, bu yazıçının mənə bəlli olan manerasında hər hansı dəyişikliyin olub-olmadığını öyrənmək istəyirəm. Azər bəyin hadisələri çözmək, təsvir etmək, müxtəlif süjet dolanbaclarından keçirmək stixiyası mənə maraqlı gəlir. Azər Abdulla janrın sərhədləri içində hansı hadisənin necə baş verməsi, inkişaf etməsi və başa çatma məntiqini məkan amili ilə sıx surətdə bağlaya bilir – yəni, onun cızdığı “janr dairəsində”, konturları apaydın olan bu məkanın içində hər bir əşyanın yeri, harada, hansı nöqtədə olması, hansı surətlə yerindən tərpənməsi ölçü-biçi daxilindədir.

Davamı...
İyun 21, 2008 16:48

  Tofiq Abdinə məhəbbətlə...

Bu gün “Ədalət” qəzetində şair Tofiq Abdinin “Tənqidçidən insafsız ittihamlar” yazısı çap edilib. Tofiq bəyin yazısında əsas məqam odur ki, mən niyə bəzi istedadlı şairləri görmürəm.

Mən bu suala cavab vermədən yazını diqqətinizə çatdırmaq istərdim:

 
Davamı...
İyun 21, 2008 13:37

  Rolan Bart: Müəllifin Ölümü

Balzak «Sarrazin» novellasında qadın paltarı geyinmiş xədim kişi haqqında danışarkən belə bir cümlə işlədir: «O elə əsl qadın idi, qəfildən baş qaldıran qorxu hissi, anlaşılmaz şıltaqlıqları, instinktiv həyəcanları, səbəbsiz qabalığı, hərisliyi və bir də füsunkar, incə hissləri ilə birgə…» Bu sözləri deyən kimdi belə? Bəlkə qadın libası altında xədimi sezməməyə çalışan novella qəhrəmanı? Ya bəlkə öz şəxsi təcrübəsindən qadın haqqında fikir yürüdən Balzak – fərd? Yaxud qadın naturası barədə hökm sürən ədəbi təsəvvürləri izləyən yazıçı Balzak? Bəlkə ümumbəşəri hikmətdi bu? Kim bilir?! Romantik psixoloji ovqatın təzahürüdürmü bu? Nədirsə, biz onu heç vədə bilə bilməyəcəyik, belə bir səbəbdən ki, məhz adına yazı dediyimizdə səs, mənbə, məxəz barədə hər cür anlayış, sadəcə gömülür! Yazı – qeyri-müəyyənliyin, qeyri-yekcinsliyin, ikimənalılığın elə bir məkanıdır ki, burada bizim subyektivliyimizin izləri yox olur. Bu, elə bir ağ-qara labirintidir ki, hər cür özünəbənzərlik və ilk növbədə yazan adamın cismani nişanəsi itib gedir.

roland barthes

Davamı...
İyun 17, 2008 14:07

  Rolan Bart: Yazının sıfır həddi (Iİ hissə)

Üslub peşə kimi

Valeridən Kollej dö Fransda oxuduğu mühazirələri nəyə görə çap etdirməməsini soruşanda cavab vermişdi ki, «formanın dəyəri çox böyükdür». Bununla bərabər, burjua ədəbiyyatının bütün təntənəsi dövründə formanın dəyəri demək olar ki, orada əksinə tapan məna ilə bərabərləşmişdi; görünür, elə o dövrlərdə də forma kompozisiyası, onun səslənməsinin qayğısına qalırdılar və bundan ğaşqa forma çox da dəyərli və ya önəmli sayılmırdı, çünki yazıçı ondan mexanizmlərinin yenilənmə sınağına məruz qalmadan demək olar ki, bakirə formada nəsildən nəsilə ötürüldüyü hazır bir alət kimi istifadə edirdi; formanın sahibi yox idi; klassik dilin universallığı məhz dilin hamı üçün ümumi səciyyə daşımasından irəli gəlirdi; fərqlənən isə yalnız yazıçıların təfəkkürü idi. Demək olar ki, bütün bu dövr ərzində formanın yalnız istehlak dəyəri var idi. Bununla belə, bildiyimiz kimi, təqribən 1850-ci ildə  Ədəbiyyat özünün varlığını bir növ sübut etmək imtahanı qarşısında qalmalı oldu: ədəbiyyat özü üçün müxtəlif alibilər axtarmaq yoluna qoşdu; və məhz yazının şübhə kölgəsinə toxunmasına görə bir sıra yazıçılar peyda oldu ki, yazının istehlak dəyərinin yerinə onun dünyaya gəlməsi üçün sərf edilən əməyin dəyərini qoymaqla ədəbi ənənənin davam etdirilməsinə görə məsuliyyəti öz üzərlərinə götürməyə başladılar. Onlar yazını onun missiyasına görə deyil, ona dəyər verən əməyə görə xilsa etmək qərarına gəldilər. Nə zamansa özünün əfsanəvi qəsrinə sığınan, peşəkar kimi emalatxanasında səhərdən axşama kimi tərt töküb işləyən, zərgərin ona verilən məmulatı sənət əsərinə çevirdiyi kimi forma üzərində çalışan yazıçı obrazı yarandı. O, günlər keçdikcə tək-tənha özünü bu işə sərf edir, saatlarla əlini işdən ayırmır: Qotye və Jid kimi belə yazıçılar Fransız Ədəbiyyatında məxsusi peşəkar sex yaratdılar, burada forma üzərində işin özüelə korporasiyaya məxsus olmağın bir aləmətidir. Əsərə çəkilən zəhmətin dəyəri qismən onun bətnində ifadə olunan dühanın dəyərini əvəz edir;  forma üzərində ağır əməklərini dilə gətirib lovğalanan yazıçıların sözlərində bir az naz-qəmzə də vardır; bəzən üslubun özünün lakonikliyi, hər halda mahiyyətcə Barokko dövrünün incəlik və həssaslığından mahiyyətcə fərqlənən məxsusi hissi kəskinliyin əlaməti kimi anlaşılırdı. Barokko həssaslığı Təbiəti dərk etmək lüzumundan yaranmışdı, bu isə öz növbəsində dilin bütün resurslarından bəhrələnməyi tələb edirdi; yeni yazıçıların axtarışları isə aristokratik ədəbi üslubun işlənməsinə yönəlmişdi və köhnəlmiş ədəbi dilin təkcə estetik dəlillər üçün kifayət etmədiyi şərtiliyinə bəraət qazandırıldığı dövrdədə yaranmış tarixə böhrana şəhadət verirdi başqa sözlərlə desək, bu zaman yazıçının sosial missiyası ilə ona Ənənəndən miras qalanalət arasında münaqişə yaranmışdı.

 barthes

Davamı...
İyun 17, 2008 14:06

  Rolan Bart: Yazının sıfır həddi (I hissə)

Məlumdur ki, dil eyni bir epoxanın yazıçıları üçün ümumi olan pinsip və vərdişlərin məcmusunu əks etdirir. Bu o deməkdir ki, dil öz təbiətinə uyğun olaraq, yazıçının sözünə daxildən sirayət edir və bu zaman ona heç bir forma vermir və hətta onu qidalandırmır da: bu, məlum həqiqətlərin abstrakt dairəsinə bənzəyir; yalnız bu dairədən kənarda eyni yazıçı sözünün özünəməxsusluğunun haləsi yaranmağa başlayır. Dil yerlə göyün birləşdiyi düz xətt kimi bütün ədəbiyyat sferasını əhatələyir, insanın adət etdiyi, gözünün öyrəşdiyi hədləri təsvir edir, göstərir. Dil material ehtiyatından çox, bir üfüqdür, yəni eyni zamanda həm ərazi, həm də onun sərhəddləridir, bir sözlə, özünü inamlı, doğma hesab etdiyin dil məkanının torpaqlarıdır. Yazıçı sözün birbaşa mənasında dildən heç nə götürmür; ancaq dil onun üçün elə bir maneədir ki, bunu dəf etdikdə sözün təbiətüstü keyfiyəti açılır; dil hərəkət etmək üçün əvvəlcədən hazırlanmış bir meydandır, mövcud imkanların eyni zamanda həm məhdudiyyəti, həm də geniş diapazonudur. Dil insanın üzərinə ictimai öhdəlik götürdüyü bir sferadır, bu, seçim imkanı qoymayan bir refleksdir, təkcə yazıçının yox, bütün insanların bölünməyən mülküdür; o, insanın seçiminə görə yox, öz təbiətinə görə ictimai predmetdir. Heç bir yazıçıya öz azadlığını maneəsiz olaraq dilə təlqin etmək imkanı verilməyib, çünki dilin çiyinlərində bütün TARİX yükü daşınır – fasiləsiz olaraq.

 bart

Davamı...
İyun 16, 2008 16:02

  Fernando Pessoa. Adsız şeir

Dişlərimi topağa batırıb
Torpağın dadını bilsəydim əgər
Heç olmasa
                  bir anlığa xoşbəxt olardım…
Əbədi xoşbəxt
                 olmaq istəmirəm ancaq…
Bədbəxt olmaq gərək hərbənbir
                 özün olmaq,
Öz içində bardaş qurub 
              dualar etmək üçün.
Günəş də hər gün işıq saçmır axı
            yağışa həsrət torpaq da  
                 cadar-cadar dodağıyla                                 
 göylərə yalvarır bir gün…
Buna görə mən           
 bədbəxtliyi xoşbəxtlik kimi,  
                      tale kimi      
                             bağrıma basıram… 
                       yamyaşıl otun üstündəki şeh           
qulağına deyilən ilahi sözdən titrəyir,
                                   ay qız…Nə fərqi var –     
       xoşbəxtsən,  
                      ya bədbəxt bu gün –
            içində bardaş qurduğun tək qal – 
                       sakitcə, kirimiş…
Görmək kimi hiss etmək,
Nəfəs almaq tək düşünmək gərək.
Ölümün gələndə
            xatırla ki,
                        gün də ölür beləcə, 
             necə gözəldir qürubonun ətəklərindən tutub gedən gecə də eləcə…
Dünya necə var,
            qoy eləcə də qalsın, 
                       bircə dənəm…
 razluka
İyun 16, 2008 15:52

  ÖZÜNƏQAYIDIŞ

      Vaxtilə V.Korotiç Taras Şevçenkonun ölümünə həsr etdiyi şeirində yazırdı:

                           O, uzun bir ömür yaşadı,
                          Qırx yeddisində öldü.

      Portuqal şairi Fernando Pessoa da həyatla bu yaşda vidalaşmışdı, hardasa yazılmışdı ki, şair üçün, xüsusən də Avropa şairi üçün bu, böyük bir yaş həddidir. Əgər onun Həyatını günlərin, ayların, illərin konkret miqdarı ilə yox, onun son nəticəsinin – dünyada mövcudluğunun demək olar yarım əsrlik bir dövründə edə bildikləriylə təsəvvürə gətirsək, cəsarətlə demək olar ki, Pessoa çox uzun bir ömür yaşadı. Pessoa yaradıcılığının ən müxtəlif təmayüllü, ən müxtəlif səviyyəli araşdırıcıları indiyə qədər də onun yaradıcılıq dühasının əsas xassəsini açıb ifadə etməkdə çətinlik çəkirlər. Çünki sözün açığı, haqqında danışacağımız Fernando Pessoa bir bütöv şair olsa da, bir bütöv şəxsiyyət deyildir – haçalanan, atom kimi bölünüb çoxalan bir təbiət hadisəsidir ki, bitmək, tükənmək bilmir, üzü sonsuza doğru davam edir.

 pessoa

Davamı...
İyun 16, 2008 13:19

  JANR MÜNASİBƏTLƏRİ

      İnsan, varlıq və dünyanın gerçək mahiyyəti haqqında həqiqət məlumdur ki, müxtəlif ədəbi janrlar vasitəsilə ifadə edilir. Hər janrın özünəməxsus yaddaşı, spesifikası, məxsusi dünyası vardır. Hər bir janr ayrılıqda götürüldükdə İnsan və dünyanın mahiyyətinin dərkində bir pillə, bir vasitədir. Bu mənada müxtəlif ədəbi növ və janrlar arasında da Çin səddi çəkmək; «spesifik» anlayışı altında olanları bir-birlərinə yadlaşdırmaq lazım deyildir. Belə bir tezisi əsas götürüb, məsələn, M.F.Axundovun «Hacı Qara» komediyasını bir-bir roman kimi də oxumaq olar. Yaxud Mirzə Cəlilin «Dəli yığıncağı»nı poema kimi «oxumaq» da müşkül məsələ deyildir. Əvvəla, bu iki söz – drama və poema etimoloji cəhətdən «etmək» felinin mənasına uyğun gəlir.

Davamı...
İyun 12, 2008 19:28

  QARANLIĞIN IŞIĞI

Getdi, gəlməz bahar yeli.
Mahnılar yarıda qaldı.
Bütün baxçalar kilidli,
Açarlar tanrıda qaldı.
Gəldi çatdı, ölüm demək,
Nə bir meyvə, nə bir çiçək
Yanır günəşdə bir pətək,
Bütün bal arıda qaldı… 
      (Cahit Sıtqı Tarançı).
bird in flight
Davamı...
İyun 10, 2008 16:28

  PIS ƏSƏRLƏR HAQQINDA KƏSKIN DANIŞMAĞIN ÖZÜ NADANLIQDIR

Cavanşir bəy, tənqidin indiki durumu haqqında nə deyə bilərsiniz? Bu durumda tənqidçilərin üzərinə hansı məsuliyyət düşür?

- Bu gün ədəbi tənqid anlayışının özü yayğındır. Bunun əyani nümunəsi kimi ortada olan tənqidi əsərlərə və kimlərə tənqidçi deyilməsinə bir balaca diqqət yetirmək lazımdır. Ədəbi prosesdə canlanma bəzi adamların düşündüyü kimi sadəcə aranı qatmaqla, ortaya təhrikçi suallar və epizodlar qatmaqla yaranmır. Yaxud əksinə, yüz minlərlə tənqidçinin güc, enerji sərf edib kimdənsə yazıçı, şair yapmaq yönündə çabaları əvvəl-axır uğursuzluğa məhkumdur. Deməli, yazılan, meydana gələn əsərdən – bədii mətndən necə yazmaq, hansı dərərcədə obyektiv olmaqdan, daha çox – bədii mətnin dərin qatlarında gizlənən perspektivi görməkdən asılıdır. Bu mənada götürdükdə bizdə tənqidin indiki durumu çox ağlamalıdır. Hələ təxminən on il əvvəl “Tənqidin ölümü” məqaləsində bu tipli mətləblərə toxunmağa çalışmışdım. Aradan keçən illər ərzində ədəbi tənqid sahəsində vəziyyət bir az da ağırlaşdı. Məsələ tənqidçilərin sayının azlığında və ya çoxluğunda, yaxud tənqidin zaman-zaman yaranan bədii mətnlərə adekvat reaksiyasından da asılı deyildir. Məncə, bir şeyi qabaqcadan lazımı şərt kimi qəbul etmək lazımdır: tənqid sırf sosioloji mahiyyətdə deyil, onun yerinə yetirdiyi iş həm də adicə bədii mətnin yerinə yetirməli olduğu funksiyadan doğur. Məsələnin bütün məğzi və bu ğün insanları çaş-baş salan cəhətlər də məhz bu məqamdadır. Adətən deyirlər: tənqid söz haqqında sözdür. Yaxud: tənqid bədii əsərin təfəkkürüdür. Və sair və ilaxır. Həm də: tənqid nəğd olan (“nəğdi-ədəbi”) şeydir. Diqqətinizi belə bir mülahizəyə yönəltmək istərdim: … sözün sehrindən, ovsunundan bol-bol dəm vuranlar çox zaman bədii əsərin “cismindən”, əski terminologiya ilə desək, “ləfz”indən, “surət”indən danışırlar, “məna” (məni) isə bu ətrafda gəzişmələrin içində itib-batır, əl dəyməmiş qalır. (Məsiağa Məhəmmədi. “Can – Sözdür, yaxud Sözün Canı” məqaləsi). Milli tənqidin keçdiyi yolu qiymətləndirərkən bu məqamı hökmən nəzərə almaq lazımdır. Ramiz Rövşənin şeirləri çap edilər-edilməz onların üstündə nə qədər şaxsey-vaxsey gedildi, saymasaq da, hər halda onlardan biri çoxlarının yadındadır. Gənc və perspektivli tənqidçi bu şeirləri özlüyündə təhlil edir və pik məqamına yetişəndə artıq özünü saxlaya bilmir: ay ata, məni niyə əkdin, ay ana, məni niyə doğdun… Vaqif Səmədoğlunun şeirləri üstündə nə qədər nağıllar, tənqid adına mənsur şeirlər yazılıb?!
Bəzi şəxslər tənqidin funksiyasından bəhs edərkən bütün diqqəti onun müəllimlik cəhətinə yönəldir. Bu da ən dolaşıq və səhv tendensiyalardan biridir. Bizdə sovet dövründən üzü bəri nə qədər makarenkolar yetişmiş, ancaq indi onların heç birinin istinad edilməli fikri qalmayıb. Dəhşətli olan budur.
Sonra. Tənqidçinin kimliyi onun bədii mətnə münasibətindən bəllənir. Müasir ədəbiyyatdan yazmaq hələ tənqidçi olmaq anlamına gəlmir. İndi müasir ədəbiyyatı necə deyərlər, hədəfə götürüb “qurdunu öldürən” adamların, qələm çalan fiqurların heç biri tənqidçi deyildir. “Yarımçıq əlyazma” romanı haqqında yazılan məqalələri bir yerə yığıb diqqət yeririn, onların böyük əksəriyyətində əsas cəhət nədir? – insanlar qızıl kimi fürsət əldə edibmiş kimi, darısqal resenziya məkanında öz biliklərini, lüğət, ensiklopediya, sorğu kitabından axıb gələn məlumatları nümayiş etdirir, oxucunu, özü də professional oxucunu xam bilib “paradiqma”, “mətn içində mətn”, “intertekst”… və sair bu qəbildən olan anlayışlar ətrafında heç zaman bitməyən uşaq nağıllarına başlayırlar. Yaxud, yaxın günlərdə, yenə də gənc və perspektivli filosoflardan biri Ruminin xalis postmodernist olmasından bəhs edən, ancaq qayəsi, şübhəsiz ki, özünə də bəlli olmayan predmetsiz bir yazı oxudum. Bir nəfər öz rəyində qeyd edirdi ki, insan axmaqlıqlarının həddi-hüdudu yoxmuş…

Davamı...


Yazılar cəmi: 13    Sonrakı səhifə »


© 2008 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com